AVTOMOBIL

Ölkəmizdə avtomobil alıcıları hansı ölkədən gətirilən avtomobillərə üstünlük verir?

Baxış sayı: 687

Azərbaycanda avtomobil parkının köhnəlməsi, yaşı 10 ildən çox avtomobillərin ölkəyə daxil olmasına qoyulan qadağa, yollarda sürülən və istismar müddəti bitmiş avtomobillər fonunda Azərbaycan avtomobil bazarında olan vəziyyət yəqin ki, hamı üçün maraqlıdır. Azərbaycanda avtomobil alıcıları hansı avtomobillərə üstünlük verir? Bazarda hansı ölkələrin avtomobilləri var? Bu kimi suallara cavab tapmaq üçün “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyevə müraciət etdik.

Eyyub Əliyev bildirdi ki, ölkəmizin avtomobil bazarına daxil olan markaların sayı gündən günə artır. Əsasən də Çindən daxilolmalar daha çoxdur və sevindirici hallardan biridir ki, artıq Çin yox Avropanın da iki ölkəsindən əvvəllərdə ölkəmizdə fəaliyyət göstərən tanınmış markalar yenidən Azərbaycanda fəaliyyətə başlayıblar və hazırda davam etdirirlər. Ümumilikdə, bazarda vəziyyət yaxşıdır.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev qeyd etdi ki, hazırda yeni avtomobillərin qiymətində artım yoxdur. Əksinə elektirik və hibrid avtomobillərinin qiymətlərində ucuzlaşma müşahidə edilir.

“Gömrük rüsumunun və ƏDV-nin ləğvindən sonra həmin avtomobillərin qiymətləri ucuzlaşıb. İkinci əl avtomobillər, xüsusilə 10 ildən çox yaşı olan avtomobillərin ölkəyə buraxılmaması qərarından sonra “ikinci əl” avtomobillərinin qiymətində süni artım müşahidə olunub”-deyə Eyyub Əliyev vurğulayıb. Onun sözlərinə görə, avtomobil alıcıları əvvəllər daha çox köhnələrə üstünlük versələr də, hazırda yeni avtomobillərə olan güzəştlər, yeni avtomobillərin servis mərkəzlərinin inkişaf etməsi orada çalışan mütəxəssislərin sayının artması artıq vətəndaşlarımızın yeni avtomobillərə müraciət etməsinə gətirib çıxarıb.

Ekspertin sözlərinə görə, yeni avtomobillər həm də öz görünüşü, interyer və eksteryer baxımından cazibədar olması ilə müştəriləri özlərinə cəlb edə bilirlər.

“Biz artıq yeni avtomobillərə marağın daha çox olduğunu müşahidə edirik”-deyə Eyyub Əliyev vurğuladı.

“Azərbaycanda avtomobil alıcısı daha çox hansı ölkələrdən gətirilən avtomobillərə üstünlük verir?”sualının Eyyub Əliyev cavabında bildirib ki, Asiya regionundan gələn avtomobillərə maraq daha çoxdur.

“Sadəcə Çin deyil, Yaponiya avtomobilləri də, alıcılar tərəfindən üstünlük verilən avtomobillərdir. Ölkəmizdə adını çəkmədiyim yapon istehsalı marka neçə illərdir satışını qoruyur. Və təkcə Yaponiyanı da yox, bu istiqamətdə Koreya avtomobilini də siyahıda qeyd etmək lazımdır. Koreya brendlərinin də ölkəmizdə çox uğurla satışı həyata keçirilir. Mən xüsusi qeyd etmək istərdim ki, Çin avtomobillərinin qiymətləri və onların dizaynerləri onlara müştərilərin daha çox yönəlməsini təmin edib”-deyə Eyyub Əliyev qeyd etdi.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir