qrip

Ölkədə tüğyan edən qrip virusundan necə qorunmalı?

Baxış sayı: 1. 270

Son zamanlar əhali ərasında qrip virusundan əziyyət çəkənlərin sayı artıb. Yüksək qızdırma ilə müşayiət olunan bu virus əsasən uşaq bağçalarında, məktəblərdə, idarələrdə tüğyan edir. Ekspertlərsə bunun epidemiya halında olmadığını bildirirlər.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirir ki, virus xəstəlikləri bir qayda olaraq payız və qış mövsümündə çoxalır: “Bu il də istisna deyil. Həm də bu il qar yağmadığına görə, viruslu xəstəliklər çoxalıb”.

Bununla belə, onun dediyinə görə, bu gün Azərbaycanda konkret bir virusun epidemiyası müşahidə olunmur. Qrup şəklində xəstələnmələrin olduğunu deyən baş pediatr bunda da tək tibb işçilərinin deyil, bütün vətəndaşların məsuliyyət daşıdığını bildirib: “Bizim əhali bilməlidir ki, virusların yayılması onlardan da çox asılıdır. Viruslardan qorunmaq, xəstələrlə təmasdan uzaq durmaq lazımdır. Uşaqlar xəstələnirsə, onları uşaq bağçasına, məktəbə göndərmək olmaz. Xəstələnəndə özbaşına, ağlın kəsən kimi mübarizə aparmaq olmaz. Bu xəstəliklərin yayılmasında bizim də günahlarımız var. Təəssüf edirəm ki, bəzən bir neçə gün dünyaya gəlmiş uşağı da viruslara yoluxdurub xəstəxanaya müraciət edirlər. Bizim gözəl ənənələrimiz olub. Bu gün də bu ənənələr mövcuddur. Yeni doğulan çağanı izolyasiya edirlər, ona hər kəslə təmasda olmaq olmaz. Necə ola bilər ki, yeni doğulan çağa xəstə ilə kontaktda olur, virusa yoluxur?” deyən Quliyev hesab edir ki, bunlara riayət etməklə xəstələnmələrin sayını xeyli dərəcədə azalda bilərik.

Müsahibimizin sözlərinə görə, Səhiyyə Nazirliyinin Referans Klinik Laboratoriya Mərkəzi işləyir, Respublika Gigiyena və Epidemiolgiya Mərkəzi tərəfindən bu işlərə nəzarət edilir. “Bu gün konkret olaraq bir virusun törətdiyi kütləvi xəstəlik yoxdur. Burada həm paraqrip virusları, qrip virusları, adenaviruslar, rotaviruslar müşahidə olunur. Bunlar minlərlədir. Yayılan xəstəliklər virusların mövsümlə əlaqədar törətdiyi xəstəliklərdir. Biz də bütün vasitələrdən istifadə etməklə bu xəstəliklərdən qorunmalıyıq. Xəstələr varsa, onlar müalicə olunmalıdır. Ancaq tibb mütəxəssislərinin iştirakı ilə müalicə almaq lazımdır. Özbaşına müalicəni məqsədəuyğun saymırıq”.
N.Quliyev qeyd edib ki, evdə müalicə mümkündür, bir şərtlə, müalicəni gərək tibb mütəxəssisi təyin etsin. “Valideyn özü qərar verməməlidir ki, uşaq xəstələnib, onu özüm evdə müalicə edəcəyəm. Belə olmaz. Elə vəziyyət, elə hallar olur ki, evdə müalicə etmək mümkün olmur. Elə hallar olur ki, uşaq mütləq xəstəxanada qospitalizasiya olunmalı, orada stasionar şəraitdə müalicə almalıdır. Bu seçimi tibb işçiləri etməlidir”.

Quliyevin dediyinə görə, xəstələnənlərin ictimai mühitə çıxması düzgün deyil: “Xəstə adamın işə getməyi qəti şəkildə doğru deyil. Bunu etmək olmaz. Xəstələnən adam xəstəliyini müalicə etdikdən sonra kollektivə, işə getməlidir. Xəstə-xəstə işə, kollektivə gedən adam çox qısa müddətdə bir neçə nəfəri yoluxdurur. İnsanlar sağlamlığını qorumaq məqsədilə əvvəlcə müalicə almalı, sonra işə getməlidir. Bunları etmədikdə ağır fəsadlara rast gəlirik. Xarici ölkələrdən – ABŞ, Fransa, İngiltərədən məlumatlar yayılıb ki, nə qədər insan xəstələnib və nə qədər ölüm hadisəsi baş verib. Allaha şükür ki, bizdə belə qorxunc hallar yoxdur. Amma xəstəliklərdən qorunmaq lazımdır. Bunlara riayət etməsək, daha ağır problemlərlə qarşılaşa bilərik”.
“Qış mövsümündə, adətən, virus infeksiyaları artır. Qorxulu bir şey yoxdur”. Bunu isə respublikanın baş infeksionisti Cəlal İsayev deyir. Onun sözlərinə görə, bu, hər il təkrarlanan vəziyyətdir: “Sadəcə, builki virus infeksiyası kliniki gedişinə görə qripi daha çox xatırladır. Nisbətən ağır gedişi ilə seçilir. İnsanlar özlərini qorumalıdır. Katastrofik risk, güclü epidemiya yoxdur”.

İsayev bildirir ki, virusdan qorunmaq üçün xəstənin özü və onun ətrafındakılar diqqətli olmalıdırlar: “Bu mövsümdə insanların çox olduğu yerlərdən uzaq durmağa çalışmaq lazımdır. Əgər harasa getmək və ya tünlükdə olmaq qaçılmazdırsa, mütləq qoruyucu maskadan istifadə etmək gərəkdir. Maska taxmaqla özümüzü müəyyən qədər qoruya bilərik”.

Baş infeksionist xəstə insanların işə çıxmamasını, ictimai yerlərdən uzaq olmalırını məsləhət görür: “Xüsusilə temperatur varsa, mütləq yataq rejiminə riayət edilməlidir. Temperaturlu vəziyyətdə işə gedən xəstə bilməlidir ki, qripin təhlükəli ağırlaşmaları olur. Ona görə evdə qalmalıdır. Bütün hallarda həkimə müraciət etmək vacibdir”.
Tibbi ekspert Hüseyn Mehdiyev “Ekspress”ə bildirib ki, qış aylarında orqanizmin müqaviməti bir qədər zəifləyir: “Birincisi, havaların həddindən artıq soyuq keçməsi, ikincisi, vitaminlərin, mineral maddələrin lazımi miqdarda orqanizmə daxil olmaması və eyni zamanda, çox vaxt virusların qış aylarında tuğyan etməsi istər-istəməz xəstəliklərin yayılmasına səbəb olur. Adətən kollektivlərdə, uşaq bağçalarında, məktəblərdə, idarələrdə daha çox yoluxma halları baş verir. Ola bilər ki, kiminsə bədəninin müqaviməti var, amma hansısa bir qripə və ya virusa yoluxmuş insanla ünsiyyətdə olanda ona da keçir. Ona görə də bəzən belə xəstəliklər kütləvi hal alır. Yaxşı ki, bizdə hələ epidemiya şəklində deyil. Amma kütləvi olur, çox adam xəstələnir”.

H.Mehdiyevin dediyinə görə, elə bir dərman vasitəsi, peyvənd yoxdur ki, sırf bütün qrip və kəskin respirator virus infeksiyalarının qarşısını alsın: “Çünki bu xəstəliklərin o qədər növləri və növlərinin də yarımnövləri və onların da yarımnövləri var”,- deyə ekspert bildirib ki, hər bir qrip və ya respirator virus infeksiyasına tutulduqdan sonra həmin virusa qarşı altı ay bədənin immuniteti olur. Yəni ki, bədənin həmin virusa qarşı müqaviməti olur: “Burada sual yaranır ki, əgər bədəndə müqavimət yaranırsa, niyə yenə tezliklə xəstələnir? Çünki artıq bu, həmin virus deyil, onun bir paratipidir, başqa növüdür. Düzdür, “İnterferon”, “Vitamin C” kimi vasitələrin qəbulu, profilaktik məqsədlə burun ətrafına “Oksalin” mazının çəkilməsi müəyyən qədər qripə qarşı təsirlidir, amma 100 faizlik effekt vermir”.

Həmsöhbətimizin fikrincə, bəzən insanlar qriplə allergik qripləri səhv salırlar: “Bu vaxtlar soyuğa qarşı allergiya da yaranır. İnsanlar var ki, hava soyuyan kimi burnu axmağa başlayır. Belə olan halda müalicəni həkim təyin etməlidir. Bu zaman müxtəlif dərmanlardan istifadə edirlər. Son zamanlar xəstələr özləri antibiotikləri seçib qəbul edirlər ki, vəziyyətdən çıxsınlar. Antibiotikləri virus infeksiyalarında istifadə etmək çox təhlükəlidir. Orqanizmi daha da zəiflədə bilər. Düzdür, körpə, zəif, altı ayına, bir yaşına kimi uşaqlar infeksiyalara yoluxduqda çox gözləmək lazım deyil, həkimin nəzarəti ilə antibiotikə başlamaq lazımdır ki, gələcəkdə baş verən ağırlaşmaların qarşısı alınsın. Böyüklər yaxşı olar ki, meyvə-tərəvəz yesinlər, təmiz havada çox olsunlar. Bəzən xəstələnəndə qapı-pəncərəni, hər yeri bağlayırlar ki, isti olsun. Bükülürlər evdə. Elə bilirlər ki, bununla qripdən qurtulacaqlar. Amma əksinə etmək lazımdır. Otağın havası gündə 3-4 dəfə, hətta gündə 5-6 dəfə dəyişilməlidir, yaş əsgi ilə döşəmə silinməlidir. İnsan baxmayaraq ki, xəstədir, mütləq təmiz havada çox olmalıdır”.

Ekspert bildirir ki, son dövrlər soyuqdəymə və qripə qarşı immunomodulyatorlardan istifadə edirlər: “Bu dərmanlar kommersiya məqsədilə satılır. Onlar hansısa virusun qarşısını ala bilmir. Bəziləri etiraz edir ki, mən filan immunitet gücləndirici dərmanı içdim və həmin ili xəstələnmədim. Olur da, insan özünü buna psixoloji inandırır ki, o, xəstələnməyəcək, o, güclüdür. Bunun da rolu var. Həm də immunostimulyatorların əksəriyyəti vitamin kompleksidir və vitaminlərlə zəngindir. Əgər orqanizmdə vitamin defisiti varsa, həmin dərmanları içəndə xəstəliyə qarşı bir qədər müqavimət olur. Amma yoluxmuş insanla kontaktda olanda 100 faiz yoluxa bilirlər”.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir