turist_mother_130216__(13)

Turistləri Azərbaycandan didərgin salan səbəb – Aviabiletlərin qiyməti göydə uçur

Baxış sayı: 718

Son iki ildə ölkəmizə gələn turist sayının azalması pandemiya ilə əlaqələndirilsə də, turistlərin səyahət ölkəsi olaraq Azərbaycanı başqa ölkəyə dəyişməsinin bir səbəbi də aviabiletlərin bahalığıdır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də mətbuata açıqlamasında bildirib ki, Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı, aviabiletlərin qiymətlərindən də asılıdır.

Qeyd edək ki, artıq dünyanın müxtəlif ölkələrində turistlərin cəlb edilməsi üçün loukost (aşağıbüdcəli) aviareyslər tətbiq olunur. Aviabiletə xərclənən pul turistin səyahət xərcinin əhəmiyyətli hissəsini təşkil etdiyindən, aşağıbüdcəli uçuşların təşkil edildiyi ölkələr turistlər üçün də cəlbedici görünür.

 

Yerüstü qiymətlər bahadır

İqtisadçı Natiq Cəfərli bildirir ki, ölkəmizə turist axınına əvvəllər əsasən viza məsələsi mane yaradırdısa, hazırda əsas səbəb aviabiletlərin baha olmasıdır. Onun sözlərinə görə, artıq müəyyən ölkələrlə viza rejimi aradan qaldırılıb, digərləri ilə elektron viza rejimi tətbiq olunub. Amma loukoster aviaşirkətlərin bazara buraxılması, rəqabətli mühitin yaradılması, Azərbaycan üzərindən uçuşlar həyata keçirməsi problem olaraq qalır. Ekspert deyir ki, bu, AZAL və onun törəmə şirkəti olan “Buta Airways”in inhisarçı mövqeyi ilə izah oluna bilər: “Çünki bazarda 99 faiz sərnişindaşımanı bu şirkətlər həyata keçirir. Onlar digər şirkətlərin bazara daxil olmasında maraqlı deyillər. Digər şirkətlər bazara daxil olmadıqca rəqabətsizlik mühiti yaranır və qiymətlərdə ucuzlaşma baş vermir. Azərbaycanda bunun yeganə həlli yolu ölkəmizə gəlmək istəyən aviaşirkətlərə imkan yaratmaqdır. Yalnız bu halda biz aviabiletlərin ucuzlaşmasının şahidi olarıq”.

natiq ceferli

N.Cəfərli deyir ki, Azərbaycana bu gün aviaşirkətlərin gəlməsinə mane olan əsas amillərdən biri də yerüstü xidmətlərin baha olmasıdır. Ekspertin sözlərinə görə, hazırda MDB ölkələri, Rusiya, Ukrayna, Türkiyə, ərəb ölkələri, Avropa ölkələrinə uçuşlar daha çox populyardır. Onun sözlərinə görə, yaxın gələcəkdə pandemiya bitərsə, bazarda aviabiletlərin qiymətlərinin baha olması turist axınına mane olacaq: “Gürcüstanda aviauçuş sahəsində 14 xarici şirkət birbaşa fəaliyyət göstərir. Orada təkcə qardaş Türkiyənin 4 şirkəti çalışır. Buna görə Gürcüstanda aviauçuşların qiyməti çox ucuzdur. Azərbaycanda isə bütün uçuşları ya AZAL özü həyata keçirir, yaxud da uçuşları həyata keçirəcək şirkətləri özü ilə birgə çalışmağa vadar edir”.

Ekspert bildirir ki, Azərbaycanda təyyarəyə qulluq və təhlükəsizliklə bağlı xidmətlər çox bahadır. Bütün bunlar isə biletin qiymətinin üstünə gəldiyindən xarici ölkədən Azərbaycana uçuş həyata keçirən şirkətlər də bilet qiymətini bahalaşdırmalı olur: “Ona görə də Azərbaycana gələn istər Türkiyə, istər də Ukrayna hava şirkətləri özləri istəyirlər ki, AZAL-la birgə reyslər həyata keçirsinlər. Bu zaman yerüstü xidmətlərin qiymətləri nisbətən azalır. AZAL elə bir şərait yaradır ki, onlar yerüstü xidmətlərdən istifadə üçün onlarla birgə aviareys həyata keçirsin”.

 

Gürcüstanda 2, bizdə 9 avro

Ekspert deyir ki, Gürcüstanda bir sərnişinin təhlükəsizlik xidməti 2 avro təşkil edir. Azərbaycanda isə bu rəqəm 8-9 avroya çatır: “Yerüstü xidmətlər bu qədər baha olmamalıdır. Aviabiletlərin ucuzlaşması üçün yerüstü xidmətlər AZAL-dan tamamilə alınmalı, özəl şirkətlərə idarəetməyə verilməlidir. Qiymətlərin ucuzlaşması üçün ən böyük addım Azərbaycan bazarına birbaşa fəaliyyət göstərmək üçün AZAL-a rəqib şirkətlərin buraxılması, buna şəraitin yaradılmasıdır. Bunlar baş verərsə, Azərbaycanda da rəqabət mühiti yaranar, nəticədə aviabiletlərin qiyməti ucuzlaşar”.

Turizm üzrə ekspert: “Turizmdən yalnız pul qazanmağı düşünsək, çox şey itirərik” - AİLƏ TRAVEL

Çıxış yolu bölgələrdəki hava limanlarını aşağıbüdcəli aviareyslər üçün açmaqdır

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov bildirir ki, pandemiya hava daşımalarına təsir göstərib. Bu isə qiymətlərə təsirsiz ötüşə bilməzdi: “Pandemiya dövründə uçuş sayı azalıb. Bu da qiymətlərə təsir göstərir. Ona görə də pandemiya dövründə biletlərin qiymətinin ucuzlaşması inandırıcı görünmür. Çünki nə qədər çox uçuş həyata keçirilərsə, aviabiletlərin də qiyməti o qədər aşağı olar”.

G.Qəhrəmanov bildirir ki, hazırda əsas hədəf regionlardakı hava limanlarını aşağıbüdcəli aviareyslər üçün açmaqdır. Ekspert hesab edir ki, bölgələrdəki hava limanlarımıza birbaşa çarter reysləri açmaqla həm də ölkəmizə uçuş qiymətlərinin ucuzlaşmasına nail olmaq olar: “Həmçinin də həmin bölgənin inkişafına nail olmaq mümkündür”.

Paşa Kəsəmənski

Azərbaycana loukost reyslərə başlanılıb

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirir ki, pandemiya dövründə uçuşların sayı kəskin azalıb. Aviabiletlərin qiymətində belə halda dəyişiklik etmək praktiki baxımdan mümkün deyil. Amma artıq ölkəmizdə aşağıbüdcəli aviareyslərin həyata keçirilməsinə başlanılıb.

Qeyd edək ki, Ukraynanın “Bees Airline” loukoster (aşağı büdcəli) aviaşirkəti dekabrın 6-dan etibarən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə başlayacaq. Heydər Əliyev Beynəlxalq Hava Limanından Sputnik Azərbaycan-a bildirilib ki, “Bees Airline” Odessa-Gəncə-Odessa marşrutu ilə həftədə bir dəfə uçuşlar keçirəcək. Məlumata əsasən, reys bazar ertəsi Odessadan yerli vaxtla saat 09:00-da yola düşəcək və Gəncəyə yerli vaxtla 13:20-də çatacaq. Əks istiqamətdə uçuş həmin gün Gəncədən yerli vaxtla 14:50-də yola düşəcək və Odessaya yerli vaxtla saat 15:00-da çatacaq.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə – Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirəcəyi barədə məlumat yayıb. Paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Xatırladaq ki, bir müddət öncə aviabiletlərin baha olması Milli Məclisdə də müzakirəyə çıxarılıb. Deputat Qənirə Paşayeva bildirib ki, dəfələrlə deyilməsinə baxmayaraq, şirkət qiymətləri baha saxlamaqda davam edir, bu isə ölkəmizə gəlmək istəyən minlərlə insanın arzusuna mane olur.

“Hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır. Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir, amma biletlər baha olduğundan gələ bilmirlər. Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı”, – deyə deputat bildirib. O əlavə edib ki, təyyarə biletlərinin bahalığından şikayət edən, gedib-gəlməkdə çətinlik çəkən yalnız turistlər deyil: “Tələbələrimiz, xəstələrimiz var. Onlar digər ölkələrdən qat-qat baha olan bu bilet qiymətlərinə görə əməlli-başlı əziyyət çəkirlər. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. Müvafiq qurumlara müraciət edirəm ki, bu məsələyə baxılsın, qiymət məsələsinə yenidən baxması ilə əlaqədar AZAL-a çağırış edirəm”.

Bundan əlavə, AZAL-da aviabiletlərin bahalığından Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit də şikayətlənib. O bildirib ki, xarici turistlərin ölkəyə cəlb olunmasında Azərbaycana təyyarə biletlərinin qiymətlərinin uyğun olması vacibdir. F.Zenqstşmit həmçinin bildirib ki, qonşu ölkələrin turizm destinasiyalarında təyyarə biletlərinin qiymətləri bizdən kifayət qədər aşağıdır: “İnanırıq ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Nəinki Bakı, digər ölkələrin hədəf bazarlarına çıxış çox vacibdir. Bu gün onlayn platformanı açıb baxsanız, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan ilə Türkiyə-Azərbaycan uçuşları arasında kifayət qədər fərq var”.

Məlumat üçün bildirək ki, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir