nermine abbasova

Pnevmoniyanın qarşısını necə almalı?

Baxış sayı: 623

“Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir. Antibiotiklərin istifadəsindən əvvəl ağciyərlərin iltihabı ən qorxulu xəstəliklərdən biri idi. XIX əsrin sonunda pnevmoniyadan ölüm halları rekord həddə – 83%-ə çatdı”.

Bunu Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir. Onun sözlərinə görə, müasir tibbin bütün nailiyyətlərinə, yeni antibakterial və antiviral preparatların istifadəsinə baxmayaraq, bu xəstəlik hələ də aktual problem olaraq qalır:

Pnevmoniya 2

“Kəskin pnevmoniya müxtəlif infeksion agentlər tərəfindən törədilir. Təxminən 90% hallarda bakteriya, qalan 10% viruslar, göbələklər, protozoa və helmintlər (dəyirmi qurdlar, toksoplazma, şistosomlar) olur. Ən çox yayılmış patogenlərə pnevmokok, Haemophilus influenzae, Mycoplasma pneumoniae, Staphylococcus aureus, qrip virusları və respirator sinsitial infeksiya daxildir.

Epidemiologiyasından asılı olaraq pnevmoniyalar bir neçə formaya bölünür:

Xəstəxanadan kənar (ambulator), yaxud xəstəxanaya qəbul anından 48 saat ərzində baş verən pnevmoniyalar; Xəstəxana daxili (hospital) – xəstəxanaya qəbuldan 48-72 saat sonra baş verir. Prognoz əsasən patogenin antibiotiklərə qarşı müqavimətindən asılıdır; İmmunodefisitdən əziyyət çəkən xəstələrdə pnevmoniya adətən ağır gedişli olur; Aspirasion pnevmoniya – mədə bağırsaq möhtəviyyatının tənəffüs yollarına atılması nəticəsində yaranan pnevmoniyalar.

Praktikada əksər hallarda xəstəxanadan kənar pnevmoniyalara rast gəlinir. Düzgün müalicə olunarsa, pnevmoniyanın bu formalarının nəticəsi adətən yaxşı olur”.

Həkim deyir ki, pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır:

Pnevmoniya

“Simptomları xarakterik və ümumi ola bilir. Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır. Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur.

Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahın azalması və s. kimi simptomlar daxildir. Pnevmoniya üçün adətən yüksək qızdıırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilir.

Pnevmoniya hər yaşda müşahidə oluna bilər, lakin 2 yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahsızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəs alma, baş ağrısı və s.

Pnevmoniya 1

Qeyd edim ki, pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır. Açıq havada daha çox vaxt keçirmək, hava şəraitinə uyğun geyinmək, eyni zamanda siqaret çəkməyi və spirtli içkilərin qəbulunu tərgitmək tövsiyə olunur. İnsanların çox olduğu yerləri müntəzəm olaraq havalandırmaq lazımdır. İnfeksiyanın qarşısını alan vacib amillərdən biri də şəxsi gigiyena qaydalarına riayət etməkdir. Bundan əlavə, bol vitaminli meyvə-tərəvəzlərdən istifadə etmək məsləhət görülür. Həmçinin, həftə içi və həftə sonları eyni vaxtda yatın və oyanın, çünki son araşdırmalara görə, yuxu nizamsız olanda immun sistemi zəifləyir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir