toy

Toy adətlərimiz: yaşatdıqlarımız, unutduqlarımız… – I YAZI

Baxış sayı: 378

Toy əsrlərdən bəri xalqımızın böyük dəyər verdiyi, təntənəli şəkildə qeyd etdiyi mərasim olub. Bunun müəyyən səbəbləri var. O səbəblərdən birincisi xalqımızın möhtəşəm ailə dəyərlərinin olmasıdır. Bu dəyərlər əsrlərin süzgəcindən süzülərək formalaşıb. Formalaşdıqca da müqəddəsləşib. Biz ailəni hər zaman müqəddəs hesab etmişik. Ailənin qurulması həyatımızın unudulmaz anı olub. Valideynlər hər zaman övlad toyu görməyi arzulayıb, bu toyu taleyin ən gözəl bəxşişi hesab ediblər.

Nikaha daxil olmağı, ailə qurmağı xalqımız vacib bir əməl kimi qəbul edib. Və bu, bütün ailələrdə təlqin olunub. O dərəcəyə çatdırılıb ki, mərhələli şəkildə həyata keçirilən, vaxtı çatanda vacib sayılan məsələlərdən biri olub. Xalqın folklorunda, yazılı və şifahi ədəbiyyatında ailə dəyərlərimizi özündə əks etdirən çoxsaylı məqamlar vardır. Bu dəyərlər isə toydan başlayır. Belə isə toylarımız barədə danışaq, görək nələri unutmuşuq, nələri yaşadırıq…

 

Elçilik

Bugündən dünənə baxarkən toy adətlərinin bir çoxunun ixtisara salındığını, digərlərinin isə formasının dəyişdirildiyinin şahidi ola bilərik. Bunlar barədə söhbət edəcəyik. Hələlik toyaqədərki mərhələnin birincisindən danışaq. O mərhələ ki, hələ də yaşadılır. Bu, elçilikdir.

Deməli, oğlan və qız bir-birini sevir, vaxtı çatanda oğlan bu barədə anası ilə söhbət edir. Ana da bu barədə ataya danışır. Eyni zamanda qız da öz anasına ürəyini açır. Filankəslə ailə qurmaq istədiyini bildirir. Hər iki ailə araşdırmalara başlayır. Araşdırma deyəndə ki, bir soraqlaşırlar ki, görsünlər həmin ailə necə ailədir, onlarla bunların söz-söhbəti tutar, ya yox. Və yaxud da digər məsələlər var ki, onları öyrənəndən sonra toy baş tuta da bilir, tutmaya da.

Məsələn, soraqlaşma zamanı elə məsələlər ortaya çıxa bilir ki, qız anası qızına “biz onlarla qohum ola bilmərik, çəkil otur yerində”,- deyir. Elə məsələlər olur ki, oğlan anası oğluna “ biz o qapıya gedə bilmərik, ay bala, bu söhbəti bağla”, -deyir. Yüzlərlə bu cür mənzərənin şahidi olmuşuq. Lakin bundan sonra qohumluq yarana da bilir, yaranmaya da. Bu da gənclərin israrına bağlı olur. Və burada böyük nəsihəti dinləmək məqamını xüsusi olaraq vurğulamaq lazımdır, ona görə ki, sonrakı peşmançılığın da dəfələrlə şahidi olmuşuq.

Ailələrin razılığı olmayanda bəzən qız evi tərk edir və sevdiyi oğlanla gedir. Buna qızqaçırma deyirlər. Onlardan nikaha daxil olanlar da, olmayanlar da olur ki, olmayanlar gələcəkdə problemlərlə üz-üzə qalırlar. Belə ailələrdən uğurlusu da, uğursuzu da olur.

Qayıdaq söhbətimizə. Deməli, soraqlaşma müvəffəqiyyətlə bitəndən sonra ana yaxın qadın qohumları necə deyərlər, başına yığır və qızgilə tanışlığa gedir. Bu, həm də kiçik elçilik hesab olunur. Bu mərasimdə qız tərəfdən də yaxın qadın qohumlar iştirak edir. Söhbət əsnasında tərəflər bir-birilərini tanıyır, yaxınlaşırlar. Tanışlıqdan sonra böyük elçiliyin vaxtı təyin olunur.

Bu isə toyaqədərki ikinci mərhələ hesab olunur. Böyük elçiliyə kişilər qadınlarla birlikdə gedirlər. Burada əsas məqam həm kişi, həm də qadınlar arasında ağsaqqal və ağbirçəklərin mütləq olmasıdır. Yəni adətlərimizə görə xeyir işin təməlini ağsaqqal və ağbirçəklər qoymalı, xeyir-duanı onlar verməlidir. Beləliklə, 8-10, bəzənsə bundan bir qədər də çox sayda adam yığışır, qız evinə elçiliyə gedir. Bu dəfə də ailələr bir-biri ilə tanış olur, söhbətləşir. Daha sonra isə ağsaqqal söhbəti açır, qızı el qaydasına görə ata-anasından istəyir.

Razılıq olanda oğlan evi şirin çay istəyir. Süfrəyə şirin çay gətirilir. Nəlbəkiyə oğlan evi tərəfindən şirinlik olaraq pul qoyulur.

 

Nişan

Nişandan əvvəl bəzi regionlarda “bəlgə” adı verilən mərasim də keçirilir. Yəni elçilik zamanı oğlanın anası qıza yaylıq və üzük verir. Buna “bəlgə” deyirlər. “Bəlgə”, yəni “nişan etmək”, “adlandırmaq” kimi anlama gəlir. Əvvəllər “bəlgə”dən sonra toy yaxın vaxtda keçiriləcəkdirsə, nişan qoyulmurdu, yox, əgər bir il, il yarım sonra olacaqdırsa, nişan qoyulurdu.

Hazırda isə bu mərasim ailələrin imkanına görə öz aralarında razılaşma şəklində həyata keçirilir. Ailələr var ki,” bəlgə” və yaxud evdə kiçik nişanqoyma ilə kifayətlənir. Ailələr də var ki, geniş nişan keçirir, hansı ki, iki ay sonra toy olacaq.

Nişanı qız tərəfi ev şəraitində və yaxud şadlıq evində keçirir. Nişanqoyma mərasiminə oğlan evi xonçalarla gəlir. Bu xonçalarda gəlin üçün zinyət, geyim, bəzək əşyaları, şəkərbura, paxlava, badambura olmaqla, müxtəlif şirniyyatlar olur. Şirniyyatlardan mərasimdəki bütün qonaqlara paylanır. Mərasim iştirakçıları həmin şirniyyatları evə-övladlarına aparır və inanca görə bu nişan şirniyyatlarından dadmaq onlara da belə xoş günün qismət olması anlamına gəlir.

Nişanqoyma toyaqədərki ən maraqlı, şənlikli mərasimlərdən biridir. Nişanlanmaq iki gəncin həyatına yenilik gətirir, onları çıxdıqları yeni bir yolda birləşdirir. Nişan üzüyü iki gəncin bir-birinə məhəbbətinin tərənnümü kimi rəmzi məna daşıyır. Həmin gündən qız oğlanın, oğlan qızın üzüyünü barmağında gəzdirməklə, artıq yeni bir həyata qədəm qoyduqlarını ətrafdakı insanlara bəyan edirlər.

 

Nikah

Ta qədimdən nikah günü evlərimizdə təntənəli şəkildə qeyd olunub. Bunun üçün analarımız süfrə açıb, üzərinə min bir adda, ləzzətdə şirniyyatlar düzüb, yeməklər hazırlayıb. Bütün yaxınların, rəfiqə və dostların iştirak etdiyi nikah mərasimi süfrə başında, deyib-gülməklə, subaylara da bu günün nəsib olması diləyi ilə xatirələrə köçüb.

Nikahlanmağımızı təsdiq edən sənəd evimizin ən yuxarı hissəsində, etibarlı bir yerdə saxlanılıb. Hər zaman qorunub. Bütün bunlar isə yenə də ailəyə verdiyimiz dəyərdən, iki gəncin rəsmi şəkildə bir araya gəlməsinə müqəddəs yanaşmağımızdan qaynaqlanıb. Hər il nikah gününün qeyd olunması, bu münasibətlə evlilərin bir-birinə hədiyyələr bağışlaması bu müqəddəsliyin göstəricisidirsə, ailələrimizdə Gümüş, Qızıl, Brilyant toyların qeyd edilməsi isə bu xalqın nikaha verdiyi dəyərin bariz nümunəsidir.

Lakin təəssüf ki, bu gün rəsmi nikaha girmədən qurulan çoxsaylı ailələr də var. Onlar yalnız dini qaydada, yəni kəbin kəsdirməklə evlənir. Lakin bunu anlamaq bir o qədər çətin deyil ki, rəsmi nikah olmadan birlikdə yaşamaq doğru olmayan hal- günahdır. Bu, həm də sonrakı illərdə ailələrin çoxsaylı problemlərlə üzləşməsi ilə nəticələnir. Odur ki, əziz valideynlər, rəsmi nikah olmadan qızlarınızı evdən çıxarmayın.

Nikah ailənin təməl daşıdır. Bu təməli sadəcə kəbinlə əvəzləşdirmək bünövrənin düzgün qoyulmaması deməkdir. Düşünürəm ki, kəbin ailəyə ailə statusu verə bilməz. Ən əsasını söyləyək, rəsmi nikahı olmayan ailələr uşaq dünyaya gələn zaman ona doğum haqqında şəhadətnamə alarkən çətinliklə üzləşir. Və heç istəmədiyimiz hal, boşanma vəziyyəti yarananda rəsmi nikahın olmaması hər iki tərəf üçün problem yaradır.

 

Xınayaxdı idi, oldu ciyər axşamı

Bu gün “ciyər axşamı” deyilən mərasim vaxtilə xınayaxdı idi. Xınayaxdı toydan bir gün əvvəl keçirilərdi. İndiki kimi yeyib-içmək, israfçılıq yox idi xınayaxdılarda. Sadəcə şirniyyatlarla bəzədilmiş çay süfrəsi açılardı.

Axşam oğlan evində mağarda toy çalınanda bir dəstə gənc toydan çıxar, uzaq məsafəyə maşınla, yaxın məsafəyə piyada qız evinə xınayaxdıya gedərdilər. Oğlan evində isladılmış xına xonçada qız evinə aparılar, gəlinə xına yaxıldıqdan sonra oğlana göndərilərdi. Oğlan da çeçələ barmağını xınaya batırmaqla bu müqəddəs ittifaqa daxil olmağının sevincini yaşayardı.

Qız evinədək yolboyu haxıştalar deyilər, qız evinə çatanda isə bu haxıştalar qız və oğlan adamları arasında deyişmə formasına keçərdi. Hamı rəqs edər, sonra gəlinə xına qoyulardı. Xınayaxdı mərasimini bir qədər yaşlı qadın həyata keçirərdi. Xına qoyulduqca gəlinə xeyir-dua verər, xoşbəxtlik, səadət arzulayardı. Sonra isə süfrə başında şirniyyatlarla çay içilər, gənclər yenə də toya qayıdardılar.

Bu gözəl adətimiz indi unudulub, yerini ciyər axşamı alıb. Həm qız, həm də oğlan toyundan bir gün əvvəl ev yiyəsi qazan-qazan yemək hazırlayır. Bu yemələr xaş və ciyər qovurması olur. Sabah toyda iştirak edənlərin əksəriyyəti bu ciyər axşamında olur. Masa üzərinə yeməklə bərabər, spirtli içkilər düşülür. Yeyib içmək bitəndən sonra isə gəlinə əvvəlki xınayaxdılardan tamamilə fərqli xına qoyulur. Bu mərasim o qədər soyuq şəkildə keçirilir ki, hər dəfə ötən illəri xatırlamalı, “heyif o illərdən”,- deməli olursan. Ciyər axşamı oğlan evindədirsə, bu, sadəcə yemək-içmək məclisi olur.

Maraqlıdır ki, sabahısı toy edən ev sahibi nə üçün bu qədər xərcı də üzərinə götürür? Bu nə adətdir, haradan gəlib o gözəl, sadə xınayaxdıları əlimizdən aldı…

Bəzən isə qızlara valideynləri tərəfindən kafe və restoranlarda xınayaxdı keçirilir. Bu isə tamamilə israfçılıqdır. Çünki eynilə toyu xatırladır. Yəni bir gün sonra buna bənzər bir toy da keçirilir. Bütün bunlar isə adətlərimizi unutmağımızla yanaşı, israfçılıq və yorğunluqdan başqa bir şey deyil.

 

(Ardı var)

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir