omicron

“Omikron”un yaratdığı təlaş – ARAŞDIRMA

Baxış sayı: 576

“Omikron” artıq ölkədə təlaş yaratmağa başlayıb. Yoluxanların sayının sağalanları üstələməsi, yoluxma sayının pik həddə qalxması, demək olar ki, hamının evində xəstələrin olması cəmiyyəti narahat edir. Bəs bu şəraitdə nə etməliyik?

 

Xəstəliyin yüngül olması o demək deyil ki…

Həkim infeksionist Süleyman Kamilov deyir ki, xəstəliyin kliniki gedişinin əvvəlki ştammlara nisbətən yüngül olması o demək deyil ki, ağırlaşmalara səbəb olmayacaq: “Yeni “omikron” variantından sonra bütün ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma sayında ciddi artım müşahidə olunur. Yoluxduruculuq qabiliyyəti digərlərindən çox olsa da, xəstəliyin kliniki gedişi əvvəlki ştammlara görə daha yüngüldür. Amma yenə bəzi fərdlərin, xüsusilə, risk qrupunda olanların xəstəliyi ağır keçirmə ehtimalı var. Nəzərə almalıyıq ki, bu variantda təkrar yoluxma nisbəti əvvəlki mutasiyalarla müqayisədə çox yüksəkdir”.

 

“Peyvənd olunanlar da xəstəliyə yoluxa bilər”

Həkim infeksionist vurğulayır ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır: “Əhalinin vaksinasiyada aktiv iştirakı xəstəliyin ağır gedişlərindən qoruya bilər. Bəzən insanlar düşünür ki, vaksinasiya olunanlar xəstəliyə yoluxmamalıdır. Kimsə yoluxanda da vaksinasiyaya qarşı sərt mövqe bildirirlər. İnsanlar bilməlidir ki, peyvənd olunanlar da xəstəliyə yoluxa bilər. Amma bu peyvənd sayəsində xəstəliyi yüngül və ya asimptomatik keçirirlər”.

 

Kimlər reanimasiyaya düşür?

Həmsöhbətimizin sözlərinə görə, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir: “Peyvəndlənmədə iştirak etmək, 2 dozadan sonra “buster” dozanın icrası xəstəliyə qarşı immun səviyyəsini daha da qüvvətləndirir. Bu gün xəstəliyi ağır keçirənlər, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Stasionar bölümdə vaksin olunanların digərlərinə nisbətən xəstəliyi çox yüngül keçirdiklərini müşahidə etmişəm. Vaksin bütün illərdə infeksion xəstəliklərdən qorumaq və həyat qurtarmaqda ön planda olub. Bu, COVID əleyhinə də əsas silahdır”.

 

Normal həyata qayıtmağın yeganə yolu

İnfeksionist bildirir ki, virusa qalib gəlmək, yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır: “Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar virusun variantından asılı olmayaraq bizi qoruyur. Vaksinasiya və karantin qaydaları xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”.

 

“İnsanlar qaydalara əməl etmir”

Həkim Elvin Hüseynov deyir ki, insanlar qaydalara əvvəlki kimi əməl etmirlər: “Omikron” variantı aşkarlandığı ölkələrdə “delta” variantını sıxışdırdı. Bu gün aparıcı ştamm “omikron”dur. Azərbaycanda da sürətli artım gözlənilən idi. Çünki “omikron” yuxarı tənəffüs yollarında inkişaf edir, sürətlə artır. Virus yükü artdığına görə də, həddindən artıq yoluxdurucudur. Digər tərəfdən insanlar qaydalara əvvəlki kimi əməl etmirlər. Əsasən də, maskadan istifadə olunmaması, ara məsafəsinin gözlənilməməsi, “lokdaun” tədbirlərinin, demək olar ki, ləğvi, karantin müddətinin aşağı salınması yoluxmaların artmasında rol oynayır”.

 

“Yoluxma yüksək olsa da…”

Həmsöhbətimizin sözlərinə görə, yoluxma yüksək olsa da, təşvişə düşməməliyik: “Əsas narahatedici məqam xroniki xəstəliyi olan insanların yoluxma ehtimalının çox olması və səhiyyə sisteminin yüklənməsi ehtimalıdır. Normal, yanaşı xəstəliyi olmayan cavan insanlarda “omikron”  “delta” variantına nisbətən daha yüngül keçir. Ona görə də, bunu təhlükəli, qorxulu hesab etmirəm. Digər tərəfdən, əksəriyyət artıq yoluxub və sürətli peyvəndləmə aparılıb. Zənnimcə, bu variant pandemiyanın sonunu gətirəcək. Çox güman ki, yay aylarına qədər xəstəliyə qalib gələcəyik. Amma qışda tənəffüs yollarının istənilən virus infeksiyasına həssas olduğu bir dönəmdə, karantin tədbirlərinə əməl etmək lazımdır ki, yaşlı və xroniki xəstəliyi olan əhali yoluxmasın. Çünki cavan və yanaşı xəstəliyi olmayan insanda virusun hər hansı ağırlaşmaya səbəb olması ehtimalı aşağıdır”.

 

“Qaydalara ciddi şəkildə riayət etmək lazımdır”

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb ki, “omikron” xüsusilə peyvənd olunmuşlarda, “delta” ilə müqayisədə daha təhlükəsiz görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil: “Əvvəlki variantlar kimi, “omikron” da insanların xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır. Ona görə də, qaydalara ciddi şəkildə riayət etmək lazımdır”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir