dogus

Ölkəmizdə ana ölümləri niyə baş verir? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 769

Azərbaycanda ana ölümlərinin sayı artır. Hər halda, son ayların statistikası bunu deməyə əsas verir. Son olaraq bir neçə gün öncə Cəlilabadda əkiz övlad dünyaya gətirən ana vəfat etmişdi.

Qeyd edək ki, ötən il ölkəmizdə 20 ana ölümü faktı qeydə alınıb. Halbuki ötən illərdə, məsələn, 2017-ci ildə  bu rəqəm 11 idi. Araşdıranda məlum olur ki, doğuş zamanı ana və körpə ölümü daha çox bölgələrdə baş verir. Səbəb isə aydındır. Bölgələrdə bir çox hamilə qadınlar 9 ay müddətində həkim ginekoloqların nəzarətində olmaqdan yayınır, yalnız doğuş anında həkimə müraciət edirlər. Nəticədə həkim hamilə qadının son ana qədər hansı problemlərlə qarşılaşdığını, hansı xəstəliklər keçirməsindən xəbərsiz doğuşa alır. Bu səbəbdən bəzən faciə baş verir.

Mütəxəssislər qeyd edir ki, ana ölümünə səbəb olan amillərdən biri doğuş zamanı anada qan laxtalanması, qanaxma və trombun yaranması və yaxud əvvəldən qadında ürək, böyrək və yaxud ağciyər xəstəliklərinin olması ilə bağlı olur. Bu səbəbdən hamilə qadınlar daim nəzarətdə olmalıdır.

O da məlumdur  ki, bölgələrdə bəzən həkim heyəti çatışmazlığı problemi yaşanır. Hamilə qadınlar bölgələrdən paytaxt Bakı və yaxud digər böyük şəhərlərdə yerləşən özəl, nüfuzlu klinikalara üz tutmaq məcburiyyətində qalır. Lakin hər qadının da buna imkanı, şəraiti olmur.

 

Bəs paytaxtda və bölgələrdə doğuş qiymətləri neçəyə başa gəlir?

Araşdıranda məlum olur ki, Bakıda özəl xəstəxanalarda doğum və qeysəriyyə qiyməti sadə paketlə 1200-1600 manat arasında dəyişir. Halbuki ötən illərdə bu rəqəm  800-900 manat, qeysəriyyə üçün qiymət isə 1100-1300 manat idi. Beləliklə, doğum paketindən əlavə xəstənin gündəlik xəstəxanada qalması 100 manata başa gəlir. Əgər körpə küvezə qoyularsa, bu zaman xərc daha da artır və təxminən doğuş qiyməti 2000 manatdan çox başa gəlir.

Daha bir ana doğuş zamanı ölüb - Azərbaycanda - Günün Səsi

Bölgələrdə isə qeysəriyyə əməliyyatı 1000 manatdan başlayır. Özəl klinikalarda təbii yolla doğum təxminən 700-800 manata başa gəlir. Dövlət xəstəxanalarında isə doğum əməliyyatı pulsuz olduğu deyilsə də pasiyentin təxminən 300-400 manat xərci çıxır.

Gizlin deyil ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da ana olmağa hazırlaşan qadınlar daha çox qeysəriyyə üsulu ilə doğum etməyə çalışırlar. Səbəbini isə bu əməliyyatın daha ağrısız, az zədəsiz olması, həmçinin bədənin formada qalması ilə əsaslandırırlar. Beləliklə, təbii yolla doğum etmək “dəb” deyil desək, yanılmarıq. Lakin protokol qaydalara əsasən hamilə qadının təbii, yoxsa qeysəriyyə üsulu ilə ana olmaq haqda qərarı yalnız həkim verməli və bunu əsaslandırmalıdır.

Daha bir məsələ, qeysəriyyə əməliyyatının bu cür üstünlükləri olsa da, onun  fəsadları çoxdur. Öncə ona görə ki, ilk övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadınlar 2 və 3-cü uşaqları da bu yolla dünyaya gətirmək məcburiyyətində olurlar. Və bu, planlı şəkildə həyata keçirilməlidir. Belə ki, ilk qeysəriyyə əməliyyatından sonra qadının ən azı 3-4 il hamiləlikdən uzaq olması məsləhət olunur. Bu dövr ərzində ananın orqanizmi tam sağalmalı, immuniteti güclənməli, daha sonra yenidən əməliyyat üçün tam hazır olmalıdır. Həkimlər hər zaman qeyd edir ki, bir ana maksimum 3 dəfə qeysəriyyə əməliyyatı keçirə bilər. Çünki hər dəfə hamiləlik zamanı əməliyyat olunan nahiyədə qanaxma baş verə bilər ki, bu da həm ana, həm də uşaq üçün təhlükə deməkdir.

Baku Medical Plaza - Dr. Elnurə Mustafayeva

Bu və digər məsələlərlə bağlı “Baku Medical Plaza”nın həkimi, ginekoloq Elnurə Mustafayeva öncə ana ölümlərinin sayının artmasından danışdı: “Ümumiyyətlə, hamiləlik bir qadın üçün risk deməkdir. Lakin bütün qadınlar ana olmaq arzusundadır. Ana ölümü isə bütün dünyada var.

Azərbaycanda isə ana ölümlərinin sayının daha az olması, sıfıra enməsi üçün ginekoloq olaraq hər birimiz mübarizə aparmalıyıq. Dünya təcrübəsində, eləcə də qardaş Türkiyədə bununla bağlı xüsusi heyət var. Məsələn, Türkiyədə mərkəzləşdirilmiş “Kanama Ekibi” var. Bu heyətdə cərrah həkim, tibb bacısı olur və onlar bütün avadanlıqlarla təmin olunur. Təcili müraciət olduqda heyət helikopter və yaxud təcili tibbi yardım maşını ilə ünvana çatır. Bizdə də bu cür heyətin olmasına ehtiyac var. Əgər yaranarsa, bir ginekoloq kimi öz dəstəyimi verməyə hazıram”.

Ginekoloq son zamanlar qeysəriyyə əməliyyatının “dəbə” minməsindən də söz açdı: “Təkcə qeysəriyyə deyil, bütün tibbi əməliyyat və müdaxilə yalnız göstəriş əsasında olmalıdır. Əgər hamilə qadının təbii doğuşla ana olması təhlükə yaradarsa, bu zaman protokol əsasında qeysəriyyə əməliiyatı qərarı verilir. Lakin qeyd etdiyim kimi, bu, pasiyentin istəyi ilə deyil, yalnız xüsusi göstəriş əsasında olmalıdır. Təbii ki, hər bir əməliyyat kimi bu əməliyyatın da riskli və müsbət tərəfləri var. Əsasən təhlükə riskini azaltdığı üçün bu əməliyyat qərarı verilir”.

Ginekoloq qeyd edir ki, xüsusən bölgələrdə hamilə qadınlar özləri haqda həkimə məlumat verməkdən bir qədər yayınırlar: “Son anda ağrıları başlayanda bölgədən zəng edib, məsləhət istəyirlər. Halbuki hamilə qadın hamiləlik dövründə daim həkim nəzarəti altında olmalı, həkim onun haqqında bütün məlumatlara malik olmalıdır. Bölgələrdə peşəkar həkimlərin az olması fikrinə gəldikdə isə ana ölümü hadisəsi hər bir klinikanın, həkimin başına gələ bilər. Bu, pasiyentin vəziyyətindən, onun orqanizmindən, salamlığından, bəzən də bəxtindən asılı olur. Əsas odur ki, ölkəmizdə də mərkəzləşdirimiş heyət yaradılsın və hamilə qadınlar çətin vəziyyətə düşdükdə təcili müraciət edə bilsinlər”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir