1d6380f1f78e1450184f883826cb0117

Şagirdlərin neqativ davranışları – günahkar kimdir, valideyn, məktəb, yoxsa?

Baxış sayı: 394

Vaxtaşırı yeniyetmələr – şagirdlər arasında baş verən xoşagəlməz olaylarla bağlı videolar, məlumatlar mediada, sosial şəbəkələrdə yer alır. Sonuncu hadisə – 156 saylı orta məktəbdə 11-ci sinif şagirdi olan qızın həmcinsinə, bir qıza qarşı törətdiyi işgəncə, təhqir videosu cəmiyyəti əməlli-başlı hiddətləndirdi.

Əlbəttə, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır. Bu kontekstdə müzakirələr zamanı cəmiyyətdə fikirlər müxtəlifdir. Kimi artıq bəzi qız şagirdlərin də kriminallaşmasının günahını sosial şəbəkələrdə, kimisi valideynlərdə, kimisi məktəbdə, kimisi cəmiyyətdə axtarır. Kim daha çox günahkardır? Yeniyetmələrin, gənclərin tərbiyəsində kimin məsuliyyəti daha çoxdur? Burada kəsişən nöqtələr, yaranmış uçurum haradadır? Ekspertlər vəziyyəti yaxşıya doğru dəyişməyin yolunu nədə görür?

Hüquq müdafiəçisi Sahib Məmmədov bizimlə söhbətdə bildirib ki, insanı nəyəsə vadar etmənin iki əsas yolu var: “Həvəsləndirmə və məcburetmə. Dərsini yaxşı oxumayan və ya tərbiyəsi yerində olmayana nə məktəbin rəhbərinin, nə müəllimin təsir imkanı var. Ən azı məcburiyyət mexanizminin olmaması səbəbindən. Əslində bu mexanizmləri müəyyən etmək də asan deyil. Fiziki cəza olmaz. Cərimə nəzərdə tutulmur. Tədrisdən çıxarmaq (qovmaq) da mümkün deyil. Bizlər oxuyanda qeyri-legitim mexanizm işləyirdi. Söhbət fiziki cəzadan gedir. Əleyhinəyəm. Sadəcə, az qala yeganə yol idi.  Baş verən son bullinq və fiziki işgəncə halına görə məktəb nə edə bilərdi ki? Əgər məktəb ərazisində olsaydı, əlbəttə, müəyyən məsuliyyət yaranırdı. Direktoru qınamağın nə yeri? Valideynləri çağırıb söhbət ediblər, şagirdlə söhbət ediblər. Bundan başqa nə edə bilərdilər ki? Əgər təsir mexanizmləri yoxdursa”.

Qoşqar Məhərrəmov yazır...

Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, yuxarı sinif şagirdi məktəb xaricində başqa bir yuxarı sinif şagirdinə fiziki zorakılıq edərsə, məsələ hüquqi xarakter daşıyır: “Bu təqdirdə şagirdə müxtəlif ölkələrdə müxtəlif cəzalar müəyyənləşib. Belə ki, həbs cəzası, pul cəzası, sosial xidmət, ev həbsi, məktəbdən bir müddətlik kənarlaşdırma, məktəbdən ümumiyyətlə kənarlaşdırma kimi cəzalar tətbiq edilir. Bəzi uşaqlar, bəzi insanlar üçün artıq gecdir. Ona görə də hüquq adil şəkildə haqlının hüququnu müdafiə etməli, haqsızın cəzasını verməlidir”.

İlahiyyatçı Elvüsal Məmmədov da mövzu ilə bağlı fikirlərini bildirdi: “Baş verənlərin bir adı var – yiyəsizlik. Azərbaycan xalqının ailə ənənələrindən irəli gələn bir deyim var: “Filankəsin yiyəsi (sahibi) yoxdurmu?” Əgər bir qız uşağı digər qız uşağının alnına nalayiq söz yazırsa, başında yumurta sındırırsa, saçını qırxırsa, üstəlik, bunu lentə alırsa, bu onun yiyəsizliyindən xəbər verir… Yiyəsizlik ciddi tərbiyə problemi olub, ailə nəzarətinin olmadığına dəlalət edir. Uşaq özünü ailənin bir parçası hiss etməli, davranış və hərəkətlərinə görə məsuliyyət daşıdığının fərqinə varmalıdır. Bunun üçün ailə nəzarəti güclü olmalı, ata atalığını, ana da analığını uşağa həm tərbiyə işində, həm də digər münasibətlərdə göstərməlidir. Əgər ailə institutu zəifləyərsə, ata və ana uşaqları tərbiyə edən tərəfdən formal qurumun (ailənin) texniki fərdlərinə çevrilərsə, bu, uşaqlara təsirsiz ötüşməyəcəkdir! Əgər ailə tərbiyə və nəzarətin olduğu qurumdan fərdlərin mexaniki surətdə qaldığı, yeyib-içdiyi və gecələdiyi “mehmanxana”ya çevrilibsə, uşaqlarda tərbiyə ilə bağlı problemlər, xüsusən “yiyəsizlik” sindromu özünü göstərir. Bir sözlə, ailədə ata nüfuzu, ana mənəviyyatı gözə dəymirsə, belə ailədə boya-başa çatan uşaqlardan hər şeyi gözləmək mümkündür.

Oxu.az - Elvüsal Məmmədov: “Əgər kimsə ruh görürsə, o insanın psixoloji cəhətdən problemləri var” - MÜSAHİBƏ

Elə bir dövrdə yaşayırıq ki, ailələrin müəyyən hissəsində ata və ananın rolları dəyişilib, davamlı və sistemli tərbiyə ixtisara düşüb, uşaqlarla iç-içə olmaq qeybə çəkilib; ailələrin əksəriyyətində başlıca diqqət tərbiyəyə deyil, gələcəkdə pul gətirəcək ixtisasları əsas götürən təhsilə verilib. Tərbiyə işinin daxildə zəifləməsi ilə paralel olaraq xarici amillərin ailəyə mənfi təsiri artıb. Bu gün filmlər, sosial şəbəkələr, reklamlar gənclərə həyasızlıq və məsuliyyətsizlik aşılamaqla məşğuldur… Heç nədən həya etməyən, komplekssiz tiplərin sayı getdikcə artır; bu tiplər məsuliyyətsiz hərəkət və davranışları ilə seçilirlər, çünki “yiyəsiz”dirlər. Odur ki, ailədə oğlan uşaqlarına ciddilik, qeyrət, dürüstlük, qız uşaqlarına da həya, ismət aşılanmalıdır. Elə etmək lazımdır ki, oğlanlar əsl kişi, qızlar da əsl xanım kimi böyüsünlər. Kişilik və xanım-xatınlığın öyrədildiyi əsas yer ailədir! Bunun üçün ata kişilik, ana da xanım-xatınlıq dəyərlərinin daşıyıcısı olmalıdır. Qızlarımıza aidlik, ailənin bir üzvü olmaq şüuru aşılamalıyıq. Qoy onlar özlərini istədiklərini etməkdə sərbəst fərdlər kimi görməsinlər. Atasını, nəslini təmsil etdiklərinin fərqinə varsınlar. Qız uşağını ailəyə, ataya, anaya bağlılıq əsasında tərbiyə etməliyik, onu “həya”, “ismət” silahı ilə silahlandırmalıyıq. Əks halda, yiyəsizlik baş alıb gedəcək, kişinin kişiliyinə, qadının da xanım-xatınlığına yaraşmayan davranışların hələ çox şahidi olacağıq. Yiyəsiz olmaq təhlükəlidir, amma atalı-analı yiyəsiz olmaq daha təhlükəlidir”.

AĞ PARTİYA Mərkəzi Aparatına yeni təyinat baş tutub

Ekspert Malvina Amirova uşağa tərbiyə verməyin müəllimlərdən tələb edilməsini doğru saymır: “Uzun illər müəllim kimi çalışan biri kimi deyə bilərəm ki, uşaq ilk olaraq evin aynasıdır. Tərbiyə öncə evdən gəlir. Heç bir valideynin müəllimdən tərbiyə tələb etməyə ixtiyarı yoxdur. Uşaq evdə nə görürsə, çöldə də onu tətbiq edir.  Artıq son günlərdə olan hadisələr həyəcan siqnalını vurur. Evdə bir övladını tərbiyə edə bilməyən valideyn  uşağının tərbiyəsiz hərəkətlərin günahını müəllimdə görür. Müəllim təlimlə məşğul olsun, yoxsa tərbiyə ilə? Müəllim bir az səs tonunu qaldıranda valideyn ultimatum göndərir ki, sən kimsən ki, mənim övladımın üstünə qışqırırsan. Öncə özlərinə düzən versinlər, sonra isə övladına normal tərbiyə versinlər. Hər bir ataya, anaya tövsiyə edirəm ki, uşaqlarının tərbiyəsi ilə  ciddi məşğul olsunlar, yoxsa “qadjetləri” verib başlarından etməsinlər. Onlarla oturub söhbət etsinlər, nəyin pis, nəyin yaxşı olduğunu düzgün şəkildə izah etsinlər. Böyük faciələr kiçik cinayətlərin nəticəsidir”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir