taksi

Taksi sürücülərinin yazılmamış qanunu: “nisyə sifariş” və ya “soğan olsun, nağd olsun”

Baxış sayı: 528
Mənzil başına çatmağa tələsənlər, ictimai nəqliyyatın sıxlığından yan keçməyə çalışan, amma şəxsi maşını olmayanlar əksər hallarda taksi xidmətinə üz tuturlar. Ən sərfəli taksi xidmətini də bugünkü gündə şirkətlər təklif edir. Ödənişin həm kartla, həm də nağd olması xidmətdən istifadəni daha da rahatlaşdırır.İstər nağd pulu olmayan, istərsə də sürücüyə qəpiklərlə ödəniş etməyi xoş hesab etməyənlər və s. kartla ödənişə üstünlük verirlər. Lakin bir çox hallarda sürücülər kartla ödənişə narazılıq edirlər. Müştəriyə zəng edib ödənişin nağd, yoxsa kartla ediləcəyini soruşan sürücülər də kifayət qədərdir. Bunun səbəbini soruşduqda sürücülər müxtəlif cür əsaslandırırlar.

Mövzu ilə bağlı danışan “Bolt” taksi şirkətinin sürücüsü Orxan Əhmədov (öz istəyi səbəbindən ad şərtidir) deyib ki, kartla ödənişə narazılıq sürücülərin nağd ödənişə daha çox etibar etməsi ilə bağlıdır: “Sürücülər deyirlər ki, “soğan olsun, nağd olsun”. Kartla ödənişə etibar etmirlər. Kartla ödənişi daha üstün hesab edən sürücülər də var. Kartla ödəniş pis deyil. 60 manat da, 100 manat da yığılsa, hesabında qalır, istədiyin vaxt nağdlaşdıra bilirsən”.

Sürücülərin kartla ödənişləri sonradan nağdlaşdırmada problemlə qarşılaşdıqları ilə bağlı əsaslandırmalarına qaldıqda isə sürücü buna belə aydınlıq gətirib: “Sürücünün hesabında minimum 20 manat olmalıdır ki, nağdlaşdıra bilsin. Bir məsələ də sürücünün şirkətə borclu qalması ilə bağlıdır. Əgər sürücünün şirkətə 10 manatdan artıq borcu varsa, ona nağd sifarişlə müştəri vermir. Amma belə vəziyyətdə sürücü də öz hesabına pul yükləyə bilər”.

“Ekonom” taksi şirkətinin direktor müavini Ceyhun Məmmədli də  təsdiqləyir ki, sürücülər kartla ödənişi bir çox hallarda narazılıqla qarşılayırlar: “Təəssüf ki, sürücülər kartla ödənişdə problem yaradırlar. Biz təlimlərdə bununla bağlı əlavə elanlar veririk. Sürücüləri məlumatlandırmağa çalışırıq ki, kartla ödənişlərdə problem yaranmasın, müştəriləri narazı salmasınlar. Lakin deyərdim ki, sürücülərin əksəriyyəti bununla bağlı problem yaradır”.

Həmsöhbətimiz bunun səbəbini belə açıqlayıb: “Onlar kartla ödənişi öz aralarında “nisyə sifariş” adlandırırlar. Əllərinə nağd pul gəlmədiyi üçün narazılıq edirlər. Hesab edirəm  ki, bunun da bəzi səbəbləri var. Əsas olan da sürücülərin “çayevoy” adlandırdıqları – müştərilərin onlara əlavə olaraq verdiyi puldur. Kartla sifarişdə gedişhaqqı tam olaraq balansa köçür və sürücü əlavə ödəniş ala bilmir. Buna görə də narazılıq edirlər”.

“Çalışırıq ki, şirkət olaraq biz də bununla mübarizə aparaq. Sürücüləri təlimləndirək. Hesab edirəm ki, yaxın illərdə nağd ödəniş sıradan çıxacaq, bütün sifarişlər onlayn formada olacaq. Çünki artıq bir çox istiqamətlərdə ödənişlərin kartla edilməsi üçün imkan var”, – deyə Məmmədli qeyd edir.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir