kitab

Uşaqlara aid ədəbiyyatda onlara “məşuqə olmaq” aşılanır?!

Baxış sayı: 1. 158

Uşaqların şüuraltısı, həyata baxışı 8 yaşına qədər formalaşır. Onların bu dövrə qədər almış olduğu məlumatlar, gördükləri, oxuduqları, yaşadıqları, şahid olduqları birbaşa gələcək həyatlarının, xarakterlərinin formalaşmasına təsir edir.

Bu prosesdə uşaq ədəbiyyatının, ibtidai sinif dərsliklərinin böyük rolu var.

Belə ki, uşaqların çox zaman vaxt keçirdiyi kitablar onlara düzgün olmayan düşüncələr, məlumatlar və fikirlər öyrədə bilər.

Məsələn, bu günlərdə sosial şəbəkələrdə paylaşılan Aygün Bal adlı müəllifin “Qaz ilə Göyərçinin əhvalatı” adlı şeiri məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulmuş olsa da, şeirin mənası uşaqlara düzgün tərbiyə aşılamır.

Və yaxud bir müddət əvvəl elə ibtidai sinif şagirdlərinə aid ədəbiyyatda uşaqlara dini biliklər aşılanırdı ki, bu da uşağın azad seçiminə bağlı bir prosesdir.

Azərbaycanda uşaq ədəbiyyatına nəzarət var? Valideynlər uşaqlaırn bu kimi düşüncədə yazılmış əsərlərdən qorumaq üçün nə etməlidir?

qosqar meherremli

Təhsil eksperti Qoşqar Məhərrəmli bildirir ki, şagirdlərin şüurulatının formalaşması erkən yaşlara təsadüf edir. Bu səbədən də erkən yaş pedaqogikası ən önəmli alt sahələrdən hesab edilir.

Pedaqoqların və psixoloqların fikrincə, uşaqların bu yaşlarda məruz qaldıqları hər bir şey onların şüuraltında qalır və bu onların gələcək həyatlarına təsir edir: “Bir çox yazarların – Adəm Günəşin, Doğan Güzeloğlunun kitablarında, qərb psixologiyasında da qeyd edilir ki, uşaqların erkən dövrdə məruz qaldıqları hər bir şey onların sonrakı həyatında xarakterlərinin formalaşmasına səbəb olur. Uşaq ədəbiyyatı da uşaqların təhtəlşüurunda yer alacaq amillərdəndir. Bu səbəbdən biz uşaqlar üçün ədəbiyyat seçəndə diqqətli olmalıyıq”.

Ekspert bildirir ki, nəinki uşaq ədəbiyyatı, hətta uşaqların daim istifadə etdiyi oxu, riyaziyyat və ya təbiətlə bağlı kitablarda hər bir şəkil belə diqqətli seçilməlidir.

Çünki dərsin məqsədi başqa olsa belə, verilən hər şəkil uşaqların psxikiasına ayrı cür təsir edə bilər.

Uşaq ədəbiyyatı uşaqların dillərinin zənginləşməsinə, şüuralarının inkişafına, təfəkkürlərinin yaradıcı-tənqidi olmasına birbaşa təsir edir.

Bu səbəbdən də uşaqların oxuduqları kitabların, baxdıqları cizgi filmlərinin, kinoların seçilməsində valideynlər və müəllimlər diqqətli olmalıdıdr. Əks halda biz onların başqa tərbiyə ilə yetişdiklərinin şahidi ola bilərik.

Mütəxəssisin fikrincə, uşaqların cinsi tərbiyəsində də uşaq ədəbiyyatının böyük rolu var.

“Uşaqların cinsi tərbiyəsində, məhrəmiyyət təlimində onlara aid olan oxudqları, öyrəndikləri, gördükləri hər şeyin birbaşa təsiri var. Bu səbəbdən də uşaq ədəbiyyatı seçərkən çox diqqətli olmaq lazımdır” – deyə ekspert bildirir.

Onun sözlərinə görə, uşaq ədəbiyyatı – hekayə, nağıl, şeirlər yazanlar da diqqətli olmalıdır.

Mütəxəssis hesab edir ki, uşaq ədəbiyyatı nümunələri pedaqoqların, erkən yaş psixoloqlarının senzurasından keçəndən sonra ibtidai sinif uşaqlarının və müəllimlərinin istifadəsinə verilməlidir: “Düzdür, sərbəst bazar iqtisadiyyatı dövründə yaşayırıq. Ancaq uşaq ədəbiyyatı senzuradan keçdikdən sonra uşaqların istifadəsinə verilsə, daha yaxşı olar. Beləcə, uşaqların gələcək həyatı daha düzgün formalaşmış olar. Bu uşaqların əxlaqi tərbiyəsində mənəvi dəyərləri qavramasında çox böyük yer tutur”.

psixoloq ramin haciyev

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, uşaqlarda şüuraltının əsas formalaşdığı dövr 8 yaşına qədərdir.

Bu yaşa qədər uşaqlar gördükləri, öyrəndikləri, oxuduqları hər bir hadisəni şüurulatına yazır: “Uşaq beyni ağ kağıza bənzəyir və onun üzərində yazılanlar ətraf mühiytin təsiri ilə formalaşır. Yəni, bir uşaq ailədə dava-mübahisə, sevgisizlik görürsə, böyüyəndən sonra o da ətrafına, insanlara qarşı o formada davranır. Çünki o həyatı elə öyrənir”.

Psixoloqun fikrincə, bu baxımdan uşaqlara uşaq ədəbiyyatı, kitablar seçərkən valideynlər çox diqqətli olmalıdır. Kitab alarkən ən azından kitabı adına görə deyil, müəllifə, kitabın içində olanlara görə almaq lazımdır.

“Azyaşlı uşaqları böyüklərin həyat düşüncələri ilə, həyata baxışları ilə, hətta yaşanmış, müxtəlif formada qələmə aldıqları uşaqların psixologiyasına zərər vura biləcək əsərlərlə böyütmək olmaz. Burada yük birmənalı olaraq, valideynlərin üzərinə düşür”, – deyə psixoloq vurğulayır.

Onun fikrincə, indiki dövr uşaq ədəbiyyatı nümunələrinin əksəriyyəti uşaqların əxlaqına, cinsi düşüncələrinə, gələcək həyatına zərbə verə biləəck vəziyyətdədir.

Bu səbəbdən də hər bir valideyn çox diqqətli olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir