psixoloq

Şagirdlərin psixoloji durumu haqda pasport: kim, niyə, necə hazırlayacaq?

Baxış sayı: 660

Son günlər paytaxt məktəblərində şagirdlərin yol verdikləri neqativ hallar məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırıb. Artıq şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm hazırlanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov bildirir ki, söhbət psixoloji pasportlardan gedir.

 

Psixoloji pasport nədir?

İ.Həsənov bildirir ki, məktəblilərin psixoloji durumu da nəzarətdə saxlanılmalıdır. Onun sözlərinə görə, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil. Onların psixoloji durumu diqqətdə saxlanılmalıdır.

Layihə barədə məlumat verən direktor deyir ki, bir neçə ay öncə sözügedən layihənin hazırlığına başlanılıb. Son günlər məktəblərdə yaşanan hadisələr isə şagirdlərin psixoloji pasportunun hazırlanmasını daha da aktual edib. O qeyd edib ki, şagirdlərin psixoloji pasportlarının yaradılmasına hazırlıq işləri görülür.

İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq:

“Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcəklər. Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa, ona psixoloji dəstək göstəriləcək”.

PSIXOLOQ

Məlumat sıza bilərmi?

İ.Həsənov qeyd edir ki, bu rəylər valideyn və məktəb üçün önəmli olacaq. Amma şagirdlər barədə psixoloji rəylər konfidensial olacaq. O rəyləri heç bir müəllim görə bilməyəcək. Bu rəyləri ancaq psixoloq, məktəb direktoru və aidiyyəti qurumların buna məsul şəxsləri görə biləcəklər.

Mərkəz direktoru bildirir ki, gələcəkdə hər hansı şagird cinayət törədərsə, Daxili İşlər Nazirliyi üçün bu data faydalı ola bilər. Amma bu datadan çox ehtiyatla istifadə olunacaq:

“Bu, şagirdin emosional durumu barədədir. Nəzərə alsaq ki, psixoloji durum dəyişəndir, bu zaman bu gün psixoloji durumu yaxşı olmayan şagirdin gələcəkdə vəziyyəti yaxşılaşa bilər”.

Həsənov hesab edir ki, psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanılacaq:

“Kiməsə kağız formasında pasport verilməyəcək. Bu, datadır. Bu data şagirdlərlə bağlı daha doğru tədbirlər görməyə imkan verəcək”.

 

Əvvəl Bakı, sonra regionlar

İlkin Həsənov əlavə edir ki, layihə ilkin olaraq paytaxt məktəblərində təhsil alan şagirdləri əhatə edəcək. Əgər effektli olarsa, respublika üzrə digər məktəblərdə də tətbiq edilə bilər.

 

Psixoloq problemi var

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, ölkədə 2600 məktəb psixoloqu var. Normativ hüquqi aktda isə sinif rəhbərinin şagirdlərin psixoloji durumu ilə bağlı iş aparması öz əksini tapıb:

“Əgər belə bir monitorinq aparılsa, hər məktəbə 10 psixoloq lazımdır. Bakıda isə məktəblərdə şagird sayı çox, psixoloq sayı azdır. Həmçinin psixoloqların çoxu ixtisaslı kadr deyil. Fikrimcə, bu, sadəcə mövcud vəziyyətdən çıxış yolu kimidir”.

K.Əsədov qeyd edir ki, hətta belə bir monitorinq aparılsa belə, bu, şagirdlərin real psixoloji durumunu əks etdirməyəcək. O iddia edir ki, psixoloji pasportları şagirdlərə şamil etmək düzgün deyil:

“Azərbaycanda inklüziv təhsil var. Tutaq ki, hər hansı şagirdin psixoloji durumu yerində deyil. Onda o şagird məktəbdənmi qovulacaq? Bütün uşaqların təhsil almaq hüququ var. Psixoloji duruma təsir etmək üçün hər bir uşaqla indivudal işləmək tələb olunur”.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir