Qumru Eyvazova

Uşaq əməyi və cəza – “VƏKİL BÜROSU”

Baxış sayı: 345

Gündəlik həyatımızda uşaqların əməyindən istifadə hallarına çox tez-tez rast gəlirik və ilk ağlımıza gələn hal ondan ibarət olur ki “Uşaqları istismar etməklə işəgötürən qanunu pozurmu?” Bu suala yerli qanunvericilik və bir sıra beynəlxalq konvensiyalarda göstərilən qadağalar və cəzalarla cavab vermək mümkündür.

Yerli qanunvericiliyin tələblərinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

 

Uşaq hüquqlarını özündə əks etdirən əsas qanunvericilik hansıdır?

İlk öncə qeyd edim ki, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunun 24-cü maddəsinə əsasən, Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır və uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

Əmək Məcəlləsinə nəzərdən keçirərək görə bilərik ki, uşaq əməyindən istifadəyə dair həssas yanaşma və məhdudiyyətlər mövcuddur. Bu da ilk öncə ondan irəli gəlir ki, Azərbaycan dövləti həm milli mənəvi dəyərlərə, həm də beynəlxalq müqavilələrdən irəli gələn tələblərə hörmətlə yanaşır və ona riayət edir. Belə ki,  “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulmaq barəsində Azərbaycan Respublikasının qanununa qoşulmaqla, orada göstərilən tələbləri qəbul edir və ölkədaxili qanunvericilikdə tətbiq edir. Konvensiyaya uyğun olaraq, bir sıra məhdudiyyətlər və uşaq əməyinin 10 pis formaları göstərilmişdir.

 

Uşaq əməyinin 10 pis formaları dedikdə hansı formalar başa düşülür?

“Uşaq əməyinin 10 pis formaları” termininə aşağıdakılar daxildir:

1) uşaqların satılması və uşaq alveri;

2) borc və təhkimçilik asılılığı;

3) məcburi və ya icbari əmək;

4) uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surәtdә cəlb etmə;

5) fahişəliklə məşğul olmaq;

6) pornoqrafik materialların istehsalı;

7) pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cәlb etmə və ya təklif etmə;

8) müvafiq beynəlxalq müqavilәlәrdә müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə, narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə;

9) narkotik maddələrin istehsalı və satışı üçün uşağı cəlb etmə və ya tәklif etmə;

10) öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görә uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək iş.

Qeyd edək ki, adları çəkilən uşaq əməyinin  pis formalarından istifadə cinayət məsuliyyətinə səbəb olur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müddəaları ilə tövsif edilir. Belə ki, “Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə”, “Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə”, “Uşaq pornoqrafiyasının dövriyyəsi” və sairə bu kimi maddələr Cinayət Məcəlləsinə əlavə edilmişdir.

Yuxarıda göstərilən Konvensiyada bir sıra təhlükəli işlərin siyahısı da qeyd edilmişdir ki, üzv dövlətlərdən tərəfindən məhs bu hala diqqət yetirmələri də tələb edilmişdir.

 

Bəs təhlükəli iş dedikdə nə başa düşülür?

Konvensiyaya uyğun olaraq aşağıdakı işlər təhlükəli işlər kimi müəyyən edilmişdir:

1) uşaqların fiziki, psixoloji və ya cinsi zorakılığa məruz qaldığı işlər;

2) yerin altında, suyun altında, təhlükəli hündürlükdə və ya qapalı məkanda görülən işlər;

3) təhlükəli mexanizm, avadanlıq və alətlərlə görülən işlər və ya ağır yüklərin əl ilə daşınmasını və ya yerinin dəyişdirilməsini tələb edən işlər;

4) uşaqların, məsələn, təhlükəli maddələrin və ya proseslərin və yaxud da onların səhhətinə zərər yetirən hәrarәtin, səs və ya vibrasiya səviyyəsinin təsirinə məruz qala biləcəkləri, sağlamlıq üçün zərərli olan şəraitdə aparılan işlər;

5) xüsusilə çətin şəraitdə, məsələn, iş müddətinin uzun davam etməsi və ya gecə işlərilə bağlı şəraitdə aparılan işlər, habelə’ işəgötürənə məxsus olan yerdə uşağın əsassız saxlanılmasına səbəb olan işlər.

Əmək qanunvericiliyinə əsasən,əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağan etmişdir. Həmçinin, qanunvericilik yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlər tətbiq edib. Belə ki, 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün isə onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir.

Əlavə olaraq qeyd edək ki, əmək qanunvericiliyi yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağan etmişdir və axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı kimi müəyyən etmişdir.

Bir məsələnin də qeyd edək ki, hər bir işçini narahat edən maddə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilən müddəa ilə əmək müqaviləsinə xitam verilmə yetkinlik yaşına çatmayan şəxslərə tətbiq edilə bilməz.

 

Uşaq əməyini istismar edən işəgötürənə hansı cəza tətbiq edilir?

15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.İnzibati Xətalar Məcəlləsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir. Həmçinin, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə edilir.

Ümumiyyətlə uşaq əməyinin istismarının qarşısının nəin ki dövlət səviyyəsində, həmçinin ailədaxili aparılan maarifləndirmə işlərinin həyata keçirilməsi ilə almaq olar. Ailənin razılığı və məcburiyyəti ilə istismara cəlb edilən uşağın istismarının sayını azaltmaq yalnız valideynlərə tətbiq ediləcək hansısa bir cəza ilə mümkün ola bilər. Çalışaq uşaqlarımızı qoruyaq və onların hüquqlarını pozmayaq, çünki onlar bizim ölkəmizin gələcək təmsilçisidirlər.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir