İsmayil Ahmad

Qeyri-müsəlmanlar Allahın razılığını qazana və Cənnətlə mükafatlandırıla bilərmi?

Baxış sayı: 1. 886

“Gencaile.az” saytının ilahiyyatçı İsmayıl Əhmədin təqdimatında davam edən “bilDİN” rubrikasında bu dəfə  qeyri- müsəlmanların gördükləri xeyirxah işlərin müqabilində Allahın razılığını qazanıb Cənnətə girib-girməmələri ilə bağlı məsələlərdən bəhs olunacaq.

İctimai mövqe və vəziyyətindən asılı olmayaraq bu gün bir çoxlarında yaranan suallardan biri də budur: Müsəlman olmayan şəxs Allahın razılığını qazana və bunun nəticəsində Cənnətlə mükafatlandırıla bilərmi?  Əgər qəbul olunursa və bu kimi şəxslərin Cənnətlə mükafatlandırılma ehtimalı varsa, onda müsəlman olmağa nə gərək var?  Axı belə olan surətdə əsas meyar insanın həyatda gördüyü xeyirxah işlər olmalıdır. Başqa sözlə desək, əgər biri müsəlman deyilsə və bu dünyada xeyirxah işlər görürsə, demək heç də ziyana uğrayanlardan deyildir. Yox, əgər müsəlman olmayanların xeyir əməlləri qəbul olunmursa, onların bütün əməlləri puç olursa, Allah yanında heç bir savab və makafatı olmursa, bu məsələ İlahi ədalətlə necə bir araya sığır? Bu sual eynilə İslam çərçivəsində, Əhli-beytə tabe olub-olmamaq barədə də irəli sürülə bilər. Yəni Allaha iman gətirən bir müsəlmanın əməlləri Əhli-beytə tabe olmadıqda qəbul olunur, ya yox? Əgər qəbul olunursa, onda bir müsəlman üçün Əhli-beytə tabe olub-olmaması arasında nə kimi fərq var?  Çünki belə olan bir halda əsas meyar insanın müsəlmançılığında olur  və əgər kimsə Əhli-beytin rəhbərliyini qəbul etmirsə, bunun onun üçün heç bir ziyanı olmamalıdır. Din fəlsəfəsində bu məsələyə belə  açıqlama verilir: Əgər dindən xaric olan insanların hamısı İlahi əzaba düçar olsalar, bu halda varlıq aləmində şər çoxluq təşkil etmiş olacaq. Bir halda ki, ədalət  və çoxluğun bədbəxtlik və şərlər deyil, xoşbəxtlik və xeyirlərlə olması qəti və aydın əsaslar üzərində qurulmaqdadır. İnsan yaradılış aləminin şah əsəridir və varlıq aləmində hər bir şey onun üçün yaradılmışdır. Əlbəttə, burada hər şeyin onun üçün yaradılmasından məqsəd onun üçün yaradıldıqlarından doğru-düzgün istifadə etməsidir.  Bunun əksi, yəni insanların əksəriyyətinin Cəhənnəm üçün yaradılması isə (yəni əzab vermək üçün yaradılması) Allahın qəzəbinin rəhmətindən çox olmasına dəlalət edəcəkdir ki, bu da ağıl və məntiqə zidd düşüncə tərzidir. İndi də gəlin yaşadığımız dünyada gerçəkliyə nəzər salaq. İnsanların əksəriyyəti haqq dindən uzaq, haqq dində olanların əksəriyyəti də əqidə və əməl baxımından zəlalət və azğınlıqdadırlar.   Bir tərəfdə ibadəti olmayan, amma elmi ilə bəşəriyyətə böyük  xidmətlər göstərən qeyri-müsəlman alimlər görünür, digər tərəfdə isə gününü məscidlərdə keçirən bekar zahidlər. Doğrudanmı Allah ibadət etməyən  və ixtiralarından bəhrələndiyimiz qeyri-müsəlman alimlərini Cəhənnəmlə, lakin xeyri nə yaşadığı cəmiyyətə, nə ailəsinə, hətta özünə belə dəyməyən bekar zahidləri Cənnətlə mükafatlandıracaqdır? Burada məqsəd hansısa alimin şəxsi həyatını müzakirə etmək deyil. Çünki hər bir şəxsin ruhiyyəsi, niyyət və mənəvi durumu yalnız Allaha məlumdur. Məqsədimiz bu vəziyyətdə olan milyonlarla şəxsin aqibətinə aydınlıq gətirməkdir. Yəni bizdən “Pastor kimdir?” soruşsalar onun yalnız alim olduğunu, bir neçə ixtiraya imza atdığını, o cümlədən mikrobu kəşf etdiyini söyləyə bilərik. Və eyni qaydada əgər Şeyx Ənsari barədə soruşsalar, yenə də onun təqvalı bir şəxs olduğunu və neçə-neçə dəyərli əsərlər yazıb alim tələbələr yetişdirdiyini söyləyə bilərik. Bir sözlə, insanların ruh və batini aləmlərindən agah olan və xəbər verə bilən yalnız  Allahdır. O, insanların bütün sirrini bilir və varlıqların hesabı da yalnız Ona məxsusdur. Hədid surəsinin ilk ayələrində Allah-Taala Özünü hər şeyin əvvəl və axırı, zahir və batini kimi təqdim edir. “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!”. Demək bütün varlıqların həm xarici, həm də daxili aləmindən agah olan yalnız Odur. Və əgər Peyğəmbər (s) nə vaxtsa başqalarının bilmədikləri bilgilərə sahib olmuşsa, bunu da ona bildirən Allah olmuşdur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir