siqaret-ve-ezele

Tütün tüstüsünün zərərləri – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 828

Statistikaya görə, hər il dünyada 8 milyon nəfər tütün epidemiyasının qurbanı olur. Onların 800 minindən çoxu passiv siqaret istifadəçiləridir. Siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə ölümə aparan ən mühüm səbəblərdəndir. Siqaret tüstüsündə sağlamlığa zərərli 400-dək müxtəlif maddə var. Orqanizm siqaret tüstüsü ilə nə qədər çox qarşılaşarsa, bunun fəsadları bir o qədər çox olar.

Məsələyə münasibət bildirən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə aşağıdakıları dedi: “Siqaret çəkmək qeyri-infeksion xəstəliklərin əsas səbəblərindən biridir. 90 faiz hallarda ağciyər xərçənginin yaranmasına aparıb çıxarır. Hazırda dünya ictimaiyyətini aktiv siqaret çəkməklə yanaşı, passiv siqaretçəkmə də narahat edir, çünki passiv siqaretçəkmə xüsusən uşaqlarda yuxarı tənəffüs yolları xəstəliklərinin ağırlaşmasına və iltihabi xəstəliklərin yaranmasına səbəb olur”.

Tütündən imtina zamanı orqanizm ilkin mərhələyə hazır olmalıdır. Ş.Mirzəzadənin dediyinə görə, birdəfəlik və ya azaldaraq imtina həkim nəzarəti altında həyata keçirilməlidir: “Rəqəmlər göstərir ki, tütündən birdəfəlik imtina zamanı uğur göstəricisi daha yüksəkdir. İlk növbədə siqaret çəkənlərdə yanaşı gedən xəstəliklər müəyyənləşdirilməli və fərdi plan hazırlanmalıdır. Həmin plan əsasında siqaretdən imtina etmək mümkündür və burada ilk iki-üç həftənin çox böyük bir əhəmiyyəti var, çünki həmin mərhələdə orqanizmin toksinlərdən təmizlənmə prosesi gedir”.

Həmin mərhələdə çoxlu maye qəbuluna fikir vermək lazımdır. İdmanla məşğul olmaq, açıq havada gəzinti, fiziki aktivlik də tütünlə mübarizədə vacib sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir