REQEMSAL

Rəqəmsal tərəqqi: xeyri çoxdur, yoxsa zərəri?

Baxış sayı: 557

Evdə, işdə, ictimai nəqliyyatda – bir sözlə hər yerdə hamının əlində mobil vasitələri görmək mümkündür. Hətta oyuna, internetə, hansısa videoya elə aludə oluruq ki, tamamilə ətraf mühitlə əlaqəni kəsirik. Daha acınacaqlısı odur ki, gündəlik həyatımızda mobil cihazların və kompüterlərin, ümumiyyətlə, belə portativ qurğuların istifadəsi ifrat dərəcədə  artmaqdadır.

Mobil cihazların insan sağlamlığına təsiri dəfələrlə araşdırılıb və əldə edilən nəticələr ictimaiyyətin də məlumatlandırılması  məqsədilə KİV ilə yayımlanıb. Ümumilikdə, həm smartfonların və həm də baza stansiyalarının elektromaqnit şüalanmasının zərərli və ya zərərsizliyi mövzusu bugünə qədər də müzakirə olunur. Hazırda bu sahədə çoxlu sayda eksperimental və nəzəri tədqiqatlar aparılır.

Mobil telefonların bizə necə təsir edəcəyi hələ tam öyrənilməyib. Mütəmadi olaraq smartfon istifadəçiləri öz sağlamlıqlarına görə narahat olmalıdırlarmı?

İsveçrə Tropik Tədqiqatlar və Xalq Sağlamlığı İnstitutunun şöbə müdiri Martin Röösliyə görə, yuxarıda adlarını çəkdiyimiz cihazlar və onların yaydığı radiasiya təhlükəli deyil. “Bu tip radiasiya səbəbi ilə DNT quruluşuna birbaşa zərər vermək mümkün deyil”. Bristol Universitetinin epidemiologiya və xalq sağlamlığı üzrə mütəxəssisi Frank de Voxt da Rööslinin söylədiklərini təsdiqləyir. Onlar hesab edirlər ki, əgər geniş istifadə edilən portativ avadanlıqlar və mobil qurğular belə bir ciddi xəstəliyi yaratsaydı  səhiyyə işçiləri, mütəxəssislər onu tez zamanda təsbit edərdilər.

Amma bu, heç də o demək deyil ki, müasir rəqəmsal cihazlardan istifadə beynimizə mənfi təsir etmir. Məsələn, Martin Rööslinin həmmüəllifi olduğu yeni araşdırma smartfonların yeniyetmələrin yaddaş məhsuldarlığına mənfi təsir etdiyini göstərdi. Bir il ərzində İsveçrə və Belçika alimləri telefondan ifrat istifadəni təhlil etdilər və 12-17 yaş arasındakı 700 insanın yaddaşını yoxladılar. Ağıllı telefonların elektromaqnit şüalanması nəticəsində yeniyetmələr informasiyaları, xüsusən abstrakt şəkilləri yadda saxlamaqda çətinlik çəkirlər. Röösli fikirlərini belə əsaslandırır ki, cihaz başa yaxın tutulduqda şüaların 80 faizi beyinə təsir edir.

Müasir texnologiyanın ətrafa yaydığı elektromaqnit dalğalarının insan sağlamlığına ciddi ziyan yetirdiyini deyən alimlər də var. İsveçin Örebro Universiteti Xəstəxanasının professoru Lennart Hardell iki illik araşdırma nəticəsində müəyyənləşdirib ki, mobil telefonların istifadəsi zamanı xərçəng, əsasən də beyin xərçəngi riski uşaqlarda böyüklərə nisbətən iki dəfə artıq olur.

Hal-hazırda mobil telefonlar oyuncaq kimi körpələrə verilir, sirr deyil ki, məktəb yaşlı uşaqların böyük əksəriyyəti smartfonlardan istifadə edirlər. Məsələn, ağlayarkən tez televizor qarşısına əyləşdirilən körpənin və ya “səsini kəsməsi” üçün əlinə mobil telefon verilən uşağın digər yaşıdlarından daha gec danışdığını, yerli-yersiz ərköyünlük etdiyini bir qədər müşahidə aparasanız özünüz də təsdiqləyə bilərsiniz. Aparılan araşdırmalar da gündə 2 saatdan çox televiziya seyr edən uşaqların dil inkişafının digər uşaqlara nisbətən 6 dəfə daha geridə olduğunu sübut edir.

Amerika Pediatriya Akademiyasının mütəxəssislərinin araşdırmalarına görə isə uşaqların gündə iki saatdan çox televiziya kanallarını izləməsi son dərəcə zərərlidir. Almaniyanın Ulm Universitetinin Psixiatriya Departamentinin rəhbəri Manfred Spitzerə görə, inkişaf etməkdə olan beyinlərə real dünya ilə təmasdan gələn çox sayda stimul verilməlidir.

 

Günel Eyyubova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir