ovladliq

Övladlığa uşaq götürmək üçün nə etməli?

Baxış sayı: 608

Valideynsiz, ana sevgisi, ata qayğısı görmədən böyüyən uşaqlar üçün yaşadıqları həyat təkcə böyük travma deyil, eyni zamanda  şəxsiyyətin yanlış formalaşması, problemlərinin qeyri-adekvat qavranılması deməkdir. Əvvəllər Avropa ölkələri monastırlarında yoxsullar, kimsəsizlər və atılmış uşaqlar üçün sığınacaqlar var idi. Bir sıra ölkələrdə kilsə icmaları hələ də uşaq evlərini öz himayəsində saxlamağa davam edir. Uşaq evləri sistemi də elə buradan formalaşıb. Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun verdiyi məlumata görə, dünyada 2,7 milyondan çox uşaq evləri, internat məktəbləri və oxşar müəssisələr fəaliyyət göstərir. Müxtəlif səbəblərdən dolayı körpə sahibi ola bilməyən insanlar həm ailələrində övlad sevinci yaşamaq, həm də dünyaya bir insan qazandırmaq naminə həmin müəssisələrə müraciət edirlər. Bu proses kifayət qədər məsuliyyətli və xərc tələb edən işdir. Ölkəmizdə də bu məsələ bir xeyli mürəkkəbdir. Araşdırmalara görə, övladlığa uşaq götürmək istəyən ailələrin 2 min manatdan 10 min manatadək xərci çıxır. Həm də bu proses bir xeyli vaxt alır. Bu xərc və vaxt itkisinin çoxluğu bir çox hallarda insanları bu istəklərindən imtinaya vadar edir.

“Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə  övladlığagötürmə prosesi zamanı valideyn-namizədlər üçün xüsusi təlimlərin və təlimlərdən sonra imtahanların təşkil olunduğunu bildirir: “Təlimin sonunda valideyn-namizədin övladlığa götürmə ilə bağlı özünəinam, özünüdərk, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma və valideynlik bacarıqlarının inkişaf səviyyəsi kimi nüanslar qiymətləndirilir. Bəzi hallarda  valideyn olmaq istəyənlər imtahandan keçə bilmədikləri üçün şikayətlənirlər. İmtahan həyəcanı yaşadığı hallarda valideyn-namizədlər üçün ikinci imtahan təşkil olunur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə ilə bağlı idarəetmə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin elektron sistem üzərindən həyata keçirilməsinə başlanılıb. Bəs bu proses hüquqla necə tənzimlənir?

Hüquqşünas Vüqar Tumasov bildirir ki, mövcud qanunvericiliyə əsasən, rəsmi nikahı olmayan ər və arvad tərəfindən uşaq övladlığa götürülə bilməz: “Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın arasındakı yaş fərqi 16-dan az olmamalıdır. Amma istisna hallarda məhkəmə tərəfindən üzrlü hal hesab edildikdə yaş həddi qısaldıla bilər. Ər ilə arvad nigahdadırsa və ər arvadın uşağını övladlığa götürmək istəyirsə, bu zaman yaş fərqi nəzərə alınmır. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə isə uşaqların övladlığa verilməsi yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı ilə mümkündür. Övladlığa götürülən uşaq qanunla mühafizə olunur. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı yalnız onun razılığı ilə dəyişdirilə bilər”.

Azərbaycanda övladlığagötürmə üçün öncə valideyn-namizədlər yaşadığı ərazi üzrə icra hakimiyyətinə müraciət edərək özləri, sağlamlıqları və gəlirləri haqqında məlumat verməlidirlər. Bütün sənədlər təqdim olunduqdan sonra icra orqanı ailənin qiymətləndirməsini aparır və ilkin rəy təqdim edir. 3 yaşına kimi uşaqlar Səhiyyə Nazirliyi, 3-18 yaşlı uşaqlar isə Təhsil Nazirliyi tərəfindən ailələrə təklif olunur. Ailə uşaqla ünsiyyət qurur, problem yaranmadığı təqdirdə məhkəməyə müraciət edilir. Məhkəmə tərəflərin hüquqlarını nəzərə alaraq, övladlığagötürmə haqqında qərar qəbul edir.

Övladlığa uşaq götürərkən hər iki tərəfin psixoloji durumu mütləq şəkildə araşdırmalıdır. Psixoloq İlhamə Mustafayevanın sözlərinə görə, övladlığa uşaq götürülərkən ilk növbədə qərarın dərk olunmuş, yoxsa dərk olunmamış motivlər əsasında verildiyi araşdırılmalıdır: “Dərk olunmamış şüuraltı motivlər var və bəzən insanlar hansısa bir boşluğu doldurmaq üçün uşaq götürmək istəyirlər ki, bu da uşaqların həm fiziki, həm də psixoloji inkişafına mənfi təsir göstərir. Uşaqlardan dərd yoldaşı, sirr yoldaşı kimi istifadə etmək olmaz”.

Övladlığagötürmə zamanı valideyn-namizədləri düşündürən bir sual da bu sirrin uşağa açılıb-açılmaması məsələsidir. İ.Mustafayevanın sözlərinə görə, övladlığa uşaq götürən valideyn-namizədlər  anlamalıdır ki, o uşağın bura qədər də bir həyat tarixçəsi var. Psixoloq onu da qeyd edir ki, uşaqlar öz bioloji valideynlərinin kim olduğunu bilməlidirlər: “Çox vaxt  övladlığa uşaq götürən valideyn-namizədlər qorxurlar ki, bioloji valideynlərini görəndə uşaqlar onlardan imtina edə bilərlər. Uşaqlar özlərini sevəni və ona qayğı göstərəni daha çox sevir. Ona görə də övladlığa uşaq götürən valideyn nə qədər səmimi olsa, bir o qədər uşaq ona yaxın olacaq. Çox zaman uşaqlığa övlad götürən şəxslər genetik faktorları daha çox  şişirdirlər, uşaq özünü yaxşı aparmayanda onu birbaşa genlə əlaqələndirirlər. Lakin burada əsas rol oynayan psixoloji faktorlardır.  Bir uşaq qayğıdan, sevgidən, diqqətdən məhrum olanda onun davranışlarında da problemlər yaranır. Valideyn-namizəd bilməlidir ki, övladlığa uşaq götürürsə, uşağa qarşı həddindən artıq sevgi verməli və həqiqəti deməyi bacarmalıdır”.

Qeyd edək ki, övladlığagötürmə zamanı əsas məqamlardan biri də məxfilik hüququnun qorunmasıdır. Məxfilik hüququnun pozulmasında əli olan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna bilərlər.

 

Havar ŞƏFİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir