kitab

Telefona dəyişdiyimiz kitablar…

Baxış sayı: 387

Görəsən niyə kitabları telefonlara dəyişdik? Telefonlar məgər o kitablar kimi saxlanc yeri ola biləcəkmi? Yəni içindəki minlərlə şəkli, xatirələri əbədi saxlaya biləcəkmi? Yoxsa bir an internet itərsə, şəkillər də, xatirələr də itəcəkdir. Ən əsası isə görəsən kitabların insana verdiklərini 100 il bundan sonra telefonlar verə bilərmi?

Bəzən kitab oxuduğumuz o illərin unudulmaz günlərini elə həsrətlə xatırlayıram ki… Nə qədər kitab oxuyurduq, İlahi… Günlərimiz kitabxanalarda keçirdi. İki gündən, üç gündən bir kitab alıb evə gətirirdik. Bizə hansısa bir iş tapşıran valideynlərimizdən oğurlanıb mütaliə edirdik. Dərsimizi hazırladıqmı, işimiz gizlində-aşkarda, orada-burada ancaq kitab oxumaq olurdu. Kitablar da o qədər maraqlı idi ki, bitirmədən gözümüzə yuxu getmirdi. Dəfələrlə “ay bala, o işığı söndürün, yatın, ta gecdir”,-deyən ata-anamıza hər dəfə “yaxşı, indicə söndürürük”,-deyərək gecə yarısı kitabı bitirib, sabah yenə kitabxanaya gedir, yeni kitablar alırdıq. Desəm ki, kitabxanalarda oxunmamış kitab qoymamışdıq qala, bəlkə də inanan az olar, lakin bu, həqiqətən də belə idi.

Biz gözümüzü kitabdan ayırmırdıq, indi isə gözlər telefondan ayrılmır. Bizə “ay bala, bu qədər kitab gözlərinizi kor edəcək” deyirdilər, indi isə uşaq, yeniyetmə və gənclərə “ay bala, bu telefonlar gözünüzü kor edəcək” deyirlər. O vaxt əksər adam başı aşağı kitab oxuyurdu, indi haradayıqsa- evdə, küçədə, nəqliyyatda, orada əksəriyyətin başı aşağı, gözü telefondadır. Görəsən günün bu qədər saatını insanlar orada nə axtarır? Axşamadək barmaqlar bir saniyə dincəlmir: axtarır, yazır, pozur… Bircə onu bilirəm ki, barmaqlar nə qədər işləyirsə, beyin bir o qədər yorğun düşür. Lakin kitab oxuyarkən beyin dincəlir, zehin açılır.

Hər dəfə metroda başı aşağı, gözü telefonda olan bütün yaş qruplarından insanları müşahidə edərkən başı aşağı kitab oxuduğumuz o illəri xatırlayıram. Öz-özlüyümdə xeyli müqayisə aparıram. O vaxtlar elə bu metroda da kitab oxuyanlar çox idi. Nə oldu görəsən, niyə kitablar qatlanıb bir kənara atıldı, telefonların güdazına getdi? Bir andaca kitabların o möhtəşəm ətri gəlir burnuma. Harada qaldığımızı bəlli etmək üçün qatladığımız səhifələr… Saxlanc yerimiz olan səhifələr… Orada saxladığımız şəkillər, quruyub səhifələrin arasında özünə yer edən xatirələr dolu güllər… Bəlkə indi də hansısa kitabxanada kitabların arasındaca qalır onlar. Kitabxanalarda digər “yaşayanlar” kimi.

Artıq insanlar uzun illərdir, kitabxanalardan ayağını kəsib. Çünki telefon kitabxananın yolunu kəsib, kitabların ətrini özünə çəkib. İndi kitab, müəllif, kitabxana yalnız belə əlamətdar günlərdə, həftələrdə anılır. Onu da xatırlayan olarsa…

Kitabları telefona, sosial şəbəkələrə dəyişmişik. Tiktok bizim üçün kitablardan dəfələrlə sevimli olub indi. Əxlaqi dəyərləri aşılayan kitablar onu əlimizdən alan Tiktokun kölgəsində qalıb. Bizi qalmaqaldan uzaqlaşdıran, özü ilə baş-başa saxlayıb bütün dünyanı gəzdirən, yaxşını-pisi ayırd etməyi öyrədən kitabları indi qeybət yeri olan Votsapla, İnstagramla dəyişmişik. Kitab oxumaq əvəzinə, qalmışıq Votsapda, bir-birimizə geyimimizi, acdığımız süfrələri, gəzdiyimiz yerləri göstəririk. İnstagramda özünü reklam edən kosmetoloq “həkimlərin” Allah-təalanın verdiyi əzaları dəyişməsini, Yaradana qarşı çıxmasını izləyir və alqışlayırıq. Biz də dəyişmək istəyirik. Necə ki, kitabı telefona dəyişmişik…

…Heyf telefonlara dəyişdiyimiz kitablardan. Çünki telefon heç vaxt kitabların verdiyini verə bilməz insana. Zaman-zaman bunun nə qədər böyük səhv olduğunu anlayacağıq. Lakin onda artıq gec olacaq.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir