piylenme

Uşaqlarda piylənmənin səbəbləri

Baxış sayı: 724

Son illər bütün dünyada artıq çəkidən əziyyət çəkən uşaqların sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir. Uşaqlarda piylənmənin inkişafında həm genetik və mühit amilləri, həm də həyat tərzi böyük rol oynayır.

Həkim-pediatr Günay Rəsulova mövzuyla bağlı aşağıdakıları dedi: “Planşetə, telefona baxa-baxa yemək yeyən uşaqlarda qidadan doyma refleksi zəif olur və onlar doyma hissini duymur, çox yeyirlər. Üstəlik fiziki hərəkət edərək yediklərini yandırmadıqlarına görə müsbət kalori balansı yaranır və bu da piyə çevrilərək bədəndə toplanır. Yüksək kalorili, şirəli, şəkərli sulardan, energetik içkilərdən çox istifadə edilməsi də uşaqlarda piylənmə xəstəliyinin artmasının əsas səbəblərindən biridir”.

Piylənmənin müalicəsi zamanı əsas tədbirlər çəkinin azalmasına, yanaşı gedən xəstəliklərin müalicəsinə, alınan nəticənin saxlanılmasına yönəldilməlidir. Bədən kütləsini azaltmaq üçün uşağın həyat tərzini dəyişdirmək lazımdır, yəni yaşa uyğun qidalanma rasionu və fiziki aktivlik təmin olunmalıdır.

Mütəxəssislərin rəyinə görə, uşaqlarda piylənmənin 90 faizi alimentar piylənmədir, yəni həddindən artıq və yaxud çox qida qəbulu və aşağı fiziki aktivliyin nəticəsidir. Ona görə də uşaq dünyaya gələndən onun qidalanmasına düzgün şəkildə yanaşmaq lazımdır. Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının verilməsi nəticəsində əmələ gələ bilər. Ən azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını alır.

Azərbaycanda uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərini öyrənmək üçün Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi birgə əməkdaşlıq çərçivəsində tədqiqat həyata keçirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir