qeybet

Qadınların bir-birinə nifrət etməsinin şok səbəbləri

Baxış sayı: 869

Qadın hüquqları, feminizm və ayrı-seçkiliklə bağlı müzakirələrdə çox vaxt eyni arqumentə rast gəlinir: “Mən heç vaxt kişilərdən inciməmişəm, həyatımdakı bütün tənqid və nifrətləri yalnız qadınlar deyib”. Bu arqument tez-tez müzakirəni çıxılmaz vəziyyətə salır, buna etiraz etmək çox çətindir. Çünki bunda doğruluq payı var. Qadın rəqabəti mürəkkəb bir fenomendir. Gəlin anlamağa çalışaq ki, niyə digər qadınların fəaliyyətini, davranışını və xarici görünüşünü ən sərt şəkildə tənqid edənlər məhz qadınlardır. Məhz onların yanaşmalarına görə, hansısa qadın özdəyər əskikliyindən əziyyət çəkir. Və vəziyyət o həddə çatır ki, qadın daxilində özünə şübhə etməyə başlayır.

Düzdür, qadınlar həmişə bir-biri ilə ədalətli davranmırlar – bu həm iş sahəsinə, həm də şəxsi münasibətlərə aiddir. Ancaq eyni şey kişilər üçün də keçərlidir. Biz, ən çox zorakı cinayətlərin kişilər tərəfindən həmcinslərinə qarşı törədildiyi statistikasına əsaslanaraq, bir-birlərinə nifrət edənlərin daha çox kişilər olduğuna dair kifayət qədər nümunələr çəkə bilərik. Amma bu yazıda məqsədimiz məhz qadınların bir-birinə qarşı daxili düşmənliyinin səbəbini araşdıracağıq.

Qadın təbiəti, əslində bir-birinə güvənməyə meyllidir. Zaman içində qadınlar arasında rəqabət başlayır. Buna görə onlar araya məsafə qoymaq məcburiyyətində qalır. Halbuki qadınların həm fiziki, həm də psixoloji sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var.

Seksoloq və insan əlaqələri üzrə mütəxəssis Nikki Qoldşteyn qadınların tez-tez bir-birinə qarşı mərhəmətsiz olmasının səbəblərini belə təsnifatlandırır: qısqanclıq, paxıllıq; zəiflik hissi; rəqabət.

Ümumiyyətlə, paxıllıq qadınlar arasında adi haldır. Hətta məşhur feminist Cermeyn Greer də bu fikirdədir: “Qadınların paxıllığı bizim kollektiv təcrübəmizə təbii reaksiyadır. Qadınların bütün nəsilləri özlərini unudaraq, başqalarının qayğısına qalıblar – nəticədə onlar emosional aclıqdan əziyyət çəkirlər. Diqqətdən məhrum olmayan şanslı qadınları görmək onlar üçün olduqca çətindir. Tənqid etmək, aşağılamaq və böhtan atmaq istəyi buradan yaranır”.

Harvard Universitetinin təkamülçü bioloqu Coys Benenson deyir: “Qızlar arasında mübahisələr ibtidai məktəbdə başlayır. “Əgər oğlanlar xoşları gəlmədiyi insanlara açıq şəkildə fiziki hücum edirlərsə, qızlar daha çox düşmənçilik nümayiş etdirirlər. Bu da hiyləgərliyə və manipulyasiyaya çevrilir.”

“Yaxşı qız” stereotipi qadınların aqressiyalarını açıq ifadə etməsinə mane olur, o, örtülü olur. Gələcəkdə bu davranış modeli yetkinliyə ötürülür.

Nikki Qoldşteyn deyir: “Ancaq qadınlar arasında düşmənçilik onların uşaqları olanda maksimum həddə çatır”.

Körpənin ağlamasına icazə vermək olar? Uşaq bezləri zərərlidir? Uşaq neçə yaşında yeriməyə və danışmağa başlamalıdır? Bütün bunlar qadınlar arasında atışmaların sevimli mövzularıdır. Bu əlaqələr yorucudur.

O, neqativlərdən qurtulmaq üçün qadınlara bir-birlərini daha tez-tez tərifləməyi və yaşadıqlarını açıq danışmaqdan çəkinməməyi tövsiyə edir. “Xanımlar, bəzən etiraf edin: “Bəli, mən mükəmməl deyiləm. Mən adi bir qadınam. Mən də sizin kimiyəm”. Və sonra paxıllıq empatiya və şəfqətlə əvəz olunacaq”.

Son onillikdə aparılan sosioloji tədqiqatlar göstərir ki, qadınlar arasında zorakılıq oğlanlar arasında geniş yayılmış fiziki zorakılıqdan fərqli olaraq, daha çox nisbi aqressiya – şifahi və emosional hücumlar şəklində baş verir. Qadınlar niyə bir-birinə nifrət edir?

Mövzu ilə bağlı danışan psixoloq Gülər Məmmədova qadınların bir-birinə olan nifrətinin səbəblərindən danışıb.

“Qadın və kişi psixologiyası olduqca fərqlidir. Hər kəsin özünəməxsus düşüncə tərzi var. Hər iki cinsin fizioloji dəyişikliklərindən əlavə onların psixologiyasında da dəyişikliklər mövcuddur. Hansı ki, sağ-sol yarımkürələrində olan dəyişiklik onların psixotiplərini də müəyyən edir.

Qadın və kişi cinsləri arasında olan fərqliliklərdən biri də, qadınların həmcinsləri arasında olan daxili münasibətləri ilə əlaqədardır.

Kişilərdə də, intellekt, xarici görünüş, mövqe və s. fərqlərə görə öz həmcinslərinə qarşı qısqanclıq hissləri yaranır. Bu, labüddür. İnsana xas bir haldır. Qadınların bundan fərqi isə daha emosional olmalarıdır. Xarici görünüşə, vizuallığa daha çox önəm verirlər. Onlar üçün əsas şərtlərdən biri də, daima diqqət mərkəzində olmaq istəmələridir. Hər bir qadın özünü digər həmcinslərindən fərqli sayır və olmaq istəyir . Özünü bu ampluada təsəvvür edir. Ona görə də, qadınları ayırd etmədən hər birini bir tutanda, o qıcıqlanır və qəzəblənir. Eynicinsli olmalarına baxmayaraq o, hər kəslə eyni olmaq istəmir. Və bu gün bir qadın xarici görünüşündə hər hansı dəyişikliklər edirsə, bu, sırf onun fərqlənmək istəyinə əsaslanır. Bu, kişilər deyil, qadınlar arasında müqayisə edilmək üçün atılan addımdır.

Qadın üçün həmcinsinin düşüncəsi daha önəmli olur. Çünki qadınlar detallara fikir verir, vizuallıqla bağlı dəyişimləri sevir.

Kişilər isə hiss və emosialarla qidalandıqları təqdirdə, onlar qadınları tam görür daha sonra hissələrə bölür. Bir növ öncə onu gül çələngi kimi görür, növbəti prossesdə isə o çələngi təşkil edən gülləri bir-bir qoxlamağa başlayırlar. Hissələrə bölürlər.

Qadınlar isə öncə hissələrə bölüb, sonra tam kimi qəbul edirlər. Bu səbəbdən də, qadınların bir-birinə olan münasibəti fərqlidir. Onlar dəyişmək, ayırd edilmək istədikləri üçün aralarındakı münaqişələrin səbəbi də məhz seçilmək istəyidir. Kişilər içində isə nüfuz qazanmaq istəyirlər. Və bəzən də bir sıra səbəblər qarşı cinsə nümayişkarlıqdan asılı olur.

Qadınların öz aralarında mübahisə vəziyyətlərinin səbəblərindən biri də, kişilərin yanaşma formalarıdır. Onlar qadınlarda həm görünüşə, həm də zəkaya, davranışa, intellekt səviyyəsinə dəyər verdikləri üçün bu problemlər yaranır. Əslində yer üzündə kişilər olmasa, qadınlar arasında bir-birinə qarşı paxıllıq, qısqanclıq hissləri də olmaz. Onlar bir-birinə güzəştə gedərlər.

Qeyd edim ki, burada yaş, dünyagörüş, yanaşma tərzi nisbilik təşkil edir.

İQ səviyyəsi yüksək olan, həyatın eniş və yoxuşunu bilən, həyat fəlsəfəsini duyan bir qadın digər qadınları özündən nə aşağı, nə də üstün hiss etmir. Əlbəttə bu, bütün qadınlara şamil deyil. Haqqında müzakirə apardığımız qadınlar bu kateqoriyadan deyil. Həmin qrup insanlar bir-birini qəbul etmir, yarışa çıxaraq “mən daha gözəl və üstünəm” deyərək, özlərini bir çox çətinliklərə, risklərə qurban verirlər. Nəyə görə? Bir-birinin arasında seçilmək üçün. Hansı ki, bu fərqlənmək istəyi də, tipaj olaraq birinci qadının özü, daha sonra isə əks cins üçün lazım olur.

Bu, çox yalnış, insan psixikasına zidd olan, orqanizm üçün də zərərli bir davranış modelidir. Sağlam düşüncəli insan bu kainatda özünəməxsusluğunu dərk edir. Nəticədə üz quruluşumuz, fiziologiyamız, zehnimiz fərqli olsa da, hər birimiz insanıq. Hamımız bu dünyada bir missiyaya xidmət edirik: yaşamaq. Bu səbəbdən də, getdik yaşamağa!”

 

Ayşən Rəhim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir