tf

Təbii fəlakət zamanı psixologiyamızda nələr baş verir?

Baxış sayı: 633

Hiss etmənin yaşı yoxdur. Yaşından aslı olmayaraq hər insan təbii fəlakət zamanı qorxu, dəhşət və panika kimi bir çox duyğular yaşayır. Uşaqlar və yeniyetmələr bu fəlakətlərdən təsir görən ən həssas varlıqlardır. Garrison, Hardin, Weinrich ve Wang(1993) araşdırmaları göstərir ki, fəlakətlərin insan psixologiyasına təsiri əsasən özünü Travmadan Sonrakı Stress Pozuntusu (TSSP) kimi göstərir. Ancaq bu uşaqlarda və yeniyetmələrdə təkcə davranış pozuntusu ilə bitmir. TSSP ilə yanaşı, ən çox görülən travma sonrası psixi pozğunluqlar  Kəskin Stress Reaksiyası (KSR), təşviş pozuntusu, fobik pozğunluq və yuxu pozğunluğudur (Giaconia, Reinherz və Silverman, 1995). Əksər tədqiqatlarda uşaqlarda TSSP semptomların zamanla yox olduğu bildirilsə də, onların illərlə davam etdiyini göstərən Cohen, Bernet və Dunnenin 1998-ci ildə apardiğı araşdırmalar da var.

Yaşanan fəlakət uşaqları bir müddət valideynlərindən ayıra bilir. Bu ayrılıq uşağı narahat edir, tənha hiss etdirir, hadisənin təkrar ola biləcəyi və bu dəfə ailəsini tapa bilməyəcəyi düşüncəsi onu qorxudur (Brooks,Siegel,1996,s 6). Ailənin fəlakətdən əvvəlki və sonrakı davranışlarının, reaksiyalarının uşağa böyük təsiri vardır. Swensonun (1996) araşdırmasına görə belə bir halda ananın davranışlarının uşağın emosianal və davranış vərdişlərində rolu daha çoxdur. Təbii fəlakətdən sonra uşağı növbəti yemək vaxtında nə yeyəcəyindən çox, ən sevdiyi oyuncağıni itirdiyi daha çox narahat edir.

Galante və Foa (1986) 1980-ci ildə İtaliyada baş verən zəlzələdən sonra uşaqlarda travmatik təsirlərin 18-ci ayda azaldığını, lakin bu simptomların 3-5 il davam etdiyini bildirmişlər. ABŞ-da aparılan tədqiqatlarda isə TSSP-nin yayılması və şiddətinin daha aşağı olduğu aşkar edilmişdir. Misal üçün, Bradburn (1991) Loma Prieta zəlzələsindən 6-8 ay sonra apardığı araşdırmada uşaqların 27%-nin aşağı səviyyədə, 36%-nin isə orta dərəcədə TSSP əlamətləri göstərdiyini bildirmişdir. Asornow və digərləri (1999) oxşar araşdırmada 1994-cü il Kaliforniya zəlzələsindən dərhal sonra uşaqların 71,4%-də TSSP aşkarlamış və bir il sonra bu nisbətin 28,5%-ə düşdüyünü müşahidə etmişlər. Uşaqların fəlakətlərə reaksiya cavabları olduğu inkişaf dövrü ilə müəyyən edilmişdir (Coffman, 1998).

    Çagalıq dövrü (0-1 yaş)

Bu yaş qrupuna aid uşaqlardan travma əsasında yaşadıqları haqqında məlumat almaq çox çətindir. Onlar travma sonrasında stressin göstəricisi olaraq aşağıdakı davranışları göstərə bilərlər:

– Öncədən olan vərdişlərini itirmək (məsələn, yuxu rejiminin pozulması)

– İnkişaflarında ləngimə

 

    İlk uşaqlıq dövrü (2-5 yaş)

Balaca uşaqların dünyası əsasən sakit bir mühitdir,bağ qura biləcəyi boyüklərdən və anlaya biləcəyi hadisələrdən ibarətdir. Amma yaşanan bir fəlakət uşağın fiziki böyüməsi və əqli inkişafı üçün çox vacib olan bu dünyaya təsir göstərir (Gordon 1999). Ən çox görülən reaksiyalar ağlama,qışqırma, yüksək dərərcədə bağlanma, hərəkətsiz titrəmə, qorxmadır. Bu dönəmdə regressiv davranışlar (geriləmə)-özlərindən balacaların hərəkətlərini etmək sıx görülür. 5 yaş və altı uşaqların göstərdikləri stress davranışları:alt islatma, tək qalmaqdan və qaranlıqdan qorxma, gecə kabusları,yüksək səslərdən narahatçılıq, külək, yağış səslərindən hürkmə, danışıqda çətinlik-kəkələmə, iştah problemləri,geyinmə və yemək yemə zamanı kömək istəmə (Gordon 1999,s112-113)

 

    Son uşaqlıq dövrü (6-11 yaş)

6-11 yaş dövründə olan uşaqlarda travma sonrasında qorxu və təşviş pozuntusu daha çox görülür. Bu yaşda uşaqlar hadisələri daha yaxşı başa düşür, özünün və yaxınlarının başına gələ biləcəklərin fərqindədirlər. Ailələrindən ayrı qalmaqdan qorxurlar. Çünki məktəbdə və ya başqa bir yerdə olduqda fəlakət təkrarlanarsa, ailələrindən ayrı düşəcəklərini,onları itirəcəklərini düşünürlər.(Gordon 1999). Dostları itirmək və ya ayrılmaq kimi bir vəziyyət yaşadıqları zaman depresiya kimi psixoloji problemlər olur (Coffman 1998).Valideynlərinin təbii fəlakətlər qarşısındakı zəifliklərini hiss edə bilərlər. Bu hiss onların valideynlərinə olan güvənini qıra bilər. Bəzən bu dövrdə uşaqlar ailesini incitməmək üçün duyğularını gizlədə bilirlər. Bunun nəticəsində də geriləmə davranışları, özünə qapanma, depresiya halları ozünü göstərir.

 

    Yeniyetməlik dövrü

Yaşanan fiziki, zehni və sosial dəyişikliklərə uyğunlaşmağa çalışarkən təbii fəlakətə məruz qalmaq yeniyetmələrin fəlakətlərdən daha çox mənfi təsirlənməsinə səbəb olur. Təbii fəlakətlərdən sonra mövcud yaşayış şəraitinin və ekoloji nizamın pisləşməsindən asılı olaraq, fəlakətin ilk həftələrində yuxu pozğunluqları baş verə bilər.Yeniyetmələrdə yaşanan hadisələrdən uzaq durmaq üçün maddələrdən istifadəyə meylli olduqları görülür. Araşdırmalardan əldə edilən nəticələrə görə, ən çox istifadə olunan maddən 94,4% nisbətində siqaretdir.(Yüksel 2016)

Bu yaş qrupundakı uşaqlar ailələri ilə daha çox vaxt keçirmək istəyə bilər, lakin əksinə ailələrindən uzaqlaşmaq da istəyə bilərlər. Onlar bir çox duyğuları hiss edə bilirlər; günahdan qorxuya və ya hətta fəlakətdən sağ çıxdıqları üçün ölümsüz olduqlarını hiss etməyə qədər.

Məktəblə bağlı isə,məktəbə getməmə, məktəbdə davranış problemləri,dərslərdə müvəffəqiyyətsizlik, diqqət əskikliyi, yaddaş problemleri, yoldaşları ilə münasibətdə aqresivlik baş verir.

 

Psixoloq Sevilxanım Bunyatzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir