Xatire seferova

Tanınmış psixoloq: “Uşaqlarda yaş krizisi başlayanda ehtiyatlı olmaq lazımdır” – MÜSAHİBƏ

Baxış sayı: 5. 613

Sağlam ruh, sağlam bədən, sağlam həyat tərzi sağlam düşüncədən başlayır. Sağlam düşüncə tərzini isə bizə müəyyən yaş həddinə qədər ətrafımızdakılar verir. Ancaq öz-özümüzə verdiyimiz müəyyən mənəvi tərbiyə də çox önəmli olur. Deməli, hər şey bizdən başlayır. Fürsət varkən biz də sağlam düşüncə tərzinə necə yiyələnmək olar, bunu araşdırdıq. Bu mövzuda bizə “Gencaile.az” saytının suallarını cavablandıran psixoloq Xatirə Səfərova yardımçı oldu.

 

– Hazırda bir çox insanlarda depressiya müşahidə olunur. Buna səbəb nədir və depressiv vəziyyətdə olan insanlar özlərini bundan necə uzaqlaşdıra bilərlər?

– Məlumdur ki, fəsillər depressiyası insan orqanizmində bioritmin pozulmasına səbəb olur. Xüsusən payız və yaz depressiyası insanlarda özünü qabarıq şəkildə büruzə verir. Buna səbəb kimi bu aylarda vitamin çatışmazlığı, günəşdə radiasiyanın, çoxalması və başqa amilləri göstərmək olar. Lakin optimist və pessimist insanlar var. Optimist insanlar fasillər yaxınlaşdıqda, xüsusən də yaz depressiyasında diqqqətlərini depressiyaya yönəltməyərək, əksinə, ondan daha çox uzaqlaşmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Pessimist insanlar isə hətta günəşli gündən belə zövq almırlar. Eyni zamanda, insan ona xas olan temperamentinə görə bir neçə növə ayrılır. Və hər növün də yaz depressiyasına özünəməxsus yanaşma tərzi olur. Məsələn, sanqviniklər bu ərəfədə dərhal özlərinə necə kömək edəcəkləri barədə düşünür, xolerik tipə məxsus olanlar daha da aqressivləşir. Fleqmatiklər bu dövrü həyacan içində keçirir, melanxoliklər isə özlərini tənha hiss edirlər. Yəni insanlar düşüncə tərzində fərqli olduqları kimi, depressiya dövrlərini də fərqli keçirirlər. Depressiyadan uzaqlaşmaq üçün ilkin mərhələ davranış, düşüncə mexanizmini müsbət istiqamətə yönəltmək, qida rasionuna fikir verməkdir. İnsan beynində olan seretonin (beyində olan xoşbəxtlik hormonudur) hormonunu artıran qidalardan istifadə etmək məqsədəuyğundur. Məsələn, şokalad, dondurma və s. Havaların isindiyi dövrdə pəhrizdən uzaq durmaq daha yaxşı olardı. Hər dörd saatdanbir fərqli qida qəbul etmək və vitamin balansını tənzimləmək çox vacibdir. Dinamik həyat tərzi də depressiyanı aradan qaldıran mühüm amillərdəndir. Hər səhər qaçmaq ən güclü antidepresantdır.

 

– Biz fəsil depressiyasına toxunduq. Ancaq məlumdur ki, bir çox problemlərin əsası uşaqlıq dövründə qoyulur və insan ömür boyu bunun əlamətlərini daşıyır. Azyaşlı uşağın öz həmyaşıdına duyduğu aqressiyanı biz bəzən mənasız hesab edirik. Ancaq gələcəkdə yaranacaq problemlər elə burdan başlayır. Bu səbəbdən valideynlər uşaqlarla necə davranmalıdırlar?    

– Əlbəttə ki, uşağa hansı tərbiyəni versək, böyüyəndə özünü həmin istiqamətdə inkişaf etdirəcəkdir. Söhbət davranış modellərindən gedir. Uşaqların tərbiyəsində valideynlərin və ətraf mühitin rolu böyükdür. Uşaqlar bəzən öz həyatında baş vermiş mənfi hadisələrə davranışları ilə cavab verirlər. Məsələn, ailədə daimi konflikt uşağın nitqinə təsir edir və kəkələməyə qədər gətirib çıxarır. Lakin, bu, o demək deyil ki, uşağın hər mənfi davranışı valideynin günahıdır. Sadəcə, bəzən uşağın nə dediyini başa düşmədikdə uşaq öz reaksiyasını nəyləsə bildirir. Bunun səbəbi isə nədənsə razı və ya narazı olduğunu dillə başa sala bilməməsidir. Uşaqların davranışında, dediyimiz kimi, digər uşaqlara göstərdiyi aqressiya onun valideynlərinə bir mesajdır. Bu iki halda özünü göstərə bilər: valideynlər öz uşaqlarına hiper qayğı (həddindən artıq çox qayğı göstərmək) və ya hipo qayğı ilə (qayğısız) yanaşarsa, bu zaman uşaqda müəyyən aqressiya yaranır. Valideynlər daha çox təşkil olunmuş psixoloji oyunlarla öz övladlarına kömək edə bilərlər. Uşaqlarla onların başa düşəcəyi dildə danışmaq, davranmaq lazımdır. Burda psixoloji oyunlar məsələnin ən gözəl həllidir.

 

– Hansı hallarda uşaqlara daha təmkinli və həssas yanaşılmalıdır?

– Uşaqlarda yaş krizisi başlayanda ehtiyatlı olmaq lazımdır. Uşaq fiziki olaraq yavaş-yavaş böyüyür, onun psixologiyası isəbirdən-birə və böyük sıçrayışlarla inkişaf edir. Məsələn, 3- 4,6 -12 yaşlar krizis yaş dövrləri hesab olunur. Bu dövrlərdə uşaqlarda tərslik, aqressivlik və s. özünü göstərir. Onların bu vəziyyətinə səbrlə dözmək və daha çox təmiz havada öz həmyaşıdlarının əhatəsində olmalarına xüsusi diqqət yetirmək lazımdır.

 

– Uşaqların böyüklər tərəfindən tərbiyə üsulu kimi bəzən fiziki cəzalandırılması onlarda da böyüdükcə başqalarına qarşı bunu tətbiq etmək hissini, ehtiyacını yaradırmı?

Uşaqların bu cür tərbiyəsi onların fiziki və əqli inkişafına mənfi təsir edir, psixolji problemlərə yol açır və cəmiyyətdən öz intiqamını almaq fikrini formalaşdırır. Onlarda: “Hamı pisdir, mən yaxşı” və ya “mən pisəm, hamı da pisdir” düşüncəsinə gətirib çıxarar. Belə düşüncə isə ailədə, işdə, karyerada uğur əldə etməyə mane olur. Uşaqları döymək cinayətdir. Bunu, bir qayda olaraq, hamı bilməlidir.

 

– Fürsət varkən bu mövzunun üzərində daha çox dayanmaq istərdik. Çünki son illərin aktual problemlərindən biri də insanların bir-birinə qarşı zorakılığıdır. İnsanlarda yaranan bu aqressiyanın səbəbi nədir?

– 17 yaşa qədər insan öz valideynləri, yaxınları tərəfindən formalaşdırılır. Yəni fərdin müəyyən xüsusiyyətlərə malik olmaq yollarından biri də valideynlərin onları istədikləri istiqamətə yönətməsindən irəli gəlir. Valideynlər övladlarla nə qədər sağlam ünsiyyət qurarlarsa, nəticə bir o qədər ürəkaçan olar. Zorakılığa meyl olunması isə birbaşa olaraq psixolji məqamdır. İnsanın hər hansı bir travması nəticəsində yaranmış hisslər onu həyatda iki istiqamətə pozitiv və neqativ motivasiyaya yönəldər. İnsan pozitiv motivasiya üzrə öz istiqamətini götürübsə, bu zaman özünün fərdi inkişafına daha çox önəm verər. Yox, əgər neqativ motivasiya ilə köklənibsə, bu zaman digərlərinə fiziki və mənavi cəza verməkdən zövq alacaqdır. Əlbəttə ki, bu problemin kökündə son dövrlər daha qabarıq təqdim olunan cinayət xəbərləri, eləcə də digər aqressivlik yaradan komputer oyunları və sairədir. Zorakılıq edən insan bundan zövq aldığı üçün daxilən özünü rahat hiss edir, bu, onu sakitləşdirir. Neqativ motivasiya olan insan ən təhlükəli insanlar kateqoriyasındandırlar.

Xatire S

– İnsanlar nəyə görə cinayət törədirlər?

– İnsanlar problemə qarşı adekvat davranmayanda öz şəxsi mənafelərindən irəli gələrək rahat şəkildə cinayət törədirlər. Bunun psixoloji açıqlaması da həmin insanlarda supereqonun (ali hisslər, vicdan hissləri) inkişaf etməməsidir.

 

– Aqressiya, kin, nifrət hissi beyində və insan psikasında necə müşahidə olunur?

– Kadmium və qurğuşun (kimyavi elementlər) insan orqanizmində çox olanda o, aqressiv olur. Həmçinin insanda seretonin maddəsi çatışmayanda da aqressiv ola bilir. İnsanın tez-tez aqressivləşməsi isə onda birbaşa psixosomatik xəstəliklərə yol açır. Məsələn, mədə xorası, hipertoniya kimi xəstəliklərin açarıdır.

 

– Bəs biz özümüzdən bu cür hissləri nə cür kənarlaşdıra bilərik?

– Bunu həyata baxışı müsbət notlar üzərində qurmaqla dəyişmək olar. Həyat insana bir dəfə verilir və ağıllı insan bundan səmərəli istifadə edir. Özünə dəyər verən insan daxilini və xaricini bütün mənfi hisslərdən uzaq tutmalıdır.  Əbəs yerə hirsli başda ağıl olmaz deməyiblər. Bəzi cinayətlər insanın əsəbi olduğu vaxtlarda baş verir. Bəs bu zaman hər hansı peşmanlığa yol açmamaq üçün özümüzü necə sakitləşdirməliyik? İnsan əsəbləşdiyi zaman ilkin olaraq özü ilə ünsiyyətə girməlidir. Dərhal məkanı dəyişməlidir. Ən yaxşısı isə özünü sakitləşdirməkdir. İnsanın irrasional düşüncəsi onu çox mənfi, qeyri-adekvat davranmağa yönəldir. Bu, ən zəif iradəli insanlara xasdır.

– Valideynlər uşaqlara humanizm, insansevərlik, yardımetmə və ən pis halda belə gözəl düşünmək hisslərini, düşüncəsini necə aşılaya bilər?

– Uşaq ailənin güzgüsüdür. İnsanın düşüncə tərzi ailədəki sağlam ünsiyyət, sevgi, məhəbbət, xoş əhval-ruhiyyə ilə birbaşa əlaqəlidir. Valideynlər hər zaman xoşbəxt görünməlidirlər ki, ailədə böyüyən uşaqlar həyatdan zövq alsınlar. Həyat çox gözəldir. Həyatda o qədər gözəlliklər var ki, hətta mənfilikləri görməsək də olar. Övladlarımızın sağlam həyatı bizim əlimizdədir. Və gəlin övladlarımza stereotipləri yox, əsl tərbiyəni ötürək. Bacardığımız qədər insanları sevək və uşaqları fiziki cəzalandırmayaq.

 

Söhbətləşdi: Günay Camalqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir