donuz qripi

Ölkəmizdə “donuz qripi” təhlükəsi varmı?

Baxış sayı: 1. 484

Dünyanı qrip virusu cənginə alıb. Konkret olaraq bir çox ölkələr bunun adını A (H1N1) “donuz qripi” qoymasalar da qrip virusunun yayıldığını etiraf edirlər.

Son günlərdə yayılan məlumatlara görə, Fransanın bütün regionlarını bürümüş qrip epidemiyasından 2018-ci ilin oktyabrından etibarən 1100 nəfər dünyasını dəyişib.

Təcili yardıma müraciət edən 12 min pasiyentdən 1800-ü artıq xəstəxanalara yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin 43%-i 75 yaşlı, 15%-i isə 5 yaşadək olan xəstələrdir. Səhiyyə Nazirliyi epidemiyanın pik həddə çatmadığını bildirib.

Son günlərin xəbərinə görə, qrip virusu Rusiyanın da artıq 43 regionunu bürüyüb. Xəstəliyin yayılması barədə son məlumatlar “Rospotrebnadzor”da səsləndirilib. Qurumun məlumatına görə, bu gün xəstəliyə yoluxanların sayının artması səbəbindən Samara vilayətində və Kirovda məktəblər bağlanıb, Şimali Osetiyada və Xantı-Mansiysk mahalında karantin müddəti daha bir həftə uzadılıb.

Bryanskın, Voronejin və Tomsk vilayətinin tibb və təhsil müəssisələrində xüsusi rejim tətbiq olunub. “Rospotrebnadzor”un başçısı Anna Popova bildirib ki, hazırda Rusiyanın bütün ərazisi üzrə 2,5 min məktəb və təxminən min uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumatlara əsasən, ötən həftə virus infeksiyaları və qrip ölkənin bir sıra regionlarını əhatə edib. Xəstəlik təkcə şimalda yayılmayıb. Belə ki, Stavropolda həkimə yardım üçün 7 mindən artıq insan müraciət edib. Bildirilir ki, Moskvada xəstəliyə yoluxma dərəcəsi hələ ki epidemiya həddindən təxminən 20 faiz aşağıdır.

Yunanıstanda da “donuz qripi” epidemiyası ilin əvvəlindən bəri 39 nəfərin həyatına son qoyub. İnformasiyanı Yunanıstanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi ictimailəşdirib.

Təkcə ötən həftə A (H1N1) virusu 20 nəfərin ölümünə səbəb olub. Bu xəstəliklə bağlı 200 nəfər xəstəxanaya yerləşdirilib. Onların bir çoxu reanimasiya şöbəsində ölümlə çarpışır.

Letal sonluq (ölüm) adətən peyvənd olunmamış insanlarda qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun məlumatına görə, qrip viruslarına yoluxma hallarının çoxalması Avropanın 26 ölkəsində qeydə alınıb.

Dünya üzrə ən böyük qrip epidemiyası Yaponiyada qeydə alınıb. Bu ölkədə son aylar ərzində 2,2 milyon nəfər qripə tutulub.

Ukraynada isə vəziyyət daha kritikdir. Epidemiya səbəbindən artıq Kiyevdə məktəblər və bağçalar bağlanıb.

Картинки по запросу donuz qripi

Azərbaycanda da “donuz qripi” adlandırılmasa belə, qrip virusu geniş yayılıb.  Rəsmi qurumlar bildirirlər ki, Azərbaycanda “donuz qripi” adlandırılan virus yoxdur. Lakin 1-ci kurs tələbəsi Nərdanə Tağızadənin, idmançı Xamis Məmmədovun “donuz qripi”ndən ölməsi ilə bağlı məlumatlar dolaşdı. Rəsmi qurumlar bu faktı təsdiq etmədilər.

Həkim Hüseyn Mehdiyev bildirir ki,  xəstəliyi gizlətmək sonradan problemlərə yol aça bilər:

“Avropa ölkələrində vəziyyət bu səviyyədədirsə, indiki MDB ölkələri arasında məntiqlə durum daha acınacaqlıdır. Çünki Avropada profilaktik tədbirlər, diaqnostika olunur. Son dövrlər MDB ölkələrində diaqnozlar bir qədər fərqli formada qoyulur. Hansısa xəstəlik aşkarlanan zaman belə, kimsə vəzifədən getməsin deyə, xəstəliklər gizlədilir. Məsələn, Xamis Məmmədovun ölümü bir həkim kimi mənim üçün də qaranlıq qaldı. Bu adam idmançı idi və deməli, orqanizmi sağlam idi. Xamis pnevmoniyadan ölə bilməzdi. Ancaq bir məsələ var ki, bütün virus xəstəliklərinin sonu pnevmoniyaya gətirib çıxarır ki, nəticədə ölüm baş verir. Çünki artıq həmin xəstəni müalicə etmək mümkün olmur. İlk növbədə dəqiq diaqnoz qoymaq lazımdır. Əgər ölkədə ”donuz qripi” varsa, bunu açıq şəkildə deyib, xalqı maarifləndirmək lazımdır ki, nə etsinlər. Əgər kimdəsə qızdırma varsa, dərhal həkimə müraciət etsin.

Eləcə də sərhədlərdən keçən qızdırmalı, qızdırmasız insanların hamısı yoxlanmalıdır. Rayonlarda, mərkəzlərdə müvafiq laboratoriyalar yaradılmalıdır ki, insanlar müayinə edilsin və virusun dəqiq adı açıqlansın. Xəstədə qızdırma olanda müəyyən qızdırma salan dərmanlardan istifadə edilir. Ancaq sona qədər müalicə aparılmadığı üçün ağırlaşma baş verir. Əslində qızdırmanı salmaq da doğru hal deyil. Əgər Gürcüstanda, Rusiyada bu cür xəstəliklər yayılıbsa, artıq bu, bizim üçün SOS siqnalıdır. Dərhal laboratoriyaları işə salıb, fəaliyyətə keçmək lazımdır. Bu işə bir qədər ciddi yanaşılarsa, az itki ilə çıxa bilərik. Ancaq virus varsa və gizlədilirsə, itki də çox olacaq. Hər şey aşkar olmalıdır və gündəlik müvafiq orqanlar məlumatlar açıqlamalıdır”.

Картинки по запросу Nərdanə Tağızadə

Mehdiyev bildirir ki, Nərdanə Tağızadənin də ölümü müəmmalıdır:

“Onun da ölümünün pnevmoniyadan olduğunu dedilər. Ancaq bu xəstəlikdən elə cavan qız ölə bilməz. Pnevmoniya xəstələrinə antibiotik vurulur və xəstə sağalır. Deməli, burada ağırlaşmalar gedir və müalicəyə tabe olmur. Yəni bizim düşündüyümüz kimi pnevmoniya deyil və buradan demək olar ki, nəyisə düz  tapmırıq. Ona görə dəqiq diaqnostika əsas şərtdir. Bu virus epidemiya şəklində yayılarsa, bütün fəsillərdə təhlükə qalacaq. Ancaq isti havalarda ”donuz qripi” virusu yaşaya bilmir. Bu baxımdan hazırda havaların mülayim keçməsi Azərbaycanda virusun yayılmasını önləyən haldır.

 

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir