Qol-boyun olub uzanan yollara, sonra qarşımda yanaşı oturan, dalğın-dalğın pəncərədən ətrafa boylanan ana-balaya baxıram. Bu yol bizi Cəbrayıla aparır.
Cəbrayıla üçüncü səfərimdir. İlk gedişimi xatırlayıram. Həyəcanlı, gözləri alacalanmış, havalı kimiydim. Ətrafdakıların suallarına mexaniki cavab verirdim. Gözüm baxan hər yerdən tanış mənzərə, nişanə axtarırdım. İndiki səfərdə isə artıq xeyli təcrübəli idim. Hərçənd səfərimizin sonunda üçüncü dəfə evimizə gedəndə, bu təcrübə harasa yoxa çıxdı. Gah ürəyində arzuları, düşüncələrində xəyalları yenicə boy atan on üç yaşlı qız, gah da məhv olan keçmişinə, uşaqlığına baxıb, tez-tez “niyə belə oldu?” sualını pıçıldayan yetkin qadın oldum.
Bugünkü səfərimiz isə olduqca ağır, hüznlü idi. Bu dəfə Cəbrayıla 1993-cü il Cəbrayılın işğalından 9 gün əvvəl şəhid olan Fətullayev Nurəddin Məhəmmədəli oğlunun məzarını ziyarət etmək üçün yollanırdıq.
Nurəddinin anası Göhər xanımla, bacısı Aytən və qardaşı Niyaməddinlə birlikdə…
Nurəddin 1973-cü il iyunun 30-da Cəbrayıl rayonunda anadan olmuş, Birinci Qarabağ müharibəsi başlanan kimi cəbhəyə yollanmışdı. Sur döyüşlərində şəhid olan Nurəddinin nəşi anasının israrı ilə Cəbrayıl rayon məzarlığında dəfn edilmişdi. Rayon mərkəzi ermənilər tərəfindən davamlı atəşə tutulduğundan Nurəddin gecə saat on ikidə dəfn edilmişdi. Göhər xala deyir ki, qohum-əqrəba nə illah elədisə, Nurəddini kəndlərin birində dəfn edək, qoymadım. Dedim, lampa işığında da olsa, onu dədə-baba qəbiristanlığında basdıracağıq.
15 avqust 1993-cü ildə, maşın faralarının zəif işığı altında Nurəddin dəfn olunur.
Yolboyu Aytən qardaşı haqqında danışır, anasının yadında qalmayanları da xatırlayıb bizə nəql edirdi. Qardaşının torpağını, məzarını görməyə getdiyi üçün sevindiyi qədər, həm də 9 il əvvəl dünyasını dəyişən atasının bu günü görə bilmədiyi üçün məyus olurdu:
– Atam bu günü görmədi. O, dünyasını dəyişəndə, evdə onun yanında bircə mən idim. Qardaşım həkim ardınca, anam da aptekə getmişdi. Atam yarıaçıq gözlərlə mənə baxırdı. Hiss edirdim ki, nəsə istəyir, amma deyə bilmir. Sonra o, baxışlarını məndən yayındırıb Nurunun divara vurulan şəklinə baxdı. Onda anladım ki, o, Nuru ilə vidalaşmaq istəyir. Divardakı şəkli açıb onun sinəsinə qoydum. Əllərini çarpazladı, şəkli qucaqladı. Gördüm atamın gözlərindən iki damla yaş axıb boynuna düşdü. Elə şəkli papamın sinəsinin üstünə qoyandan sonra canını tapşırdı.
Bu cür iztiraba məruz qalan atanın bəlkə son vəsiyyəti olub deyə maraqlanıram.
– Evimizdə atama hamıdan yaxın mən olmuşam. O, məni özünə həm oğul, həm qız bilirdi. Mən də onu çox istəmişəm. Bəlkə də bu simsarlıqdan irəli gəlirdi, ya bilirdi ki, mən inadkar adamam, nə olur-olsun onun dediyini edəcəm.
Nurudan bizə onun iki köynəyi qalmışdı. Biz onu Cəbrayıldan düz Bakıya qədər neçə mənzil dəyişə-dəyişə gətirdik. Ölümündən bir neçə gün əvvəl atam məni yanına çağırıb yavaşca, pıçıltıyla dedi: “Tapşırarsan, molla kəfəndən əvvəl mənə o, köynəyi geyindirsin. O dünyaya, balamın köynəyində getmək istəyirəm. Bunu etməsən, o dünyaya yanıma üzüqara gələrsən”.
Gözündə yaş, sinəsində oğlunun şəkli, ürəyində də onun dərdi ilə dünyadan köçən Məhəmmədəli kişinin vəsiyyətini molla yerinə yetirir. Deyir, şəhidə heç bir sorğu-sual yoxdur. Onunla bağlı arzu istək yerinə yetirilməlidir.
Məhəmmədəli kişi bu dünyadan iyirmi yaşlı oğlunun köynəyi ilə köçür. Qardaş dərdindən sonra illər əvvəl on dörd yaşında oğlunu itirən Aytənin dərdinin üstünə bir də ata dərdi gəlir. İndi bu dərdli qadın yolboyu ürəyini didikləyən bu qədər hüznlü xatirələri yada salıb ağlamasın, neyləsin? Məgər insanın ən böyük dostu da, düşməni də gözünün yaşı deyilmi?
Məsafə azaldıqca, Cəbrayıla yaxınlaşdıqca, bayaqdan deyə-gülə gələn hər kəs susqunlaşır. Şükürbəyli kəndini ötüb keçirik. Aytənin pəncərədən kənd ətrafına baxan baxışlarından damla-damla yaş süzülməyə başlayır. Göhər ana kələ-kötür, işləməkdən qabar olmuş əlləri ilə üzünü tutub için-için ağlamağa başlayır. Niyaməddin susur. Pəncərənin şüşəsini endirib səssizcə siqaret çəkir.
Aytəni fikirdən telefonuna gələn mesaj ayırır. Mesajı oxuyur, sonra mənə göstərir. Ekrandan gözəl, ağsifət, qadın şəkli boylanır. Yanağında iki damla yaş parıldayır. Şəklin altında gözüm bu sözləri tutur. “Sağ-salamat gedin. Ona deyiləcək o qədər sözüm var ki…”
Qəribə taleli, ömrü yarımçıq, yaraşıqlı Nurəddin orta məktəbdə oxuyanda sinif yoldaşı ilə biri-birilərini sevirlər. Nurəddin məktəbi bitirib Gəncəyə təhsilini davam etdirmək üçün gələndə ailəsi onun sevdiyi qızı başqasına verir. Dillərə dastan olan sevgi bu xəyanətdən qırılır, yarımçıq qalır. Sonralar Nurəddin Gəncədə məhsəti türkü olan bir başqa qızla tanış olur, ona bağlanır. Amma nə o Elnurəni unudur, nə də Elnurə onu…
İndi iyirmi səkkiz ildən sonra ürəyində deyiləcək çoxlu sözü, yanında qızı və nəvələri olan bu qadın sevgilisinin məzarına gedə bilməməyin xiffətini çəkir, göz yaşı töküb vaysınır.
Aytən qardaşının sevdiyi qızla bir az mesajlaşandan sonra sanki toxtayıb danışır:
– Nurəddin şəhid olan gün Elnurənin bir qızı olur. Bu xəbəri heç kim ona verməyə cürət etmir, Elnurə Nurunun ölümü bir həftədən sonra bilir. Əli heç yerə çatmır. Qızına mənim adımı qoyur. Sonralar mənə deyirdi ki, hər dəfə qızıma Aytən deyəndə elə bilirəm, Nurunu çağırıram.
Sonra Elnurə ilə əlaqə qururuq. Göz yaşları içərisində keçmişini, yeniyetməlik, gənclik illərini və nəhayət Nurəddini xatırlayır:
“Mən çox tez ailə qurdum. Ana olana qədər Nurəddinin şəhid olma xəbərini bilmədim. Yəni haradasa üç il məlumatsız qaldım. Ailəmdə qısqanclıq olduğundan mən də Nurəddin haqqında çox maraqlana bilmirdim. Amma arada imkan tapan kimi bacılarımdan, anamda soruşurdum ki, Nurəddin hanı, niyə ondan bir xəbər yoxdur? Həmişə hiss edirdim ki, məni yayındırırlar, gah deyirlər yəqin Gəncədədir, gah da müharibədə olduğunu söyləyirdilər.
Bir gün anam mənə dedi ki, sənə bir deyim. Sən bunu onsuz da nə vaxtsa, kimdənsə eşidəcəksən. Ondansa, elə məndən eşit. Biz rayondan çıxan günü Nurəddin şəhid oldu. Biz onu rayonda dəfn edib gəldik. Bu xəbər mənə çox pis təsir etdi. Sonralar mən xarici ölkəyə köçdüm, orada yaşadım. Ordan-burdan ölümünün təfərrüatlarını öyrəndim. İnan ki, onun ölümü mənə çox pis təsir elədi. Bu günə qədər də nə mən onun özünü, nə də şəhid olma xəbərinin məndə yaratdığı əhvalı unuda bilmirəm”.
Öz-özümə düşünürəm. İlahi, 28 il və həyatda olmayan bir insanı sevmək, onu unutmamaq, ondan qopmamaq, onun qəbrini görməyi arzulamaq görəsən necə olur?
Təxminən beş dəqiqədən sonra Niyaməddinin işərəsi ilə məzarlığın yaxınlığında maşınlardan düşürük. Niyaməddin hamıdan irəli düşür. Diqqətlə ona baxıram, bəlkə haranısa axtardı, qəbirlərin arasını gəzdi deyə. Ancaq o, dayanmadan gedir, bir qəbrin yanında ayaq saxlayıb dayanır. Tərpənmir. Aytənin hönkürtüsünə diksinirəm. Həyəcanlı olduğunu görürəm. Yadıma Orxan Məmmədlinin “Samirə xanım, gediş icazəsi təsdiqləndi, ailə getməyə hazırdırmı?” sualı düşür. Əslində həmin vaxt Aytənə hazırsanmı sualını verə bilməzdim. Hansısa mənfi söz bizi səfərdən saxlaya bilərdi. Ona görə də onun yerinə Orxan Məmmədliyə özüm cavab verib, hazır olduqlarını demişdim. İndi həmin sözlərin məsuliyyətini düşünürəm. Aytəni saxlayıram.
– Dayan, belə olmaz. Bir az toxta, uzaqdan bax, hazırlaş. Onsuz da çatmışıq, indi məzarın yanına gedəcəksən. Ürəyin istədiyin qədər təmkinlə ağlayıb, sakitləşərsən.
Aytən sözlərimi dinləyir, sakitləşməyə çalışır. Ancaq göz yaşları dinmir. Bulaq kimi üz-gözünü isladır. Onun qoluna girirəm, yavaş-yavaş məzara tərəf aparıram. Məzara çatmağa az qalmış qolumdan çıxıb özünü 28 illik həsrətinin üstünə atır.
Üç ildən xeyli vaxtdır şəhid ailələri ilə görüşən, onların hər dərdini səbirlə, dözümlə dinləyib yazan biri kimi mən bu dəfə Aytənin ah-naləsinə dözə bilmirəm.
– Gəldim, ay Nuru, gəldim! Körpə balam, illərlə bizi gözlədin. Gələ bilmədik ay Nuru, gələ bilmədik! Atam sənin bir köynəyinlə bu dünyadan getdi ay Nuru, ay Nuru…
Ömrü boyu əziyyətdə olan, müharibənin ən qızğın vaxtlarında belə tibb bacısı işləyən, cəbhədən gətirilən əsgərlərin yaralarına məlhəm olan qazi Göhər ana 28 ildən sonra balasının məzarı başında dayanır. Oğlunu körpə uşaq kimi bayatılayıb, ağlayan ananın səsi içi mən qarışıq hamımızı ağladır:
Dağlar başı ala qar,
Ala çiskin, ala qar,
Sən yadıma düşəndə,
Başımda saçım ağlar
İyirmi yaşlı körpə balam laylay.
Nuru balam can laylay.
Aytən əllləri ilə qardaşının məzarındakı torpağı xışmalayır, üz gözünə sürtür, başını qardaşının soyuq, hənirsiz məzarına qoyur, onu səsləyir. O, ehtiyatla məzarın baş tərəfini sığallayır. Elə bil torpağı yox, qardaşının üzünü oxşayıb, ona tumar çəkir. Göhər ana kənardakı bir daşın üstünə əyləşib astadan heysiz-heysiz inildəyir, amma Aytən susmur. Elə hey dil deyib ağlayır. Niyaməddin kənara qoyduğu beli götürüb məzarın ətrafını səliqəyə salır. Aytən tərəfə yaxınlaşanda, o, məzarın ortasına komaladığı torpağın üzərinə yatır:
– Buna dəymə, ay Niyaməddin, bu torpağı aparıb atamın qəbrinə tökəcəm.
Operatorumuz Ceyhunla köməkləşib onu yerdən qaldırırıq.
Niyaməddin məzarı səliqəyə salır. Dəmirdən hazırlatdığı çərçivəni məzarın baş tərəfində bərkidir. Az keçmir, Nurəddinin gülümsər, yaraşıqlı çöhrəsi torpağından boylanır. Sinəsi üzərinə sərilən üç rəngli bayraq asta-asta xışıldayır.
Nurəddini, uğrunda şəhid olduğu torpağına və bayrağına tapşırıb, onun doğulub boya-başa çatdığı evlərinə doğru gedirik. Elə məzarlıqdan on dəqiqəlik məsafədə yerləşən obada düşürük. Bir vaxtlar səsli-səmirli, toylu-büsatlı olan məhəllədə indi sadəcə küləklər vıyıldayır. 28 il əvvəl həyatla dolu olan evlər indi insansız, yarı uçuq xarabalığa çevrilir.
Həmin vaxt ən çox 28 ildir insan nəfəsinə, ləpirinə, sığalına möhtac qalan, yabanılaşan, adam boyuna qalxan tikanları, kol-kosu ilə yeni nəsil insanlarına cırmaq atan təbiətin görüntüsü məni məyus edir. Nə idi bizim, bu təbiətin, insanların günahı? Bütün bunları bizə niyə yaşatdılar? Bundan sonrası necə olacaq? Suallar düşüncələrimə dinclik vermir.
Aytən qardaşı ilə birgə evlərinə çatır. Həyətdəki nar ağaclarını, Nurəddinin otağını bizə göstərir. Sonra anası ilə Nurəddinin şəklini çandasından çıxarıb deyir:
Bax, bu şəkil həmin otaqda çəkilib. Nurəddin bu balaca otağı özünə düzəltmişdi. İndi Nurumun otağında ağaclar, kol-kos bitib. Axırıncı dəfə xəbər göndərmişdi ki, hamamı qızdırın, gəlib yuyunub qayıdacam. İnanırsan üç dəfə hamamı qızdırdıq, amma o, gəlmədi. Sən demə onda Nuru həyatda yox imiş…
Qardaş-bacı evlərini dörd dolanandan sonra Aytən həyətlərindəki nar ağaclarının budaqlarından qırıb özü ilə götürür. Maşınlara minib ərazidən uzaqlaşırıq. Cəbrayıldan çıxanda hava yavaş-yavaş qaralır. Qurban təpəsi üzərində üç rəngli daşlardan hörülmüş Azərbaycan xəritəsi isə daha əzəmətli, daha nəhəng görsənir.
Samirə Əşrəf