samir ortoped

Ortoped-travmotoloq: “20- 50 yaş insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər” – MÜSAHİBƏ

Baxış sayı: 9. 160

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olmuş və orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

– Bir çox xəstəliklər kimi onurğa xəstəliklərinin də cavanlaşdığını deyə bilərikmi?

– Onurğa xəstəlikləri çox böyük məfhumdur. Onurğa deformasiyaları, onurğa travmaları, onurğa bağ problemləri, fəqərəarası disk problemleri və s. hamısı onurğa problemlərinin tərkib hissəsidir. Bunların içərisində onurğa deformasiyaları onsuz da uşaq və yetişkin yaşda görülən, bəzən isə daha sonrakı yaşlarda görülən xəstəliklərdir. Bu mənada cavanlaşdığını demək o qədər də doğru olmaz.

Mən başa düşdüyüm qədər, siz əsasən, onurğa duzlaşması deyilən – dejenerativ onurğa və fəqərəarası disk problemlərini nəzərdə tutursunuz. Bu mənada sizə haqq vermək olar. Digər tərəfdən onu da qeyd etmək istərdim ki, tibbdə yeni müayinə vasitələri və müalicə metodları kəşf olunduqca və inkişaf etdikcə, eyni zamanda qoruyucu tibb ve tibbi məlumatlandırma, əhalinin tibbi maarriflənməsi irəlilədikcə xəstəliklərə öncəki illərə və əsrlərə görə daha erkən diaqnoz qoyulur və beləliklə, xəstələr daha cavan yaşlarda xəstəliyə tutulduqlarını öyrənirlər. Bu isə cəmiyyətdə yanlış fikir formalaşdırır. Buraya eyni zamanda nomenklaturaya yeni daxil edilmiş diaqnozları da əlavə etmək istərdim. Deyək ki, bir-birinə çox yaxın olan 2-3 müxtəlif  onurğa və ya ürək və ya başqa bir orqan  xəstəlikləri eyni ad altında təsnif olunurdusa, siz bunları indi yeni adlarla ifadə etdiyinizdə həm xəstəliklərin, həm də xəstələrin sayı və çeşidi artmış olur. Bu da təbii olaraq xəstəliklərin əhali arasında fərqli yaş qruplarında görülmə sıxlığını artırır.

 

“Hətta öz-özlərinə diaqnoz qoyanları, daha da irəli gedərək müalicəyə başlayanları ətrafımızda çox eşidirik”

– Ölkəmizdə son illərdə insanların bel ağrılarından şikayətlərinin artdığı müşahidə olunur. Bu tendensiya nə ilə bağlı ola bilər?

– Bu sualınız digər sualınızın məntiqi davamı olduğu üçün mən də cavabıma qaldığım yerdən davam edim, həm də fikirlərimi bir az daha qüvvətləndirmiş olaram. Təbii ki, xəstəliklər də yaş, cinsiyyət, peşə, hətta irq fərqliliklərinə görə müəyyən bir qanunauyğunluqla yayılırlar, ya da təsnif edilirlər. Deyək ki, ‘’X’’ bir xəstəlik, əsasən, 20 -40 yaş insanlarda daha çox görülür. Bunun da səbəbi yaşla bağlı olan toxumalarda gedən proseslər,  məruz qalınan fiziki və təbii faktorlar, yanaşı gedən xəstəliklər və s.-dir. Həkim də bir xəstəni analiz etdiyi zaman bu faktorları hər zaman nəzərdə tutur və diaqnoz üçün əlində olan ipuclarından yola çıxır. Amma sonrakı müayinə nəticələri onun yekun fikrini təbii ki, dəyişdirə bilər. Bunlar hamısı məntiqi  həqiqətin nəticəsidir. Məsələn, 20- 50 yaş insanlar əmək fəaliyyəti ilə məşğul olan, eyni zamanda aktiv idman qabiliyyəti olan insanlardır. Buna görə də bu yaş qrupunda bel ağrıları, əsasən, onurğaətrafı əzələ, fəqərəarası disk, bağların xroniki zədələnib tam sağalmamasından qaynaqlana bilər. Bunun tərsi olaraq yaşlı xəstələrdə sümük keyfiyyətinin azalması, qığırdaq tərkibinin dəyişməsi, bağ sisteminin zəifləməsi illərdir yük daşıyan onurğada təbii dəyişikliklərə yol açmaqdadır. Bu yaş qrupunu ağrılarında da sadaladığım səbəblər ağla gəlməlidir. Fəqət, tibbdə kəskin qaydalar yoxdur. Bir yaş qrupunun ağrıları digər yaş qrupunda, bir cinsiyyətin xəstəliyi başqa cinsiyyətdə görülə bilər.

Bel ağrısı, dünya statistikasında, təcili yardım xidmətinə müraciət səbəbləri arasında 1 və ya 2-ci yerdə gəlir. Bizim ölkədə təcili tibbi xidmət daha əhəmiyyətli xəstəliklərin müalicəsi ilə məşğul olduğundan bel ağrılı xəstələr, əsasən, poliklinikalara bu şikayətlə müraciət edirlər. Burda dünya statistikasına zidd heç nə yoxdur. Sadəcə olaraq, sosial media və xəstələrarası gözlə görünməyən ünsiyyətin artması, internetdən alınan məlumatlar, əvvəllər müalicəsi yoxdur dediyimiz xəstəliklərin müalicə oluna bilməsi, ixtisaslı həkimlərin sayının artması xəstələrin öz şikayətlərinə və sağlamlıqlarına daha məsuliyyətli yanaşamalarına imkan verir. Bu, təbii ki, çox müsbət bir haldır. Fərqli diaqnozlu xəstələrin necə düzgün müalicə olunub sağlığına qovuşduğunu görən və ya zamanında müalicə olunmadığı üçün problemler yaşayan xəstələrin necə əzab çəkdiklərini görən normal bir insan bənzər şikayətlər hiss edər-etməz həkimə müraciət edirlər. Burda çox həssas bir məqamı da gözdən qaçırmamaq lazımdır ki, bu məlumat və xəbərləşmə bolluğu, bəzən, insanları yersiz təlaşlandırır, hətta öz-özlərinə diaqnoz qoyanları, daha da irəli gedərək müalicəyə başlayanları ətrafımızda çox eşidirik. Onu unutmamaq lazımdır ki, həkimin müayinəsi sizin üçün ən doğru yol göstəricidir.

11416328_10153377015319727_6099743719845260362_oİdman travmaları, peşə ilə əlaqədar xronik onurğa travmaları, həyat şəraitinin dəyişməsi, artıq kilo, əhalinin orta yaşının artması, müalicə edilməmiş onurğa deformasiyaları, ağır fiziki işlər və s. – bu sıranı çox uzatmaq olar- bel ağrısı səbəbləri arasında sadalana bilər.

Çox incə bir nüansa diqqətinizi çəkmək istərdim. Son 20 ildə tibbdə o qədər yeni xəstəlik və düzgün müalicə metodları kəşf edilib ki, əvvəllər, o xəstəlik sahibi olan insanlar ümidsiz şəkildə evlərində əzab çəkirdilər. Artıq bu və ya bənzəri probləmləri olan xəstələr həkimlərə müraciət edirlər – haqlı olaraq- bu isə statistikaya təsir edir. Sualınızda qeyd etdiyiniz ‘’müşahidə olunur’’ məhz bu statistikanın müşahidəsidir. Dolayısı ilə, bir tək tibbin inkişaf etməsi və xəstəliklərin artıq ‘’müalicəsi yoxdur’’ kriteriyasından çıxıb ‘’ müalicə oluna bilər’’ sırasına daxil olması belə bel ağrısı şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına əhəmiyyətli dərəcədə təsir edir.

Yekun olaraq, demək istərdim ki, bu artım əslində öncədən də mövcud olan xəstələrin rəsmi qeydiyyatdan keçməyinə bağlı olan nisbi artımdır.

 

“Bəzən xəstələr sırf ”cihaza girmək” üçün həkimə müraciət edir”

– Bu cür bel ağrılarının diaqnostikası və müalicəsi necə aparılır? Bəzi ara həkimləri bu xəstəliyi əllə müalicə etdiyini bildirir. Bəzi pasiyentlər isə bu müalicələrin nəticə verdiyini etiraf edir. Necə düşünürsünüz, bu, mümkündürmü?

– Hər bir xəstəliyin müalicəsi həkim müayinəsindən başlayır. Müayinəyə yuxarıda da sadaladığım kimi, xəstənin yaş, cinsiyyət, öncə keçirdiyi xətəliklər, peşəsi, hobbiləri, idman fəaliyyəti və s öyrənilərək yola çıxılır. Sonra fiziki müayinə dediyimiz həkimin əli ilə apardığı müayinə ilə davam edilir. Ən əhəmiyyətli müayinə elə məhz budur. Burda haşiyə çıxmaq istərdim ki, dünyanın bir çox yerlərində , o cümlədən ölkəmizdə də məşhur olan, internet həkimliyi, uzaqdan müalicə olunmaq istəyi çox əbəs və yanlış yanaşmadır. Siz hər nə qədər şikayətlərinizi internetə yazsanız da, fərqli cihazlardan çıxan nəticələrinizi tanıdığınız həkim dostlarınıza və ya qohumlarınıza göndərsəniz də bu, sizə diaqnoz qoymaq üçün kifayət etməz, müalicə üçün isə heç danışmıram. Belə yanlışlıqlara düşənlərə səslənirəm ki, hər nə qədər oxuduğunuz yemək reseptlərindən yeməyin dadını ala bilmədiyiniz kimi həkim müayinəsi olmadan da diaqnoz ala bilməzsiniz.

Mövzumuza qayıdaq. Fiziki muayindən sonra sıra instrumental muayinəyə gəlir. Buraya Rentgen, Tomografi, MRT, EMG, qan analizləri  və s. müayinə metodları daxil edilə bilər. Əsasən, müayinələr bəsitdən mürəkkəbə, ucuzdan bahalıya doğru aparılır. Amma həkim əsas şübhələndiyi xəstəliyə daha ucuz və bəsit metodlarla necə çata biləcəyinə özü qərar verir. Günümüz tibbində insanlar həkimi hər hansı müayinə metoduna yönəldir, bəzən, məcbur edir, bəzən, sırf ”cihaza girmək” üçün həkimə müraciət edir. Bunların hamısı yolverilməz hallardır. Həkimi sıxışdırdıqca onun sizə yardım etmə potensialını azaldırsınız.

Ara həkimləri dünyanın hər yerində mövcuddur. Bu, təcrübi medikal və ya paramedikal üsullar adlandırıla bilər. Hər hansı elmi əsası yoxdur. Belə üsullardan xəstələr bəzən fayda görə bilər, bu, çox normaldır. Amma bu, o demək deyil ki, xəstəliklər bu vasitələrlə müalicə olunmalıdır. Hər üsulun müraciət etdiyi əhali qrupu var. Elmi əsaslandırılmış tibbin də müraciət etdiyi əhali elmli, elmə üstünlük verən, təhsilli, maarifli insanlardır. Bunlardan uzaq olan insanları bir şeyə inandıra bilmək çox çətindir.

 

“…bu, xəyanət olardı”

– Sınıqçılara nə qədər bel bağlamaq olar?

– Yuxarıda qeyd etdiyim kimi, bu peşə qədim peşədir. Təcrübəyə əsaslanan peşədir. Amma elm yüksək inkişaf etmiş cəmiyyətlərdə bunları qabaqlamışdır. Biz də elm yolunu tutmalıyıq.

– Bel bağlamaq demişkən, ara həkimlərin “bel bağlamaq” metodu da var. Nə qədər effektiv ola bilər.

– Bunlar eyni məzmunlu suallardır demək olar ki. Biz, elmi təmsil edən kütlə olaraq, elmi əsası olmayan şeyləri dəstəkləyə bilmərik. Bu, oxuduğumuz kitablara, yiyələndiyimiz elmə xəyanət olardı. Sınıqçıların da, ara həkimlərin də, ”bel bağlayanlar”ın da əlil qoyduğu xəstə qrupları var.  O qrupu bizlər tanıyırıq, çünki, kor-peşman şəkildə bizə gəlirlər, gec olsa da.  Yəni bir iş 5 nəfərə yardım etmişsə, o faydalı işdir deyilə bilməz. Bu, təkcə ara həkimlərinə aid deyil. Elmi tibbdə də belədir. Hər həkim müəyyən xəstəliyi öz istədiyi kimi müalicə edib, sonra ”bu xeyirlidir” deyə onu təqdim edə bilməz. Əgər  həqiqətən faydalı müalicədirsə, o, elmi şəkildə sənədləşdirilir, təhlil olunur, araşdırılır, tənqid olunur, sonra dərc olunur və bütün tibb aləminə təqdim olunur. Belə olmayan hər hansı müalicə artıq qəbul edilmir və icra olunmur, bu, birmənalıdır.

 

Hansı ayaqqabıları geymək məsləhətdir?

– Ortopedik problemlər nə qədər geniş yayılıb?

– Ortopedik problemlər təxmin edildiyindən daha çoxdur. Təkcə bunu demək kifayətdir ki, Azərbaycanda hələ ortopediya deyildiyində söhbətin nədən getdiyi böyük əksəriyyət tərəfindən anlaşılmaz qalır. İnsanlar çox vaxt travma üçün bir ortopedistə müraciət edirlər. Əslində isə ortopediya həm çoxşaxəli, həm də orqanizmin ən çox faizini əhatə edən bir sahədir. Onurğa, çiyin qurşağı, yuxarı ətraflar, çanaq daxil alt ətraflar, bu bölgələrin xoş və bədxassəli şişləri, bütün deformasiyaları, əzələ və vətər problemleri, bütün oynaq problemləri, anadangəlmə skelet problemləri, idman yaralanmaları deyilən yeni və böyük bir xəstəliklər qrupu, bəlkə də özümün də yadımdan çıxan daha fərqli problemlər Ortopediya adlı sahənin maraq dairəsindədir və xəstələr bu problemlərlə ilkin olaraq Ortopediya həkiminə müraciət etməlidirlər. Çox qısa bir haşiyə çıxım ki, mən özüm də ixtisas seçərkən bu ixtisasın bu qədər geniş olduğunu bilmirdim. İxtisas aldığım müddətdə onu müşahidə etdim ki, gün içində poliklinika və təcili xidmət bölməsinə müraciət edən xəstələrin ən böyük hissəsi ortopedik xəstəliklərdən əziyyət çəkir. Bu sahənin tanıdılması hər halda bir az zaman tələb edir.12109917_914828205249013_4318378431515012850_o (1)

– Ortopedik ayaqqabıları uşaqlara hansı yaşa qədər geyindirmək lazım gəlir? Və bir bu sualın davamı olaraq, soruşmaq istərdik ki, bu ayaqqabıları necə tanımaq olar?

– Buna cavabı mənim bir professorumun dili ilə cavablamaq istərdim. Ortopedik ayaqqabı yoxdur. Hansı ayaqqabı rahatdırsa , o, ortopedikdir. Ortopedik ayaqqabı termini, reklam xatirinə istifadə olunan bir şeydir. Zərərli ayaqqabılar var, bu da bir həqiqətdir. Amma ayaqqabı markaları bu termindən öz xeyirlərinə istifadə edirlər.  Ayaq içini dəstəkləyən, ayaqda problemler yaratmayan və ayaq anatomiyasına zidd olmayan ayaqqabılar hamısı geyinilə bilər.

Məsələyə tərs tərəfdən yanaşsaq, bunun deyə bilərəm ki, uşaqlarda pis ayaqqabı geyindi deyə hər hansı ayaq problemi əmələ gəlməz. Varsa problem və ya genetik meyl və ya bağ zəifliyi və ya başqa bir səbəb, o zaman hər ayaqqabıda o problem görüləcək. Müalicə isə həkimin təyin etdiyi bir şeydir, xəstəliyə görə ayaqqabı modifikasyonları, həqiqətən də mövcuddur.

– Duzlaşmaya qarşı profilaktik tədbirlər nələr ola bilər?

– Duzlaşma, osteoartrittir. Yaşa bağlı olaraq oynaqlarda baş verən alınma prosesidir. Bunu əhaliyə düzgün izah etmək lazımdır. Hər mexanizm çalışdıca müəyyən aşınmaya məruz qalır, o cümlədən də orqanizm. Bunlar qaçılmaz problemlərdir. Amma bəzi insanlarda tez, bəzilərində gec olur. Osteoartritin tam səbəbi bilinməməkdədir. Amma onurğa və aşağı ətraflarda kilo bu xəstəliyə yol aça bilər. Ya da onurğada və ya aşağı ətrafda anatomik problem varsa, o oynağın izafi yüklənməsindən daha erkən yaşlarda osteoartrit görülə bilər. İdmanla məşğul olmaq hər zaman ən yaxşı profilaktika sayıla bilər.

– Bir oxucumuz soruşur ki, mənim ayaq barmağım 1-2 il olar, əyilib. 32 yaşım var. Bu, nədən ola bilər? Və həlli yolu nədir?

– Anladığım qədər, bu, halluks valgus dediyimiz, ayaq baş barmağının ikinci barmağa doğru əyilməsidir. Bu xəstəliyin dəqiq etimologiyası məlum deyil, amma oynağı sabitləyən elementlərin iç tərəfdə zəif olması, xüsusən qadınlarda, dar ayaqqabıların geyilməsi, bəzən, genetik problemler əsas səbəb kimi göstərilir. Amma əyrilik digər barmaqlarda da ola bilər, hər birinin ayrı adı var.

Halluks valgus misalı üzərindən davam edim, çünki ən çox əyrilik bu barmaqda görülür. Bu əyriliyin müalicə meyarları dərəcəsinə görə fərqlidir. Oynağın tipinə, Rentgen müayinəsində ölçülən bəzi dərəcələrə görə müalicə taktikası dəyişə bilir. Bəsit bir silikon tətbiqindən, fərqli səviyyələrdə sümük kəsilib düzəldilmələrinə qədər müxtəlif prosedurlar mövcuddur. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu özü də bir deformasiyadır, nəticə etibarilə.

– Başqa bir xəstəmiz soruşur ki, anamın bel nahiyyəsində duzlaşma var. Hətta duzlaşmadan bel sümüklərində əyilmə də müşahidə olunur. Onun bir neçə il öncə belində və boynunda hiss etdiyi ağrıları indi – 28 yaşımda mən də hiss etməyə başlamışam. Bu, nə ağrılarıdır? Necə profilaktik tədbirlər görə bilərəm?

– Maraqlı sualdır, burdan çox gözəl bir mövzuya qapı açılır. Sizi yormadan söyləyim ki, bu, “ankilozlaşan sponidilit” adı verilən, revmatizmal xəstəliklər qrupundan bir xəstəlik ola bilər. Gənc yaşlarda başlayır, əsasən və irəlilədikcə onurğa əyilmələrinə yol açır. Təkcə bel ağrıları deyil, hətta ilk başladığından qalça nahiyələri də ağrı ilə başlaya bilir. Zamanında diaqnoz qoyulması şərtdir, çünki ilk başda ortopedist müdaxiləsi olmadan, revmatoloq tərəfindən müalicəsi planlaşdırılır. Ortopedik problemlər xaricində də fərqli orqan və sistemlər də problemlərə çox meyllidir. Ona görə tövsiyəm, bəlkə öncə ortopedistə, bəlkə də həm ortopedistə, həm də revmatoloqa eyni zamanda müraciət edilməsidir.

Allah bütün xəstələrə şəfa versin. Hər kəsə ən dəyərli nemət olan sağlamlıq arzu edirəm.

Söhbətləşdi: Vüsal

859954_568144676529851_1079133734_o




1 şərh “Ortoped-travmotoloq: “20- 50 yaş insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər” – MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir