koronavirus

Ştamm ardınca ştamm…

Baxış sayı: 565

2 ilə yaxındır ki, gözümüzü pandemiya ilə açıb, pandemiya ilə qapayırıq. Nəinki bizim, bütün dünyanın səylərinə baxmayaraq, pandemiya bitmir ki, bitmir… “Qalib gəldik” deyirik, sevinirik, yeni versiyası ilə rastlaşırıq. Hər dəfə də “bu versiya daha ağırdır, daha təhlükəlidir” kimi fikirlərlə qarşılaşırıq. Sosial məsafə, tibbi maska, gigiyena qaydalarına əməl etmək və peyvənd… Hər birinə riayət etməyə çalışırıq, bəs nə üçün bitmir? Bəlkə, bitməsini gözləməkdə səhv edirik? Bu virusla “dostlaşmağa” öyrəşməliyik?

 

Vaksinasiya qoruma zəmanəti vermir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, peyvənd orqanizmin koronavirusdan tam qorunmasına zəmanət vermir. Hər iki vaksin dozasını vurdurandan sonra və antitel səviyyəsinin maksimum həddə çatması üçün ayrılan vaxtı gözləsən də, yoluxma ehtimalı qalır. Maska taxmağa laqeyd yanaşan və antiseptiklə əllərini dezinfeksiya etməyənlər, xüsusilə risk altındadır: “Vaksinə reaksiya hər kəs üçün fərdi olur. Məsələn, yaşlılarda və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə və ya immunosupressiv dərmanlar qəbul edənlərdə qoruyucu reaksiya daha az gedə bilər. Buna görə də, belə dərmanlar qəbul edildikdən sonra virusa yoluxma riski də daha yüksəkdir”.

ÜST mütəxəssisləri əmindir ki, vaksinlər həyatları xilas edir, ancaq təkcə vaksinasiya problemi həll edə bilməz. Ətrafdakıların əksəriyyətinin peyvənd olunmadığı və COVID-19-un bu qədər geniş yayıldığı müddətdə, virusla mübarizəni bütün yollarla davam etdirmək lazımdır.

 

Pandemiyanın sonu tezliklə gəlir

Stenford Universitetinin biomühəndislik laboratoriyasına rəhbərlik edən professor Michael Lean bildirir ki, artıq aparılan müşahidələrdən bəzi nəticələr çıxarmaq olar:  “Vaksinlər, şübhəsiz ki, peyvənd olunmuş insandan digər insanlara yoluxma riskini 80-90 faiz azaldır. Buna baxmayaraq, peyvənd olunmuş insan yenə də yoluxarsa, başqasını yoluxduraraq infeksiyanı yaymış ola bilər. Bəzi vəziyyətlərdə (məsələn, insanlar yemək yeyəndə və qapalı yerdə söhbət edəndə) bu cür ötürülmə çox effektiv ola bilər ”.

Onun sözlərinə görə, peyvəndlənmiş insanlar, adətən simptomsuz olaraq virus daşıyırlar. Təhlükə ondan ibarətdir ki, peyvənd olunmuş simptomsuz xəstələrin orqanizmində belə, virusun çoxalmağa, mutasiyaya uğramasına və dəyişdirilmiş formada daha da ötürülməsinə ehtimal var. Bu səbəbdən, hər kəs peyvənd olunmalıdır.

Mütəxəssislər deyir ki, artıq virus qorxulu deyil:  “Virusun yeni variantlarının peyvəndlərin, diaqnostik testlərin və s.-in effektivliyi baxımından necə bir təhlükə yarada biləcəyi ilə bağlı araşdırmalar davam edir, lakin bu günə qədər olan məlumatlara əsasən, peyvəndlər təsirli olmağa davam edir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus deyir ki, dünyada dərman preparatlarının paylanmasında bərabərliyin olmamağı səbəbindən  koronavirusun yeni, yüksək dərəcədə yoluxucu variantları, vaksinlərlə müharibədə qalib gəlir: “Koronavirus variantları, vaksin istehsalı və paylanmasında yaranan bərabərsizliklər səbəbindən vaksinlərlə müharibədə qalib gəlir və bu da qlobal iqtisadi dirçəliş üçün təhlükə yaradır.  Çoxlu sayda peyvəndi olan bəzi ölkələrdə məhdudiyyətlər, sanki “pandemiya bitmiş kimi” azaldılır. Eyni zamanda, dünyanın bir çox ölkələrində COVID-19-a yoluxmalar və xəstəxanalara yerləşdirilən insan sayı baxımdan dramatik artımla qarşılaşırıq. Bu, koronavirusun yeni variantların sürətlə yayılması  və vaksinlərin paylanmasında şokedici bərabərsizlik fonunda baş verir”.

ÜST rəsmisi, G-20 ölkələrini “ədalətli istehsal və səhiyyə vasitələrinin paylanmasını genişləndirmək üçün lazımi vasitələri təmin edərək” pandemiyanı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb. ÜST-ün məqsədləri isə bütün ölkələrdə əhalinin peyvəndləmə səviyyəsini sentyabr ayına qədər 10 faiz, bu ilin sonuna qədər 40 faiz və gələn ilin ortalarına qədər 70 faizə çatdırmaqdır.

Məlumat üçün bildirək ki, bundan öncə də Qebreyesus bəşəriyyətin koronavirus pandemiyasının “çox təhlükəli” bir mərhələsində olduğunu söyləyib və qoruyucu vasitələrin, dərmanların və peyvəndlərin ölkələr arasında ədalətli bir şəkildə paylanmasına çağırıb.

 

Koronavirusun Delta variantı nədir?

Həkim Nuran Abdullayev deyir ki, koronvirusun yeni Delta variantında insanların canlı ünsiyyəti problem yaratmağa davam edəcək: “İngiltərənin elmi əsaslı təqdimatına görə, hər həftə Delta variantı, təxminən 50 faizə qədər qalxır.  Bu, təkcə İngiltərədə deyil, bir çox ölkələrdə belədir. Almaniyada da Delta-kvotası şübhəsiz ki, bundan sonra da qalxacaq. Hazırda müayinə edilən materialların minimum 35 faizi Delta variantıdır və önümüzdəki günlərdə 50 faizi keçəcəyi dəqiqdir. Bir çoxları düşünür ki, hələ payızda bu variant çoxalmağa başlayacaq, amma elmi yanaşsaq, görərik ki, bu gün sürətlə yayılan Delta variantı payıza qədər həmin ölkələrdə yoluxma sayının qalxmasına və yeni dalğaya səbəb olacaq. Buna səbəb təkcə bu variantın yoluxduruculuq qabiliyyətinin yüksək olması deyil, eyni zamanda “Secondary Attack Rate” dediyimiz, yəni ikincili yoluxma əmsalı – bir yoluxan şəxsin neçə nəfəri yoluxdurması faktıdır ki, bu da böyükdür. Bu o demək deyil ki, kollektivdə bir nəfər bu varianta yoluxarsa, işdə hamı xəstələnəcək. Yox, belə deyil, amma digər variantlarla müqayisədə, məsələn, əlavə 2 nəfər yox, 4-5 nəfər xəstələnəcək. Bu da onu göstərir ki, insanların canlı ünsiyyətləri ciddi problem olacaq”.

Həkimin sözlərinə görə, bu variantın qarşısını almaq üçün Azərbaycanda və Almaniyada taktika çox fərqlidir: “Bu fərqliliyi də daha çox səhiyyənin səviyyəsi yaradır. Amma mən səviyyə fərqlərini kənara qoyaraq, bu gün nə etmək lazım olduğunu deyə bilərəm. İlk olaraq tez bir zamanda variantın Azərbaycanda olub-olmadığı barədə məlumat verilməlidir. Düşünmürəm ki, bu variant Azərbaycanda yoxdur. Amma rəsmi olaraq, hələ ki, “tapılmır” deyilir. Öncə tapmaq, sonra isə sürətli olmaq lazımdır. Yəni dövlət, Delta variantı tapılan şəxsin ətrafındakı hər kəsi bir neçə gün gözləmədən öz hesabına PCR testi etməli və müvafiq izolyasiya və karantin tədbirlərini görməlidir. Bir də xalqla açıq deyilməlidir ki, əgər sərt karantin və ciddi sərtləşmə istəmiriksə, o zaman elmi əsaslı taktikaya keçid edirik və şəhərlər, eləcə də Bakının müxtəlif rayonları üzrə 100 nəfərə düşən xəstə sayına görə limit qoyulmalıdır. O limit keçilərsə, sərt karantin tətbiq olunmalıdır, o vaxta kimi ki, yoluxma sayı istənilən səviyyəyə düşsün. Bu taktika məktəblərin açılması zamanı da tətbiq edilməlidir, unutmaq lazım deyil ki, uşaqlar peyvənd olunmadan məktəblərə gedəcəklər və virusa yoluxma onlarında arasında kifayət qədər olacaq”.

Həkim deyir ki, təhlükəni başa düşmək üçün İsrailə baxmaq vacibdir: “Əhalisinin təxminən 60 faizi ən effektli peyvəndlərdən biri  – “Biontech”lə peyvəndlədi. Amma bu gün orada olan yoluxma sayını, İsrailin rəsmi qurumları birbaşa Delta variantı ilə əlaqləndirirlər və burada da uşaqların peyvənd olunmamağı ciddi rol oynadı. Bundan əlavə, İsraildə yeni yoluxanların 40-50 faizi iki dəfə peyvənd olanlar idi, hansılar ki, tam immunitet formalaşmağı gözlənilirdi. Bu barədə dəqiq elmi tədqiqat hələ yoxdur, amma yenicə çıxan preprint (hələ ekspertlər tərəfindən dəqiq yoxlanılmayan elmi tədqiqat) var ki, orada da peyvəndin effektivliyinin Delta variantına görə aşağı düşdüyü göstərilir. Amma effektivlik 0 deyil, bunu da demək vacibdir. Digər önəmli məsələ də peyvənddən sonra 6 ayı tamam olmuş şəxslərin təkrar peyvəndidir ki, bu məsələ də Azərbaycan üçün çox önəmlidir və hansı peyvəndin seçilməsi məsələsi də vacib qərardır. Əlavə olaraq onu da qeyd edim ki, hələ heç bir elmi tədqiqat olmasa da, artıq “Sinovac” peyvəndi ilə tam vaksinasiya olmuş insanlarda da Delta variantına yoluxmaya rast gəlinib. Belə ki, İndoneziyada Delta variantı yayılan bölgədə “Sinovac” peyvəndi alan səhiyyə işçilərindən 350-si yenidən virusa yoluxub. Təbii ki, burada peyvənddən neçə ay sonra və hansı şəraitdə yoluxma məsələləri elmi tədqiqat şəklində çıxana qədər nəsə demək çətindir. Amma bu, artıq ciddi siqnaldır ki, Azərbaycan 3-cü peyvənd dozası qərarını və bir daha deyirəm, hansı peyvəndin olacağı qərarını verməlidir”.

Rusiyada yaşayan həmyerlimiz, həkim virusoloq Arzu Nəbiyeva Covid-19-un bitməyəcəyini və davamlı dəyişməyə  məruz qalacağını vurğulayıb: “Biz virusla yaşamağı öyrənməliyik. Virusların təbii təkamülü var və zamanla inkişaf edir, əks təqdirdə sağ qalmazdılar. Ona görə də, virus tamamilə yox olmayacaq, davam edəcək. Hər kəsin Covid-19-dan immunitet və ya antitel qazanması illər alacaq. Nə qədər çox insan peyvənd olsa, risk o qədər az olar”.

Mütəxəssislər hesab edir ki, peyvənd kampaniyası plana uyğun gedərsə, pandemiya tədricən yox olacaq. Və koronavirus soyuqdəymə, qrip və digər kəskin respirator virus infeksiyaları ilə birlikdə yayılmış bir mövsümi infeksiyadan başqa bir şey olmayacaq. Bunun gələn yaya kimi baş verəcəyi proqnozlaşdırılır.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir