p

Ucuz uşaq geyimlərinin dəhşətli sirri

Baxış sayı: 4. 669
Sosial şəbəkələrdən istifadə edənlər tez-tez “imkansızam, çarəsiz durumda qalmışam” başlıqlı elanlarla rastlaşırlar. Xüsusən xanımlar üçün nəzərdə tutulan belə səhifələrdə bu cür elanlara daha çox rast gəlmək olur.Elanlar isə təxmini bu tərz olur: “Kasıbam, imkanım yoxdur, rayonda qalıram, uşaqlarım geyimsizdir, yataqsızdır. Əziz analar, kimin imkanı nəyə çatır kömək etsin. Hətta bir oyuncaq belə mənim körpələrimin üzünü güldürə bilər”.
.
Elandan sonra isə valideynlərin şərhlərinin ucu-bucağı olmur. Kimisi körpəsi üçün aldıqlarını, kimi yatağını, kimisi baha alsa da, körpənin xatirinə istifadə etmədiyi uşaq arabasını xanıma təklif edir. Geyimlər necə olur, hara gedir, geyimləri götürmək üçün görüş baş tuturmu? Bax, buna demək olar ki, heç kəs əhəmiyyət belə vermir. Bu yolla alınan geyim və əşyaların digər səhifələrdə yenidən “xaricdən gələn mal” adı ilə satıldığı isə yəqin ki, heç kimin ağlına belə gəlmir. Amma bu, realdır.Şikayətçi Elmira Qasımova deyir ki, o da bu üsulla aldadılan valideynlərdəndir. Uşağı üçün onlayn sifariş səhifələrinin birindən “ayı kostyumu” aldıqdan sonra kostyumun geyinildiyi şübhəsinə düşür: “Kostyumu uşağa geyindirdikdə uşaq balaca, şirin ayı oyuncaq kimi görünür. Bu kostyumu Çin alış-veriş səhifələrinin birində görmüşdüm. Sifarişlə 1 aya gətiriləcəyindən, üstəlik mala qoyulan qiymət baha olduğundan imtina etmişdim. Uzun bir müddət sonra eyni kostyumdan onlayn səhifədə gördüm. Dəfələrlə kostyumun yeni olub-olmamasını soruşanda, aldığım cavab eyni olurdu: “Kostyum təzə gətizdirilib, amma sahibi gəlib götürmədiyindən yarı qiymətə satışa qoyulub””.
Həmsöhbətimizin sözlərinə görə, kostyumu alandan sonra onun üstündəki incə tüklər diqqətini çəkib. “İnsan tükü idi və yeni kostyumda belə bir şeyin olması mümkünsüz idi”.E.Qasımova yenidən mal satan səhifə ilə əlaqə yaradıb məhz bu kostyumun qəbzini, xaricdən gətirildiyinə aid hər hansı bir işarənin ona göstərilməsini tələb edib. Polislə hədələndikdən sonra isə əsl gerçək üzə çıxıb. Demə, satıcı xanım digər səhifələrdə başqa bir hesabla uşaq geyimlərini “imkansız” adıyla pulsuz əldə edir və yeni səhifədə onlayn satış həyata keçirir.
.
Hüquqşünas Abbas Quliyevin sözlərinə görə, şikayətçi xanımın bir ərizəsi kifayət edər ki, sosial şəbəkə üzərindən olsa belə, həmin səhifə aşkarlansın və sahibi cəzalandırılsın: “Belə insanların inamından istifadə edən dələduzlar üçün Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılır. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 178.2.2. təkrar törədildikdə, 178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

.
Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir