supurgeci

Ölümə doğru süpürgə çəkənlər

Baxış sayı: 904

Günün istənilən saatında hərəkətin intensiv olduğu, avtomobillərin sürətlə hərəkət etdiyi küçələrdə yolları süpürən qadınlara rast gəlirik. Bəzən onların yolun tam hərəkət hissəsində, çox təhlükəli situasiyada işlədiklərini görürük. Bunu görən şəxslər belə fikirlər səsləndirilər: “Onlar günün bu saatında işləməməlidirlər”, “Yolda intensiv hərəkət başlayanda, onların işi bitməlidir”, “Onları bu işlərə məcbur edirlər” və s.

Bu narahatlıq anlaşılandır, çünki dəfələrlə, yollarda təmizlik apardığı zaman qəza nəticəsində dünyasını dəyişənlər olub. Bəs bu narahatlıq doğuran fikirlər nə dərədəcə həqiqəti əks etdirir? Onların iş saatı necə tənzimlənir və necə olmalıdır? Məcburiyyət varmı?

 

“Bu, texniki təhlükəsizlik qaydalarının pozulmasıdır”

Bir çox şəxs, problemin həlli kimi bu işin icrasına texnikanın cəlb edilməsinin tərəfdarıdır. Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, bu, bir xeyli şəxsin işsiz qalmasına gətirib çıxaracaq: “Bəziləri təklif edirlər ki, küçələrin, yolların təmizlənməsi işini texnikalar həyata keçirsin. Mən həmişə bunun əleyhinə çıxış edirəm. Texnikanın gəlməsi yüzlərlə, bəlkə də minlərlə işçinin ixtisarı deməkdir. Xərc eyni olur. Əməkhaqqına sərf olunan maliyyə yanacağa, o texnikanın saxlanma xərclərinə  və s. gedəcək. Keyfiyyət eyni olacaq, əvəzində isə iş yerləri azalacaq. O texnikanı yalnız hərəkətin intensiv, sürətin yüksək olduğu yerlərdə tətbiqinin tərəfdarıyam. Məsələn, Neftçilər prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti və s. yerlərdə hərəkət daim intensivdir. Həmin küçələrdə xüsusi texniki vasitələrdən istifadə etmək olar. Parklar, bağlar, hərəkətin intensiv olmadığı dar küçələrdə əl əməyi yenə də saxlanmalıdır”.

S.Məmmədovun sözlərinə görə, çıxış yolu əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməsi və buna nəzarət olmasıdır: “İstənilən iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları var. Onlara əməl olunsa, belə qəzaların qarşısını almaq olar. Məsələn, xəbərdaredici vasitələr, daşınan baryerlər və s. var.  Hansı ərazidə təmizlik işi aparacaqlarsa, orda baryer qoyurlar və maşınlar da onları görürlər və hərəkətlərini ona əsasən tənzimləyirlər. Həmin vasitələrin bəzisi ağırdır, daşımaq çətindir. Amma plastik materiallardan hazırlanan yüngül vasitələr də var, onlardan hər birində olmalıdır. Onu qoysunlar və arxasında təmizləmə işlərini aparsınlar. Bütün bunların olması üçün isə həmin işçilər əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizliklə bağlı daim təlimatlandırılmalıdır. Bəzən mən də görürəm ki, hərəkətin lap intensiv olduğu yerdə yola xəzəl düşüb, gedib onu götürürlər və s. Amma bunlar olmamalıdır. Bu, texniki təhlükəsizlik qaydalarının pozulmasıdır. Qaydalara əməl etmək lazımdır, buna görə məlumatlandırılmalıdırlar. Qeyd etdiyim kimi, bu kimi yerlərdə təmizlənmə işində texnikandan istifadə edilməlidir.

Təmizlənmə işi üçün bəlli bir saat olmamasının problemə səbəb olub-olmadığına gəlincə, S.Məmmədov bunları söylədi: “Pik saatlarda avtomobillərin sürəti yollarda daha aşağı olur, nəinki digər vaxtlarda. Yollar nisbətən boş olanda, sürəti də ona mütənasib artırırlar. Ona görə, problemi tək pik saatlarla əlaqələndirmək omaz. Elə yollar var ki, orda həmişə intensiv hərəkət var, sadəcə günün bir neçə vaxtında tıxaclar yaranır. Eyni zamanda da, şəhərdə elə yollar var ki, mərkəzi hissədir, oranı gün ərzində bir neçə dəfə təmizləmək lazımdır. Ona görə də, ancaq hansısa vaxt aralığında təmizlənmə aparılması məsələsi indi işləmir. Hərəkət hər zaman intensivdir. Həmin ərazilərdə texniki vasitələrlə təmizlənmə aparılsa, bu da böyük tıxac yarada bilir. İstənilən variantdan yanaşanda, bir problem ortaya çıxacaq. Ona görə, ilk növbədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. İşçilər bu qaydalara riayət etsələr, rəhbərlik də qaydaları pozanlara qarşı cəzalandırma tədbirləri görsə, bədbəxt hadisələrdən qaçmaq olar”.

Həmin işçilərin məcburən iş başında olması kimi yanaşmalar haqqında danışan S.Məmmədov bildirdi ki, iş saatına daxildirsə, məcburiyyət kimi yanaşmaq olmaz: “Həmin işçilərlə əmək müqaviləsi bağlanır ki, gün ərzində onun üçün ayrılmış sahədə müəyyən vaxt çərçivəsində iş görsünlər. İş saatlarıdır, o vaxt da işləyirlər. Amma qeyd etdiyim məqamlar nəzərə alınmaqla, qaydalara riayət etməklə bu işi görməlidirlər, həyatlarını təhlükəyə atmaqla yox”.

 

“Yolda intensiv hərəkət varsa…”

Hüquqşünas Ərşad Hüseynov bildirdi ki, yol təhlükəli məkandır və burda iş prosesi tənzimlənmiş şəkildə aparılmalıdır: “Yol elə bir yerdir ki, istənilən vaxt istənilən iş görülə bilər deyə bir şey yoxdur. Yol həmişə təhlükəli məkandır, çünki orda həmişə intensiv hərəkət var. Yol, orda iş görən adamdan konkret təhlükəsizlik tələblərinə riayət edilməsini istəyir. Ona görə, qanunvericilikdə belə qeyd olunub ki, yolda iş görənlər özləri necə və nə vaxt istəsələr yox, yol sahibləri – yol polisi ilə razılaşdırılaraq icra etməlidirlər. Birdəfəlik iş görüləcəksə, bunun üçün konkret dəqiq vaxt razılaşdırılmalıdır. Mütəmadi olaraq hər gün görülən işlərdə isə ən azından müəyyən vaxt təyin olunmalıdır. Tutaq ki, hər gün filan saatlarda iş görülə bilər. Həmin saatlar günün ən sakit, intensivliyin ən aşağı, yəni təhlükəsizliyin daha aşağı olduğu vaxtlarda müəyyənləşdirilməlidir. Ancaq işin neçədə başlayıb neçədə bitməsi ilə bağlı xüsusi vaxt yoxdur. Əsas odur ki, təhlükəsizlik təmin olunsun”.

Ə.Hüseynov deyir ki, intensiv hərəkət olan yollarda nə iş görmək mümkündür, nə də həmin şəxsin təhlükəsizliyi təmin olunur: “Yolda intensiv hərəkət varsa, orda təmizlik işlərini düzgün yerinə yetirmək olmaz. Üstəlik, işi görən adamın həyatı, sağlamlığı birbaşa risk altında olur. Çünki yolun hərəkət hissəsində iş görülürsə və nəqliyyat vasitəsi hərəkət edirsə, sürücünün, yaxud elə yolda iş görənlərin xırda bir səhvi, eyni zamanda, yol infrastrukturundakı problem – məsələn, işıqlandırılmamış küçə, pis görünən yol, döngə, döngənin arxası və s. olanda, qəza qaçılmaz olur. Ona görə,  razılaşdırılmalı və ən təhlükəsiz vaxtlarda görülməlidir”.

Ə.Hüseynov qeyd etdi ki, bu işin təhlükəsiz görülməsi üçün vacib olan məsələlər diqqətdə saxlanmalıdır: “Dünyada belə bir təcrübə var, sovet dövründə bizdə də olub, yolların təhlükəli hissələri, nisbətən sürətli hərəkət olan yerlər texnika ilə təmizlənməlidir. Yolun hərəkət hissəsində iş görən insan çox nadir olmalıdır. Bunu texnika etməlidir. İntensiv hərəkət olmayan, məhəllədaxili yaşayış zonaları və s. bu tipli yerlərdə bu işi insanlar görsələr, daha yaxşı və təhlükəsiz olar.

Bu işi icra edən adamları təhlükəsizliklə bağlı yüksək səviyyədə məlumatlandırmaq, işıqqaytarıcı xüsusiyyətə malik, yaxşı görünən geyimlərlə təchiz etmək lazımdır. Sutkanın qaranlıq vaxtı işləyirlərsə, işıqqaytarıcı element olsun. İşıqlandırılmamış küçələrdə işləməmələrinə çalışmaq lazımdır.

Bir də həmin işçilərin əmək hüquqlarının da qorunmasına riayət edilməlidir. İş normaları da ciddi şəkildə gözlənilməlidir. Görülən işçin həcmi, riski nəzərə alınmalıdır. Bu kimi məsələlərə diqqət yetirilsə, təhlükəsizlik, nisbətən daha yaxşı təmin oluna bilər”.

 

“Sürücülərimiz də bir az məsuliyyətli olsunlar”

Magistral yollar və prospektlərdə, intensiv hərəkət olan ərazilərdə təmizlik işini “Azəravtoyol” ASC-nin əməkdaşları aparırlar. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bu yerlərdə təmizlik işləri əsasən texnika vasitəsilə həyata keçirilir: “Məsələn, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Nobel prospekti və şəhərətrafı yollar. Bu ərazilərdə təmizlik işini texnika aparır. Şəhərətrafı yollarda, ümumiyyətlə, əl əməyindən istifadə olunmur. Şəhəriçi prospektlərdə isə yalnız körpülərin üstündə və tunellərdə əl əməyindən istifadə etmək məcburiyyətində qalırıq. Çünki bu yerlərə təmizlik işi aparan nəqliyyat vasitələri daxil ola bilmirlər. Qalan yerlərdə işi texnika görür”.

A.Nəcəfli bildirdi ki, səhər saat 8-dən sonra “Azəravtoyol” əməkdaşları yollarda təmizlik işi aparmırlar: “İş səhər saat 6-da başlayır, 8-ə kimi yekunlaşır. Bu zaman əraziyə maksimum 2 nəfər çıxarılır və qısa müddət ərzində təmizlik işi aparıb ərazini tərk edirlər. Qeyd edim ki, bu zaman texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilir. Təmizlik aparan şəxslərdən əlavə, bir nəfər də əraziyə təhkim olunur ki, təhlükəsizlik məsələsini tənzimləsin. Bizim əməkdaşları günün digər saatlarında yolda təmizlik apararkən görməzsiniz. Bizim əməkdaşların öz geyimləri var və üzərinə agentliyin loqosu vurulub. Yollarda təmizlik işi aparan şəxsləri görəndə, geyimlərinin üstündəki loqoya fikir vermək lazımdır”.

A.Nəcəfli deyir ki, yollara tullantı atanların sayı nə qədər az olarsa, əl əməyindən istifadə faizi də azalar: “Mən körpünün yanından keçəndə, ora zibil atmasam, ora heç zibil də yığılmaz. Sürücülərimiz də bir az məsuliyyətli olsunlar. Nəzərə alsınlar ki, ora xüsusi nəqliyyat vasitəsi daxil ola bilmir. Çünki körpülərin kənarıdır, orda beton, dəmir tirlər olur. Tullantılar onların kənarına düşür. Orda əl əməyindən mütləq istifadə olunur. Tullantı nə qədər az atılsa, biz də əl əməyindən o qədər az istifadə edərik”.

 

“Səhər edilən təmizliklə iş bitmir”

İkinci dərəcəli yollar, həyətlər və s. yerlərdə təmizlik işini Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları aparırlar. Departamentdən bildirildi ki, səhər saatlarında edilən təmizlik kifayət etmir: “İşin başlanma vaxtı belədir ki, bəzi qruplar səhər 6-nın yarısından işə çıxırlar, bəziləri 6-da, bəziləri 7-nin yarısı. Şəhər böyükdür, hərəsinin öz ərazisi, hər qrupun da öz qrafiki var. O qrafiklə işləyirlər. Hər bir qrup erkən saatlarda iş başında olur ki, insanlar işə getdiyi vaxt artıq küçələr, yollar təmiz olsun. Amma səhər edilən təmizliklə iş bitmir, şəhər təmiz olmalıdır. Ona görə, qrafik əsasında günün digər saatlarına da təmizlik işi aparılır”.

İş yükünün çox olub-olmamasına gəlincə, bildirildi ki, hər bir dalandarın (küçə süpürən xadimələr) iş yükü Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyənləşdirilir: “İş yükü o halda çox ola bilər ki, işlədiyi ərazidə zibillənmə səviyyəsi daha çox olsun. Şəhərin mərkəzidir, insan, hərəkət çoxdur. İstər-istəməz, şəhəri zibilləyirlər. Bizdə tullantıları qablara deyil, yerə atmaq problemi də böyükdür. Bu da onların iş yükünə təsir edə bilir”.

Təmizlənmə işinə süpürən-təmizləyən texnikaların cəlb olunması istiqamətində də işlər getdiyi bildirildi: “Məişət tullantılarını daşıyan 36 ədəd texnika alınıb. Bu il də alınması nəzərdə tutulub. Müəyyən qədər texnika var ki, əsas küçələrin kənarında təmizlik işləri aparırlar. Ancaq nə qədər texnika olsa da, insan əməyini aradan qaldırmır. Çünki hərəkət olan vaxt yolda texnikanın işləməsi çətin məsələdir. Burda insan əməyinə ehtiyac yaranır”.

Departamentdən bildirildi ki, işçilər texniki təhlükəsizlik məsələləri ilə bağlı davamlı olaraq məlumatlandırılır: “Texniki təhlükəsizliklə bağlı onlar təlim keçirlər, sonra müqavilə bağlanır və işə başlayırlar. Mütəmadi olaraq da bu məlumatlandırılma aparılır”.

 

Aygün




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir