Gultekin S

Stresin idarə olunması və effektiv strategiyalar - "SƏHHƏT"

Baxış sayı: 784

Müasir dövr insanı sürətli həyat tempi, informasiya bolluğu və davamlı gözləntilərlə qarşı-qarşıyadır. Bu şəraitdə stresə düşmək adi hal kimi qəbul olunur. Lakin stresin həyatımızda yeri olmalı deyil demək, reallıqdan uzaq olardı. Əsas məsələ — onun necə idarə olunmasıdır.

 

Stres nədir və niyə yaranır?

Stress, insanın qarşılaşdığı çətinliklər və təzyiqlər qarşısında orqanizmin verdiyi psixoloji və fiziki cavabdır. Bu vəziyyət həm daxili (özümüzə qarşı gözləntilər), həm də xarici (iş, ailə, maddi çətinliklər, sosial münasibətlər və s.) səbəblərlə yarana bilər.

Qeyd etmək vacibdir ki, stressin öz-özlüyündə tamamilə mənfi hal olduğunu demək düzgün deyil. Az miqdarda stress bəzən motivasiyaedici rol oynayır. Lakin uzunmüddətli və davamlı stres orqanizmdə ciddi pozuntulara, psixoloji yüklənməyə və tükənməyə səbəb ola bilər.

 

Stresin əlamətləri nələrdir?

Yuxu pozuntuları (gec yatmaq, tez oyanmaq və ya yuxudan doyma hissinin olmaması)

Davamlı narahatlıq hissi

Əhvalın tez-tez dəyişməsi

Diqqətin yayınması və unutqanlıq

İştahda dəyişiklik (həddindən artıq yemək və ya iştahsızlıq)

Əzələ gərginliyi, baş ağrıları

Sosial təmasdan qaçmaq

Əgər bu əlamətlər bir neçə həftə ərzində davam edirsə, artıq bu vəziyyətə ciddi yanaşmaq lazımdır.

 

Stressi idarə etməyin yolları

1) Nəfəs alma texnikaları

Dərin və nizamlı nəfəs alma, sinir sistemini sakitləşdirir. Gündəlik olaraq 5-10 dəqiqə boyunca dərin nəfəs alma məşqləri stresin azalmasına səbəb olur.

 

2) Günlük rejimin tənzimlənməsi

Yuxu, qidalanma və istirahət rejiminin balanslı olması psixoloji dayanıqlılığı artırır. Gec saatlara qədər telefona baxmaq, səhər yuxusuz oyanmaq stressin əsas qaynaqlarındandır.

 

3) Fiziki fəaliyyət

Hərəkət, xüsusilə də təmiz havada gəzinti və yüngül idman fəaliyyətləri stress hormonlarının azalmasına kömək edir.

 

4) Dəstəkləyici sosial çevrə

İnsan özü ilə bağlı çətinlikləri yaxınları ilə bölüşdükcə daxili gərginlik azalır. Hər şeyi içində saxlamaq əvəzinə paylaşmaq daha sağlamdır.

 

5) Özünü ifadə etmə

Hisslərin yazı ilə ifadəsi (məsələn, gündəlik tutmaq), rəsm çəkmək və ya sadəcə danışmaq — daxili rahatlanma üçün mühüm vasitədir.

 

6) “Yox” deməyi öyrənmək

Bəzən biz öz imkanlarımızdan artıq məsuliyyət götürürük. Sərhədlərimizi bilmək və ehtiyac olduqda “yox” deməyi bacarmaq, stresslə baş etməyin ən vacib yollarındandır.

 

Davamlı stressin qarşısı alınmasa nə baş verə bilər?

Stres uzun müddət davam etdikdə insanın həyat keyfiyyəti aşağı düşür. Bu, həm fiziki gücsüzlük, həm emosional boşalma, həm də bəzən depressiya ilə nəticələnə bilər. Orqanizmdə immun sistem zəifləyir, xroniki ağrılar artır, diqqət və yaddaş zəifləyir. Stress, insanın ailə və iş həyatına da mənfi təsir göstərir.

 

Gültəkin Səhhət

Psixoloq

Sensor inteqrasiya üzrə təlimçi

 

(Mütəxəssislə psixoloq_gultekinsehet adlı instagram hesabı üzərindən və həmçinin 055 224 25 90 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)




9 şərh “Stressin idarə olunması və effektiv strategiyalar – “SƏHHƏT”

  1. Aytən Cəbrayılova

    Bəzən stresin təsiri çox güclü olur və sadəcə nəfəs alma və fiziki fəaliyyət kimi üsullarla keçmir. Belə hallarda nə etməliyik? Daha ciddi bir müdaxilə tələb olunduqda nə kimi addımlar atılmalı və hansı mütəxəssislərə müraciət etməliyik? Bu barədə əlavə məlumat verə bilərsinizmi?”

    Cavabla
  2. Amil Baxışzadə

    Hər dəfə özümü stresli hiss etdiyimdə, bu metoddan istifadə edərək sakitləşirəm. Bununla yanaşı, yazınızdakı ‘özünü ifadə etmə’ təklifi də çox yaxşıdır. Mən də bəzən duyğularımı yazaraq daha rahat oluram. Bu cür sadə amma təsirli metodlar insanın həyatını asanlaşdırır.

    Cavabla
  3. Elminaz Abbasova

    Mənim özüm də hisslərimi yazaraq və rəsm çəkərək ifadə etməyi çox faydalı hesab edirəm. Hətta mənim üçün bir növ müalicə vasitəsidir. Bu üsul həm ruhumu sakitləşdirir, həm də yaradıcılığımı inkişaf etdirir. Sizcə, bu metod hər kəs üçün eyni dərəcədə faydalıdırmı, yoxsa bəzilərinə fərqli yanaşmalar lazımdır?

    Cavabla
  4. Ruhid Əsgərov

    Stresin həyatımıza necə təsir etdiyini və onun idarə olunmasının vacibliyini çox gözəl izah etmisiniz. Xüsusilə sosial çevrənin dəstəyi ilə əlaqədar olan hissə çox doğru vurğulanıb. Mən də son zamanlar yaxınlarımla daha çox zaman keçirməyə çalışıram və bu mənə çox kömək edir. Həqiqətən, özümüzü başqaları ilə bölüşdükcə, daxili gərginlik azalmağa başlayır. Təşəkkür edirəm

    Cavabla
  5. İmran Qurbanov

    Mən də tez-tez yazı yazaraq və ya musiqi ilə rahatlaşaraq stresimi idarə etməyə çalışıram. Yazıda qeyd etdiyiniz metodlar, xüsusilə ‘yox’ deməyi öyrənmək, mənim üçün çox vacib oldu. Bəzən həyatımızda çoxlu məsuliyyətlər qəbul edirik və bu da stressi artırır.

    Cavabla
  6. Mürvət

    Stresin iş və ailə həyatına təsirini çox gözəl izah etmisiniz. Mənim təcrübəmə görə, iş yerindəki stress sosial həyatıma da çox mənfi təsir edir. İşdən gəldiyim zaman artıq heç bir şeyə həvəsim olmur, ailə ilə vaxt keçirmək belə mənasız görünür. Gündəlik məşqlər və düzgün yatmaq bu problemləri aradan qaldırmağa kömək edə bilər, amma bəzən həqiqətən də daha dərin köklü dəyişikliklər lazımdır. Bəlkə də stresin həyatımıza bu qədər təsir etməsi, bəzən iş və şəxsi həyat arasında sağlam sərhədlər qoymamağımızdan qaynaqlanır?

    Cavabla
  7. Almaz Məmmədova

    Yazınızda stresin sosial mühitlə əlaqəsini çox yaxşı izah etmisiniz. Mən də bəzən öz problemlərimi yaxınlarımla bölüşdükdə, çox rahatladığımı hiss edirəm. Yaxın dostlarla və ailə ilə söhbətlər, həmçinin bir-birimizə dəstək vermək insanın psixoloji vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bunu daha çox etməyə çalışıram və həqiqətən də faydasını görürəm

    Cavabla
  8. Sənubər Nəzərova

    Son vaxtlar iş və şəxsi həyatımda çoxlu stress yaşayırdım, və bəzən həqiqətən nə edəcəyimi bilmirəm. Yuxusuzluq və baş ağrıları artıq gündəlik problemlərimə çevrilib. Sizin yazınızda qeyd etdiyiniz stressin əlamətləri mənə də uyğundur. Mənim üçün ən çətin tərəf ‘yox’ deməyi öyrənmək oldu, çünki hər zaman başqalarının ehtiyaclarını özümünkündən önə alıram. Amma artıq öz sərhədlərimi müəyyən etməyə başlamağı düşünürəm. Əlavə olaraq, bu əlamətlər davam edərsə, psixoloqa müraciət etməliyəm, deyilmi?

    Cavabla
  9. Adil Həsənli

    Mənim təcrübəmə görə, stress bəzən insanı tamamilə tükəndirə bilir və psixoloji cəhətdən zəiflədir. Yazını oxuduqdan sonra bildiyim bir neçə üsulu gündəlik həyatımda daha da tətbiq etməyə qərar verdim. Fiziki fəaliyyətin və sosial dəstəyin önəmini yenidən qiymətləndirdim. Gerçəkdən hər iki sahə stresin idarə olunmasında çox mühümdür.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir