bosanma

Onlar niyə boşanır? – ARAŞDIRMA

Baxış sayı: 175

“Salam. Sualım hüquqşünaslaradır. Uşaq anadan olmamış boşanmaq mümkündürmü? Və ya uşaq anadan olandan həmən sonra? Eşitdiyimə görə, bir yaşına qədər boşanmaq mümkün olmur”

Sorğu əsaslı status Leyla Məmmədli adlı bir sosial şəbəkə istifadəçisinə aiddir.  Sualın cavabı Ailə Məcəlləsinin 15-ci maddəsindədir. Həmin maddəyə  görə, ananın hamiləliyi dövründə, yaxud uşağın bir yaşı tamam olana qədər ata tərəfindən nikahın pozulması barədə iddia qaldırıla bilməz.  Ana üçün isə heç bir məhdudiyyət yoxdur. Demək, Leyla xanım boşanmada azaddır.  Bu tip və digər boşanma mövzusuna dair artan suallar hər gün “Hüquqşünaslar qrupu” adlı səhifəsinə yönəlməkdədir. Əsasən də, gənc qadınlar boşanmaya, qurulan nikahdan azad olmasına dair çoxsaylı müraciətlər ünvanlayır,   hüquqi müstəvidə məsləhətlər  istəyirlər. Sorğular isə fərqlidir: kimisi, sadəcə nikahın pozuntusunu, çoxu isə boşanarkən nə qədər alimentə, mülkə, qızıla sahib olacağı ilə maraqlanır, hətta bərabər evlilik dönəmindəki digər qazanc payının miqdarını soruşanlar da az deyil.

Bosanma

Nə baş verir ailələrdə? İldən-ilə artan boşanmalar nəyin nəticəsidir?

Son illər cəmiyyətdə “boşanma bumu” yaşanır. Əvvəllər daha çox mühafizəkar formada yanaşılan ailə qaydaları, qurulan ailənin əbədiyaşar olması kimi dəyərlər artıq mifə çevrilir.

Hətta  ailə quran  valideynlərin “qızım kəfənin ancaq ər evindən çıxa bilər ” , yaxud “ailə oyuncaq deyil oğul, ildə biri ilə qurula” kimi sərt təpkilər də artıq işə yaramır. Kökündə şəxsin özündən asılı olan, olmayan çox səbəblər dayanır.  Yenə qrupa nəzər salaq: müraciətlərə nəzərən xəyanət, iqtisadi-sosial çətinliklər, ailə içi şiddət,  qadının ər evində gün görməməsi, kişinin qadını  ilə yola getməməsi, xasiyyət uyğunsuzluğu və pis vərdişlərə meyillilik səbəblər sırasında əsas yer tutur.

“İki ildir ailəliyəm, bir övladım var. Amma məsələ ondadır ki, bu insan qətiyyən  ailəsinə baxmaq istəmir. Ondan pul almaq qəliz məsələdir, bir fəhlə üçün pis qazanmır.  Amma nə uşağa baxır, nə kömək edir, ancaq özünə xərcləyir. Deyəndə ki, uşağın ehtiyacına pul ayır, anındaca imkansızlıqdan şikayətlənir. Təngə gəlmişəm, artıq boşanmaq istəyirəm. Bunun üçün nə etməliyəm və boşanma ərizəsini necə yazmalıyam?”. Fatimə  Qasımova dolanışıq olmadığından boşanma ərizəsi barədə məsləhət istəyir.  İş tapmayan, gəlir qazanc yeri olmayan ailə başçılarına sevgidən və xoşbəxtlikdən nə qədər danışsan da,  boş vəd kimi görünər. Bir-birinə qarşı yaşanan aqressiv və kobud rəftar gec-tez ayrılma ilə nəticələnir. Ortalıqda uşaq(lar) varsa, vəziyyət daha qəliz forma alır. Onlar şiddətin travmasından, üstəgəl valideyn ayrılığının zərbəsindən ömürlük mənəvi zədə alır. Qayıdaq digər  boşanma  səbəblərinə.

Çox vaxt kişi xəyanəti boşanmaya səbəb olsa da qadınlardan da eyni mövzuda olan şikayətlər artmaqdadır. Bəzən bu məqsədli şəkildə iftira da ola bilər, haqlı da.  Bunun ictimai müzakirəsi vacibdir ki, qarşı tərəfin şər hədəfinə tuş olmasınlar.

“Bizim yaxın bir qohum var, boşanıblar. Səbəb xəyanətdir. Qadının şəkili oğlanlarla yazışması,  səs yazıları var. Qadın onları boynuna alır, vəkillər də deyir ki, ortada ciddi sübutlar var. Ortalıqda iki övlad var. Nə etmək olar? Onsuz iki övladına qadın baxmır”- deyə Kəmalə Məhərrəmova adlı  “facebook” istifadəçisi qrupa müraciət ünvanlayır.

Kişilər “Analıqdan məhrum elətdirin, üstəlik məhkəməyə verib aliment də aldırın, o anaya ölüm olsun” deyə yazarkən məlum olur ki, qanunda əxlaq anlayışı fərqlidir, xəyanət edən qadının polis tərəfdən əxlaqsızlıqla bağlı protokolu mütləqdir ki, bəlkə qarşı tərəf bu tip üsullarla şər atır təqsirləndirilən şəxsə.

Yaxud Ülvi Arifli adlı şəxsin müraciətinə baxaq: “Salam, zəhmət olmasa məlumat verərdiz. Boşanma zamanı uşaq anada qalanda, ata ilə görüş üçün uşağın  razılığı neçə yaşından sora nəzərə alınır? Mən Naxçıvanda yaşayıram, əks tərəf Bakıda. Boşanma məhkəməsi Bakıda olub. Mən uşağı görmək üçün iddia ərizəsini Naxçıvanda məhkəmə orqanlarına verə bilərəm? Birdə ki,  məhkəmə prosesi birtərəfli olduğu üçün uzandı və həmin vaxtı aliment üçün pul məbləği yığılıb. Mən rəsmi gəlirə sahibəm, o yığılan məbləğ birdən tutulacaq, ya bölünmə yolu ilə?”

Cavabını hüquqşünaslar verib, amma bu tip sualları artıran boşanmalar narahatedici məqamdır.

bosanma

Hüquqi Yardım Mərkəzi Benefisiardan sorğuya cavab olaraq bildirdilər ki, tərəflərin  xasiyyət cəhətdən bir-birinə uyğunsuzluqlarından tutmuş  maliyyə problemlərinə qədər  çoxsəbəblidir  boşanmalar. Bu faktı eyni zamanda ünvanladığım digər hüquqşünaslar da təsdiqlədi.  Hüquqşünas Kənan Tağıyev  Lent.az-a bildirir ki, məlum səbəblərdən daha çox qadınların müraciəti üstünlük təşkil edir.

“ Ötən ay təkcə ofisimizə məhkəməyə boşanmaq üçün  hüququ yardım  məqsədi ilə 38 müraciət daxil olub ki ondan bundan 37-si qadındır, yalnız biri kişi. İl ərzində isə 150-dən artıq müraciət olur. Maddi qazanc, mülkiyyət  tələbi çoxalıb. Qəribədir ki, boşanan tərəflər birgə nikah dövründəki əmlakla yanaşı, birgə nikah dövründə qazanılmayan mülkə və ər-arvada dəxli olmayan qayınata, qaynana əmlakından pay iddiaları qaldırır və bu tip müraciətlər artmaqdadır. Ümumiyyətlə, boşanma prosesi sadədir. Bu da rahat şəkildə boşanmanı gerçəkləşdirir”.

Qaynana -gəlin, gəlin-baldız  münasibətləri daimi problem olsa da , amma görünən odur ki, artıq çəkilməz olub və ömür-gün yoldaşı deyimi də bu ya digər  çoxsaylı səbəblərdən tarixə qovuşur.

Məşhur “Qaynana” filminin qəhrəmanı demişkən: “Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da olmalıdır” deyimi artıq keçərsizdir. İllərdir tərəflər arasında hökm sürən komplekslər “oğul mənimdir”, “ər mənimdir” kimi qısqanclıqlar artıq müasir nikahların ömrünü uzun etmir. Ya qaynanadan ayrı yaşamağı, ya da  boşanaraq yaşamağı seçirlər. Psixoloqlar boşanmada qadın faktının çoxluğunu həm də artıq qadınların öz hüquqlarını bilmələri,  təhsilli və iş sahibi olması ilə əlaqələndirir. Öz gücünü bilən qadın, qarşı tərəfin hüquq pozuntularına göz yummur.

Ad da olur, xasiyyət uyğunsuzluğu. Bunu son on ilin  qurulan və pozulan nikah saylarına nəzər yetirəndə aydın müşahidə etmək olur. Bu illər ərzində qurulan nikahlara nisbətən boşanma sayı daha çox artıb. Yaxın son iki ilə nəzər salaq.  2019-cu ildə ölkə üzrə 63 869  nikah , 17148 boşanma faktı vardısa, bir il sonra isə bu rəqəmlər 35348 və 14 628  göstəricisində olub. Hələ ki, oktyabrdır, amma boşanmaların sayı bu il üçün də az deyil, 8168-dir. Rəqəmlər artmaqda davam edir. Bunu  doğuran iqtisadi sosial, mədəni və tibbi səbəblərlə yanaşı, artıq əsrlərdir mühafizəkar rejimdə, adət-ənənə məngənəsində sıxılan qadınların öz azadlığına, təməl insani hüquqlarına, qadağalar, işgəncələr və ər-qaynana-baldız despotuna etiraz əlaməti də xüsusi rol oynayır. Üstəgəl,   pandemiyadakı qapanma, monoton həyat tərzi, işsizlik və psixoloji problemlər də az rol oynamadı. Münasibətlərin gərgin hal alması, boşanma həddinə çatması isə daha çox qadınların işgəncə yaşaması və qətli ilə nəticələnir. Son 6 ayın statistikası 33 qadının amansız qətlini açıqladı ki, onların çoxu sosial şəbəkə və ana axın mediada güclü səs-küy yaratdı. Ər işgəncəsi o həddə çatıb ki, hətta polis  belə həyat yoldaşını iş yerində amansız şəkildə qətlə yetirmək hüququnu özündə görür. Qayınatası  tərəfdən doğranılaraq zibil qutusuna atılan qadının qətli kölgədə qaldı. Boşanmalar bir sözlə, artan zorakılığın kökündən qaynaqlanır.

Boşanma sayının artımı artıq dövləti də narahat edir. Bu qəbildən sadə boşanma prosedurunda bir neçə dəyişiklik edilib.  Belə ki, əvvəllər nikahın pozulması üçün ödənilən dövlət rüsumunun miqdarı 20 manatdan 100 manata qaldırılıb. Məbləğin dörd qat artımı müraciətlərin sayına qismən də olsa təsir edilsin deyə, atılıb.

İkinci bir addım isə məhkəməyə lazımı sənəd və ödənişlə yaxınlaşan şəxsin müraciəti dinlənərkən baxılmazdan öncə  mediatora müraciət edilməsidir.  Bu peşə 2019-cu ilin  mart ayının 29-da Milli Məclisdə qəbul edilən Mediasiya haqqında qanunla rəsmi olaraq  yarandı. Mediator – mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir.  Boşanmadan öncə tərəflər mediasiyaya cəlb edilir. Benefisiardan mövzuya münasibət olaraq bildirildi ki,  Mediasiya sadəcə prosesi sadələşdirir.

“Yəni boşanmada israrlı olan biri onsuz da mediasiyaya getsə belə yenə boşanmaqda israr edir. Mediasiyanın məcburi tətbiq olunmağının səbəbi prosesin sadələşdirilməsidir. Yəni elə vətəndaş ola bilər ki, sadəcə mediasiya prosesində məsələ həll olsun. Yəni birdə məhkəməyə ərizə ver, gözlə ki, işə nə vaxt baxılacaq və beləliklə də proses uzanır. Sadəcə sadə bir problemə görə də boşanmaq üçün məhkəməyə müraciət edən şəxslər var. Hansıkı sadə bir məsələni böyüdürlər. Amma mediasiya belə olan hallarda tərəfləri dinləyir və lazımi məsləhətlərini verir. Nəticədə məsələ uzanmır”

Boşanmalarda mülk bölgüsü, aliment tələbi maraqlı olduğundan, bəzi hüquqşünaslar evlənməzdən öncə müqavilə bağlanmasını da çıxış yolu kimi görürlər.

“İcbari qaydada “Evlilik kontraktı” tətbiq etmək lazımdır, başqa çıxış yolu görmürəm, imkanlı da kasıb da boşanır, yəni tək maddiyyat səbəb deyil. Bütün aspektlər müqavilədə göstərilsə boşanmaların sayı azalar.

Əsasən boşanmaya təşəbbüs xanımlar tərəfindən olur və çoxu boşanmamış haqlı və haqsız mülkdən pay istəyirlər, aliment davası edirlər və qisas kimi övladı atası ilə görüşməyinə şərait yaratmırlar.

Yeganə çıxış yolu evlənməmişdən əvvəl müqavilə bağlamaqdır”, hüquqşünas Ruslan Xamoyev çıxış yolunu belə izah edir .

bosanma

Ailə psixoloqu Müşfiq Mehdibəyli isə deyir ki: “Nə qədər ki, ailə müqəddəs dəyərini itirir, nə qədər ki maddi məsələlərə görə ailələr qurulur, nə qədər ki, sosial-iqtisadi problemlər, işsizlik çox olur və nə qədər ki, kişi, qadın hüquqları qorunmursa,  qarşılıqlı hörmət, məsuliyyət əsasında münasibətlər nizmanlanmırsa, boşanma bumunun qarşısı alınmaz olacaq. Sonucda bütün problemlər psixoloji baryeri aşır və dəyərlər aşınır”

40000 boşanma işinə baxan və 2000 evli cütlüyü barışdırmağı bacaran Çikaqodan olan hakim Cozef Sabbat deyirdi: “Əksər evli cütlüklərin faciəsinin əsasında gündəlik həyatın xırdalıqları yatır. Məsələn, işə gedərkən ərin sağollaşmaq üçün əlini yelləməsi kimi adi bir şey bir çox boşanmanın qarşısını ala bilərdi”

Qərb cəmiyyətindən fərqli olaraq Azərbaycan cəmiyyətində sadalandığı  kimi, boşanma problemi adi bir şeylərdən asılı deyil, varsa da az qismidir.

Amma dəyərləri, ailələrini qoruyan cütlüklər də az deyil. “Biz 14 il yarım evliyik. Yoldaşım hər gün işə gedəndə və qayıdanda öpüşüb-görüşüb gedir bizimlə. Səhər mənlə, qayıdanda hər bir ailə üzvü ilə” müsbət mövqe bildirən Aynurə Qasımova kimi.

Sadalanan problemlər vacib həllini taparsa Aynurə xanımların sayı artar, boşanmalar deyil, barışıqlar çoxalar.

 

Günel İsayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir