Main - Femme - montrer du doigt - Horizon soleil

“Qızını oxutmayan dizinə döyər”… Təhsilsiz qızlar: sosial bəlanın ağır fəsadları

Baxış sayı: 356

“Qıza lazımdır əgər bilmək: о da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü-səranı süpürüb, kasanı qabı üfurüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz….”

Mirzə Ələkbər Sabir bu fikirləri XIX əsrdə deyirdi; cəmiyyətin eybəcərliklərini satira ilə dilə gətirir, cəmiyyəti oyandırmağa çalışırdı. İki əsr keçib, ancaq bu gün də Azərbaycanda Mirzə Ələkbər Sabirin satirasında olduğu kimi düşünənlər – qızların təhsil almasına qarşı çıxanlar var.

Sosioloq, professor Əhməd Qəşəmoğlu bildirir ki, gələcəyini işıqlı görmək istəyən xalq qızların təhsilinə ciddi diqqət etməlidir. Çünki hər bir savadlı qız, eyni zamanda öz övladının ilk müəllimidir. Hər bir savadlı ana, uşağını daha yaxşı tərbiyə edə bilir.

Əhməd Qəşəmoğlu qeyd edir ki, istər kənd yerlərində, istərsə də şəhər mühitində qız uşaqlarının təhsilinə yetərli diqqət verilmir.

“Ata-analarla çoxsaylı söhbətim olub. “Qızın təhsilinə niyə fikir vermirsiniz?” deyə soruşmuşam. Əksər valideynlər belə cavab veriblər: “Onsuz da onun növbəti təhsil mərhələsi üçün imkan yoxdur. Uşaq da, biz də bu gün niyə əziyyət çəkək?”… Biri deyir, təhsil alması üçün Bakıya göndərə bilməyəcək. Bir başqası da deyir ki, onsuz da qızı ali məktəbə qəbul ola bilməyəcək”- deyən sosioloq qızların təhsilinin ata-anaların imkanına və insafına qaldığını vurğulayır.

Ekspertin fikrincə, qızların təhsili ilə bağlı xüsusi bir dövlət proqramı olmalıdır: “Azərbaycanda qız uşaqlarını məktəbdən tez ayırırlar. Bu, çox ciddi bir strateji məsələdir. Bu mövzunu əhəmiyyətsiz saymaq günah sayılar”.

Psixoloq Rafiq Allahverdiyev bildirir ki, qızların təhsildən yayındırılması deyəndə ibtidai sinif nəzərdə tutulmur. Mütəxəssis deyir ki, valideynlərin qız övladlarını orta məktəbə göndərməməsi təhsildən yayındırma sayılır.

Psixoloqun fikrincə, qızların təhsildən yayındırılması onların dünya görüşünə, intellektinə, hazırlığına və təhsil səviyyəsinə təsir etməklə yanaşı, eyni zamanda onların anatomik-fizioloji inkişafına və bioloji inkişafına mənfi təsir göstərir.

“12-14 yaş uşaqlarda fiziki boy artımın ləngidiyi və cinsi yetişkənliyin artdığı dövrdür. Bu dövr eyni zamanda anatomik-fizioloji inkişaf inkişaf dövrüdür. Yəni həmin yaşda oğlan və qızlarda fiziki boy artımı ləngiyir. Boy artımı, adətən, 6-8 yaşında güclənir.

Anatomik-fizioloji inkişaf psixoloji olaraq, xüsusən qızlarda həssaslığı artırır. Aqressivliyi, tabe olmamaq hissini və gərginliyi çoxaldır. Xüsusən qızların əxlaqından, tərbiyəsindən, dünyagörüşündən və ailə mədəniyyətindən aslı olmayaraq, orqanizmində spirtli və qazlı içkilərə, tütünə meyl artır, paralel olaraq bu inkişaf xüsusiyyətində diqqət və qayğı istəyi çoxalır. Həmin yaş dövründə qızlar təhsildən yayındırıldıqda, onların nizam-intizam hissi dağılır. Yuxu rejimi pozulur və sosial münasibətləri bloklanır. Təhsildən yayındırılan qızlar daha çox evdə oturur. Dostlarla kommunikativ münasibətlər, sosial keyfiyyətlər, nizam-intizam və sair ictimai münasibətlər sistemi pozulur. Eyni zamanda qızlarda özünə tənqidi yanaşma patoloji həddə keçir”-deyən psixoloq qeyd edir ki, 12-14 yaş dövrü cinsi yetişkənliyin ən güclü dövrü olsa da, qızlar təhsildə birinci nizam-intizama tabe olur və eyni zamanda hüzur, rəğbət, “başqaları mənə nə deyər”, “mən bunu geyinsəm, belə davransam, mənə nə deyərlər” fikirləri formalaşır.

“Bu dövr, uşaqlarda idrak proseslərinin tərbiyəsi dövrüdür. İdrak prosesləri nizam-intizama tabe olaraq qarşılıqlı formada inkişaf etdikdə, fizioloji inkişaf balanslı şəkildə formalaşır. Bu yaş dövründə qızların hiss orqanlarında iradənin təhrik etmə və ləngitmə funksiyası tərbiyələnir. Yəni “mən bunu heç vaxt etmərəm” və ya “məcbur etsələr də, etməyəcəm”kimi fikirləri, həmçinin iradəsi güclənir”-deyə Rafiq Allahverdiyev vurğulayır.

Mütəxəssis hesab edir ki, bu dövrdə qızların təhsildən yayındırılmasının nəticəsində önəmli olan nüans odur ki, bu “mənfi” istiqamətli addım onların idrak proseslərinin pozulmasına və cinsi aktivliyin nəzarətdən kənara çıxaraq sürətlənməsinə səbəb olur, irəliləyən yaşlarında “maksimalizm” artır.

“Maksimalizmin artması nə deməkdir? “Nəyin bahasına olursa-olsun, mən bunu əldə etməliyəm” düşüncəsi, barışmamaq, mərhəmət etməmək, güzəştə getməmək və sair kimi xüsusiyyətlərə malik bir “tip” yaranır. Psixoloq xüsusi olaraq vurğulayır ki, təhsildən yayındırılmış qızlar sosial vasitələrə çıxış əldə etdikləri və internet resurs imkanlarına sahib olduqları zaman “tərbiyə” modellərinin modellərinin pozulmasını qüsur hesab etmirlər. Cəmiyyət qızları qınayır və “norma”lara əsasən ittiham edir. Bir müddətdən sonra müstəqil bir həyat qurmaq ərəfəsində qızların istəkləri ilə reallıq arasında uçurum əmələ gəlir. Cəmiyyət onların istədiyini, o yaş dövründə olan insanların fizioloji, anatomik və psixoloji olaraq “pozulmuş” inkişafını qəbul etmir, yaxud bayağı qəbul edir. Bu da, həmin yaş dönəmindəki qızlarda zövqlə reallıq arasındakı uçurumu dərinləşdirir. Nəticədə nevroz əmələ gətirir, saç tökülmələri baş verir, sağlam olmayan sosial normalara meyllər artır. Bu qızlar, öz təsəvvürünə “uyğun” olmayan ailə-məişət şəraitində yaşadığı zaman heç kəsin iradını nəzərə almırlar, tənbehlərə əhəmiyyət vermirlər”-deyə Rafiq Allahverdiyev qeyd edir.

Psixoloq vurğulayır ki, qızların təhsildən yayındırılması bu cür ağır fəsadlar yaratsa da, insanlar buna önəm vermir, ata-analar “Heç nə olmaz, qız uşağıdır, təhsil önəmli deyil, otursun evdə, ərə gedəcək, ailə qurandan sonra xoşbəxt olacaq” deyə düşünür.

Rafiq Allahverdiyev deyir ki, qız uşaqları təhsildən yayındırılmalarını və sosial mühitdən ayrılmalarını valideynlərin bir cəzası kimi qəbul edir, bunun da nəticəsi ağır olur: “Son vaxtlar erkən yeniyetməlik yaş dövrü uşaqlarda 12-14 yaşdan sonra zərərli vərdişlərə – spirtli içkilərə və tütünə aludəçilik və ya erkən ailə qurmaq deyil, ailə qurmaq adı altında erkən cinsi əlaqədə olmaq təlabatı ilə bağlı hisslər əmələ gəlir. Bəzən bunun qarşısını almaq olmur”.

Nevroloq Qalib Əsədov mövzu üzrə fikirlərini şərh edərkən qeyd edir ki, savadlı qadın savadlı cəmiyyətin formalaşması deməkdir: “Bilirsiniz ki, uşaqlar anadan tərbiyə götürür. Ana savadlı olduğu zaman yetişdirdiyi uşaq da tərbiyəli və savadlı olur. Savadlı ana, uşağı ilə necə davranacağını və ona hansı bilikləri aşılayacağını yaxşı bilir. Qadın savadsız olduğu zaman uşaq da savadsız olur. Biz sağlam, savadlı və güclü gələcək arzusundayıqsa, bunun üçün qızları təhsildən yayındırmamalıyıq. Bu gün qızına “yük” kimi baxan valideynlər başa dqşməlidir ki, sabah dünyaya gələcək nəvələrinin – onların davamçılarının gələcəyi, məhz qızların təhsilli olmasından asılı olacaq. Bunun üçün qızların təhsilinə daha çox önəm vermək lazımdır”.

Milli Məclisin deputatı Azər Badamov bildirir ki, ölkədə savadlılığın səviyyəsi cəmiyyətin bütün üzvlərinin təhsilli olmasının faiz dərəcəsi ilə ölçülür. Bu cəmiyyətin üzvlərinin böyük bir qismi qızlar və qadınlardır.

Deputat vurğulayır ki, Azərbaycan Şərqdə qadınların hüquqlarını tanıyan ilk ölkə kimi tarixə düşüb.

“Qadınların hüquqlarının tanınması, həmçinin onların təhsilə cəlb olunması, bilik əldə etmələri və cəmiyyətin dəyərli bir üzvünə çevrilməsi kimi dəyərləndilir. Bu səbəbdən də, 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə 4 qadın gimnaziyası və 3 Müqəddəs Nina qız məktəbi fəaliyyət göstərirdi.

Sovetlər dövründə Heydər Əliyev Azərbaycana rəhbər təyin olunandan sonra qadınlara bilik verilməsi və onların cəmiyyətdə rolunun artırılması istiqamətində çox önəmli addımlar atıldı. 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley zamanı nitq söyləyən Heydər Əliyev, “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun” deyərək, çox həssas və vacib məsələyə toxunmuşdu. Həmin illərdən başlayaraq qadınların təhsil alması kütləvi hal aldı.

Azərbaycanın milyonçusu, mesenat, müsəlman şərində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev deyirdi; “Bir kişiyə təhsil versən təhsilli bir insan, bir qadına təhsil versən təhsilli bir ailə qazanarsan”. Həqiətən bir kişinin oxuması ancaq özünün inkişafına və onun cəmiyyətdə mövqe qazanmasına töhfə verir. Amma bir qadının təhsil alması onun dünyaya gətirəcəyi övladlarının da təhsilli olmasına yol açır. Ana öz ömrünü övladlarının təhsilinə və tərbiyəsinə həsr edir. Bu, bizim cəmiyyətimizin xüsusiyyətidir. Yəni, analar atalardan daha çox övladların yanında olurlar və onların layiqli vətəndaş kimi böyüməsində həlledici yer tuturlar”-deyə deputat bildirir.

Azər Badamov təəssüflə qeyd edir ki, bəzi rayonlarda hələ də qız uşaqlarının oxudulmasına o qədər də əhəmiyyət verilmir: “Dinimizdə də təhsilə böyük dəyər verilir və bütün çətinliklərin açarının elmdə olduğu deyilir. Amma bəzi valideynlər qız övladlarına hicab geyindirir, onların məktəbdə ümumi kollektivin içində böyüyüb sosiallaşmasından çəkindirirlər. Bu, həm də həmin insanların özlərinin savadsız olması ilə bağlıdır”.

Hüquqşünas Ramil Süleymanov  deyir ki, Milli Məclis sonuncu iclaslarında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və qanunvericiliyə bu məsələ ilə bağlı dəyişiklik edib. Hüquqşünas deyir ki, “Qız övladlarının təhsildən yayındırılması halı çoxdur və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin hazırladığı illik hesabatlarda da konkret faktlarla öz əksini tapıb. Ancaq bunlar yalnız hesabatlarda, məlumat olaraq qalır və problemi yaradan şəxslər ciddi şəkildə cəzalandırılmır. Cəzalandırılanlar varsa da, bu proses yetərincə ictimailəşdirilmir”.

Hüquqşünas qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bununla bağlı iki maddəsi var. Bunlardan biri 181.0.1 maddəsidir ki, təhsilin hər hansı pilləsində səviyyəsindən və formasından asılı olmayaraq, şəxsin təhsil hüququnda məhrum edilməsidir: “Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət icbari təhsili hər kəs üçün məcburi hesab edir. İcbari təhsil 9 illik təhsil bazasıdır. 9 illik təhsil alan şəxs bundan sonra öz xoşu ilə məktəbdən ayrıla bilər.

Qeyri-rəsmi statistika onu göstərir ki, qız uşaqları 9-cu sinfi bitirdikdən sonra məcburi şəkildə təhsildən uzaq tutulur və onlar tam orta təhsili almaqdan məhrum olunurlar. Bəzən daha erkən dönəmdə, yəni 4-cü və ya 5-ci sinif dən qız uşaqlarının məktəbə getməsinin qarşısı alınır”.

Ramil Süleymanovun fikrincə, məktəb direktorları, yerli icra hakimiyyəti və bələdiyyələr, eyni zamanda yetkinlik yaşına çatmayanların işləri üzrə polis inspektorları bu məsələni ciddi nəzarətdə saxlamalıdır.

“Konkret bir hal aşkar olunduqda, artıq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1 maddəsi işə keçir. Yetkinlik yaşına çatmayanların təlim və tərbiyələrini icra edən valideynlər bunu üzrlü səbəb olmadan və lazımınca yerinə yetirmədikdə, onlara əvvəlcə xəbərdarlıq olunur və ya 40 manatdan 60 manata qədər inzibati qaydada cərimə tətbiq edilir.

İXM-ə 2016-cı il aprelin 15-də düzəliş edilməzdən əvvəl belə bir tələb vardı: uşaq 7 iş günündən artıq müddətdə məktəbə gəlmirdisə, bununla bağlı dərhal yoxlama aparılırdı və həmin valideyndən bunun izahı istənilirdi. Dərsdən yayınma üçün əsaslı səbəb olmadıqda, valideyn 100 manat məbləğində cərimələnirdi. 2016-cı ildə bu maddə ləğv olundu”-deyən ekspert hesab edir ki, həmin maddənin ləğvi doğru addım deyil və geri qaytarılmalıdır.

Ramil Süleymanov qeyd edir ki, Azərbaycanda təhsildən yayındırmaların qarşısının alınması təkcə maarifləndirmə ilə deyil, həm də cəza siyasətinin sərtləşdirilməsi ilə müşayiət olunmalıdır. Cəza, köklü həll yolu deyil. Dövlət qurumları ortaq və işlək bir mexanizm qurmalıdır.

P.S. Hüseyn Cavid deyirdi: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Bu gün qızların təhsildən yayındırılması bəşəriyyətin yenidən yerlə sürüklənməsinə doğru aparır. Bu, bəşəriyyəti yüksəldən qadının şəxsiyyətinin aşağılanmasıdır və zərif cinsin mənsublarına qarşı ən qəddar yanaşmadır. Qanun qarşısında bunun cəzası məlumdur, amma bir də İlahi dərgahda haqq-hesabı və vicdani məsuliyyəti var. Qısası, “Qızını oxutmayan dizinə döyər”…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir