valideyn

Uşağa “yox” demədən onu kənardan necə istiqamətləndirməli?

Baxış sayı: 1. 787

Orada hər şeyin qanadı var, orada hər şey uçur. Heç vaxt lazım olmayacaq, işə yaramayacaq bir şey haqqında da gərək “yox” deməyəsən. Orada hər şey mümkündür, orada hər şey olar. Orada sərhəd yoxdur, orada hədd yoxdur. Bəlkə də o körpə böyüyüb nə işin yiyəsi olacağını heç düşünmək belə istəmir. Tək istədiyi ailədə səmimiyyət, dostları ilə top qovmaq və üzbəüz yamacda quzu otarmaqdır. Ancaq ona desən ki, səndən kosmonavt olmaz, o, həmin “olmaz”ın kədəri ilə quzuları da yaxşı otara bilməyəcək. Ümumiyyətlə, uşaq arzularının, istəklərinin və xəyallarının qarşısına “olmaz” sədləri çəkmək doğru deyil. Uşağa “Səndən adam olmaz!” demək isə, cinayətdir. Həm də elə-belə cinayət deyil, dəhşətli cinayətdir. Çünki onun qanadlanıb uçmaq istəyən vaxtıdır. Onu uçurtmağa çalışın, onu irəliyə can atmağa sövq edin. Yoxsa, pərvazlanan xəyallarını “olmaz” çəpərləri ilə məhdudlaşdırmaq yenicə alışan ocağın üstünə su tökmək kimi bir şeydir. İnsan fitrətində yasaqlar, qadağalar həmişə daha cazibəli görünür. Bir şeyi etmək olmaz deyəndə istər-istəməz qarşı tərəf bu “olmaz”ın “niyə”sini axtarır. Bəlkə də bu “olmaz” heç ömrü boyu ona lazım da olmayacaq. Valideynlərin boynuna düşən vəzifə övladı yaxşı işlərə, xoş niyyətlərə təşviq etməkdir. Elə etmək lazımdır ki, uşaq özündə güc tapsın, təpər tapsın, özünə inansın, güvənsin… Yoxsa əl atdığı hər yerdən əlini üzmək uşağın içində bir ümidsizlik yaradar. Yəni, o uşaq elə-belə, sözgəlişi sizdən soruşsa, deyin ki, səndən çox gözəl kosmonavt da olar, çox gözəl mühəndis də, çox gözəl həkim də. Ancaq işin içinə maraq girəndə, riya qarışanda hər şey inada dönə bilər. Həm də ola bilər ki, bu inad uşağın gələcək həyatında mühüm rol oynasın. Daha doğrusu, uşaq nəyinsə acığına seçim etsin, kiminsə xatirinə addım atsın. Bu halda uşaq “acıq”la “xatir” arasında özünü itirəcək və sonrakı mərhələlərdə özündən çox uzaq düşdüyünü görüb peşman olacaq. Bütün hallarda uşağı obyektiv düşüncəyə yönəltmək, “acıqsız”, “xatirsiz” qərarlar verməsinə yardım etmək lazımdır. Obyektiv düşünə bilməyən uşaq həyatda öz yerini tapa bilmir, həmişə tərəddüddə olur. Elə düşünür ki, əlindəki iş müvəqqətidir, nə vaxtsa durub ürəyindəki işin dalınca gedəcək. Beləcə, uşağınız öz yerinə, öz işinə bağlana bilmir. Şair Qabil demişkən:

“Müsibət oluruq biz, Səhv düşəndə yerimiz”…

Siz doğrunu göstərməyə, həqiqəti başa salmağa, yəni kənardan istiqamətləndirməyə çalışın. Qərar qəbul etmək səlahiyyətini isə ona verin. Bu halda uşağınız həm məsuliyyət hissi daşıyacaq, həm də öz qərarına ögey olmayacaq, yəni hər yerdə özü kimi olacaq, özü kimi yaşayacaq. Sizcə, belə daha yaxşı deyilmi?..




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir