taksi

Taksilərlə bağlı yeni tələblər nəyi dəyişəcək?

Baxış sayı: 493

Xəbər verdyimiz kimi, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib. Buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi, taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz, gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal olmalıdır.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günədək də var idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.

1 iyul tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Xatırladaq ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, əksər insanlar elə hesab edir ki, taksi avtomobillərinə son istehsal tarixinin 8 il olması tələbi indidən qoyulub. Burada əsas diqqət yetirilməli məqam taksi sürücüləri üçün üç ay müddətin verilməsidir. Bu müddət, taksi sürücüləri üçün bir şansdır. Yəni iyulun 1-dək avtomobilinin texniki pasportunda ili 15 ildən çox göstərilməyən şəxslər taksi xidməti göstərmək istəyirsə, onlara bu xidmətə icazə veriləcək. Həmçinin avtomobilinin rənginə də tələb qoyulmayacaq. Amma kim ki iyul ayının 1-də taksi xidməti üçün müraciət edəcək, onlara artıq avtomobillərinin son istehsal tarixinin 8 ildən köhnə olmaması və rənginin ağ, yaxud qırmızı olması tələbi qoyulacaq.

Ekspertin fikrincə, yeni qərar taksi xidmətinin keyfiyyətinin artırılması üçün müsbət addımdır: “Hamımız taksi fəaliyyətində qayda-qanunun nə vaxt yaranacağını gözləyirdik. İndi bu qərar verilib, yenə burada bir “əmma”, problem axtarmağa çalışırıq. Taksi xidmətində keyfiyyətin artırılmasını istəyən də bizik, bu qərarda problem axtarmaq istəyən də. Mən isə düşünürəm ki, bu qaydaların qəbulu taksi xidmətində keyfiyyəti yüksəldəcək. Digər dövlətlərdə də istehsal ili 5, ən pis halda 10 ilədək olan avtomobillər taksi xidmətində fəaliyyət göstərə bilir. Azərbaycanda isə verilmiş qərara görə, ilkin 15 il müddət nəzərdə tutulub”.

Elməddin Muradlı bildirir ki, hal-hazırda 15 ili tamam olmayan istənilən rəngli maşın üçün AYNA-ya müraciət edib, kart almaq mümkündür: “Həmçinin 141 Qaynar xəttinə zəng edib sualları ünvanlaya bilərlər. Müraciət edənlər ətraflı şəkildə məlumatlandıracaqlar”.

Ekspert iyulun birindən sonra nə olacağı sualına da aydınlıq gətirdi. “Heç bir problem olmayacaq. Yəni avtomobilin hər hansı rəngdə, texniki parametrlərinə uyğun olaraq taksi kimi qeydiyyatdan keçirib, taksi buraxılış kartı aldığınız nəqliyyat vasitəsilə həmin nəqliyyat vasitəsinin istismar müddəti 15 ili tamamlayana qədər taksi sürə bilərsiniz. Çox güman ki, bu istiqamətdə yerli istehsala üstünlük veriləcək. Çünki Azərbaycanda da bir neçə avtomobil zavodu var. Növbətisi Hacıqabul rayonu ərazisində, Ələt iqtisadi zonasında tikilir. Çox güman ki, bu qərar ona yönəlib ki, yerli istehsala təkan verilsin”.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, taksi sayının azaldılması bu sahədə pərakəndliyin aradan qaldırılması və rəqabətli mühit şəraitində çalışan bir sahəni tam nəzarətə götürmək cəhdləridir: “Yeni qərarın başqa bir izahı yoxdur. Çünki son 10-15 ildə Azərbaycanda taksi xidməti yeganə sahə idi ki, qiymətlər nəinki artmışdı, hətta ucuzlaşmışdı. Ona görə də, qərar verənlər bunu belə izah edirlər ki, 60 min taksi var və bu say çoxdur deyə, 20 minə azaldılmalıdır. Niyə 20 min olmalıdır?! Bakı və Abşeronda 4 milyona yaxın əhalinin yaşadığına nəzər yetirmək lazımdır. Bu qədər əhalinin yaşadığı şəhər üçün 20 min taksi yetərlidirmi? Bunu necə və hansı qaydalara görə hesablayıblar – rəsmilər açıqlamalıdırlar. Ona görə də, düşünürəm ki, bu qərarla bağlı gələcəkdə düzəldici qərarlar olacaq”.

İqtisadçı bu qərarla işsizliyin sayının artacağını bildirir: “Bu qərar işsizliyə, qiymətlərin kəskin artmasına səbəb olacaq. Nəticə etibarilə də bir müddət sonra bəzi qərarların yumşaldılmasının şahidi ola bilərik. Taksi xidməti son illər Azərbaycanda ən çox rəqabətli mühitdə fəaliyyət göstərən xidmət idi. Yeganə sahə idi ki, bəlkə də qiymətləri artmamış, əksinə, azalmışdı. Taksi xidməti devalvasiyadan öncəki qiymətlərdən belə, ucuz idi. Bu tənzimləyici aktların gətirilməsi taksi xidmətini bahalaşdırmaqla yanaşı, insanları da işsiz qoyacaq. İnsanlar heç də öz keflərindən gəlib Bakıda taksi xidməti ilə məşğul olmurdular. İş, başqa fəaliyyət növü yox idisə, onlar da məcburən bu fəaliyyət növü ilə məşğul olurdular. İndi bu qanunları qəbul etmək daha asandır. Ancaq onun nəticələrini öncədən hesablamaq daha məntiqlidir. Hökumətlər belə davranmalıdır. Yəni bir proqramı olmalıdır ki, “mən bu addımı atdım, 30-40 min insan işsiz qaldı, onları necə işlə təmin edəcəm, hansı sahələrdə iş təklif edəcəm?” Bu yoxdursa, sadəcə insanların işsiz qalmasına və taksi xidmətinin ölkədə kəskin bahalaşmasına səbəb olacaq. İndiki internet dövründə belə aktlarla bu məsələni həll etmirlər. Bundan başqa, ictimai nəqliyyat normal işləsə, taksilərə bu qədər ehtiyac olmaz. İlk növbədə ictimai nəqliyyat, avtobus və metronun intervalları düzəlməlidir. İnsanlar rahat şəkildə gedib-gəlməlidirlər. Bunları düzəltmədən, bu barədə qərar vermədən birdən-birə belə kəskin qərarlar qəbul etmək iki nəticə doğuracaq – işsizlik və qiymət artımı”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin dediyinə görə, taksi istifadəçiləri tətbiq edilən qaydalar və tələblərdən razı qalacaqlar, çünki taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin keyfiyyəti yüksələcək. Ancaq bu tələblər və onların 2024-cü il iyul ayının birindən qüvvəyə minməsi isə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və ya fiziki şəxslər üçün əlbəttə ki, müəyyən çətinliklər yaradacaq: “Tələblərə əsasən taksi avtomobilləri yalnız ağ və ya qırmızı rəngdə olmalıdır, minimum “Avro-5″ standartına cavab verməlidir, istehsal tarixi 15 ildən çox olmamalıdır. Bu tələbatın hazırda taksi fəaliyyəti göstərən əksər nəqliyyat vasitələrində mövcud olmaması sirr deyil. Bu isə o deməkdir ki, yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün istər fiziki sahibkarlar, istər taksi şirkətləri, qısa müddət ərzində bu tələblərə cavab verən avtomobilə sahib olmaq üçün mövcud avtomobillərini ya satmalıdırlar, ya dəyişdirməlidirlər, ya rəngləməlidirlər və s. Bu da müəyyən xərclər yaradacaq”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” Azərbaycanda taksi xidmətlərində ciddi dəyişikliyə səbəb olacaq və ölkədə taksi qıtlığı yaratmayacaq. Bunlar balanslaşdırılmış tələblərdir, bazar iştirakçılarının sürətli, keyfiyyətli transformasiyasına və yeni şərtlərə uyğunlaşdırılmasına şərait yaradacaq: “Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Əslində bu tələb qanunvericilikdə var idi. Yaşı 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərməyə uyğun deyillər. Bunların bazardan kənarlaşdırılması düzgün qərardır. Bu, bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər. Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq. Vətəndaşın avtomobili gün ərzində 2-3 səfər edirsə, taksilər 20-dən çox səfər edir. Bir taksi avtomobili 8 fərdi avtomobilə bərabərdir. 70 min taksi fəaliyyət göstərirsə, bu, tıxaca effektiv 550 min avtomobilə bərabərdir. Bu, kifayət qədər böyük rəqəmdir. Bu səfərlər ictimai nəqliyyatla həyata keçirilə bilər”. A.Rzayev əlavə edib ki, “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapmış taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib: “Ağ rəng neytraldır. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Baku Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə, sarını satmaq kifayət qədər çətindir. Ağ, yaxud da qırmızı rəngdə olan avtomobili hər kəs sata bilir”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir