Lift qəzasi

Ölümə aparan liftlər – Yeni binalarda onlara kim qulluq və nəzarət etməlidir?

Baxış sayı: 432

Üç gün öncə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində altı nəfər xəsarət alıb. Bu hadisə yeni tikilmiş binalarda liftlərin təhlükəsizıiyinin yoxlanılması problemini aktuallaşdırıb.

Tikintidə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirir ki, yeni tikilmiş yaşayış binalarında bina istismara verildikdən sonra liftlərin vəziyyəti aidiyyatı dövlət qurumu tərəfindən ildə bir dəfə yoxlanılmalıdır. Amma belə yaşayış binalarında daimi olaraq liftlərin təhlükəsizliyinə nəzarət, binanı idarəedən Mənzil Müştəriləri Müştərək Cəmiyyətlərinin səlahiyyətindədir.

Həmsöhbətimiz bildirir ki, yeni tikililərdə binanı inşa edən şirkət mənzilləri satdıqdan sonra binanın idarə edilməsi işinə qarışmamalıdır. Bu qanunla belə olsa da, yeni tikililərdə binanı sakinlərin yaratdığı MMMC-lər yox, elə məhz yaşayış binasını inşa edən şirkət idarə edir. Onlar sakinlərin imzası əsasında formal MMMC-lər yaradır, o MMMC-ləri isə sakinlər yox, özləri idarə edir. Ona görə də hazırda yaşayış binalarının çoxunda binaların idarəedilməsində sakinlərin yox, binanı inşa edən şirkətlərin sözü keçir.

Əslində isə bina tikildikdən sonra tikintini aparan şirkətin balansından çıxıb sakinlərin yaratdığı MMMC-lərin istismarında olmalıdır. Burada qanunsuzluq olduğundan, yaradılan MMMC-lər tikinti şirkətləri tərəfindən idarə edildiyindən, onlar liftlərin təhlükəsizliyini təmin etməli, vaxtlı-vaxtında liftlərə qulluq üçün aidiyyatı lisenziyalı şirkətlərlə müqavilə bağlamalıdırlar.

E. Nurəliyev bildirir ki, həmin şirkətlər yaşayış binalarında liftlərin detallarını vaxtı-vaxtında dəyişməlidirlər. Buna nəzarəti isə MMMC-lər həyata keçirməlidir:

”MMMC pulunun olmadığını əsas gətirərək binada liftin dəyişdirilməsindən, təmirindən imtina edə bilməz. Hər kəsə bəllidir ki, yeni yaşayış binalarında liftə nəzarət, mühafizə, təmzlik xidməti üçün sakinlərdən aylıq 40-50 manat kommunal vəsait toplanır. MMMC-lər bu vəsaitdən müəyyən məbləği binada istismar müddətini başa vurmuş liftin dəyişdirilməsi üçün ayırmalıdırlar. Əgər pulun olmadığını bəhanə edib bundan imtina edirlərsə, bu zaman idarəetmədən kənara çəkilməlidirlər. Sakinlər bina idarəetməsini özləri həyata keçirməlidirlər”.

Nurəliyev deyir ki, liftin bütün hissələrinin istismar dövrü var. Liftin qırılıb şaxtaya düşməsi isə liftə ümumiyyətlə qulluq olunmadığından xəbər verir: ”Liftin əsas, qoruyucu, və ehtiyat “tros”ları var. Bunların hamısının birdən qırılması liftə ümumiyyətlə uzun illər baxış olmadığından xəbər verir. Liftdə bütün “tros”lar qırılsa belə, liftin əyləc sistemi işə düşməlidir. Baş verən hadisə göstərir ki, liftin əyləc sistemi də işləməyib. Bütün bunlar ciddi məsuliyyətsizlikdən irəli gəlir. Sərnişin liftlərində ağır tikinti məhsullarının daşınması onun istismar müddətinin başa çatmasına səbəb ola bilər. Ona görə də liftlərə vaxtaşırı baxış keçirilməli, nasaz hissələr dəyişdirilməlidir ki, bu cür faciələr yaşanmasın”.

Müsahibimiz bildirdi ki, yeni yaşayış binalarında istismar olunan avadanlıqların dəyişdirilməsinin binanın idarəetməsini həyata keçirən MMMC tərəfindən həyata keçirilməli olduğu sakinlərlə bağlanan müqavilədə də öz əksini tapır.

Qeyd edək ki, “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binanın sakinləri bildiriblər ki, onlar liftdə nasazlıqla bağlı “Yeni Ev 7” MTK-a müraciət etsələr də, onlar liftin dəyişdirilməsinə külli məbləğdə vəsait tələb olunduğunu, buna isə maddi imkanlarının olmadığını bildiriblər. Sakinlər deyir ki, onlar hər ay mənzilin sahəsinə uyğun “ Yeni Ev 7” MTK-a ödəniş edirlər. Amma komendant həmin vəsaitin ancaq təmizlik və təhlükəsizliyə kifayət etdiyini bildirir.

“Yeni Ev 7” MTK-dan isə komendatın baş verən hadisə ilə bağlı işdə olmadığını bildirdilər. Xatırladaq ki, Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir