tv

Uşaqlarına yerli kanalları qadağan edən valideynlər

Baxış sayı: 519

Dil məsələsi hər daim gündəmə çevrilməyi bacarır. Ələlxüsus da Azərbaycan dili. Qeyd edək ki, son günlərdə ölkəmizdə böyük-kiçik arasında ən çox müzakirə olunan mövzu Azərbaycan dili məsələsi olub. Bu yaxşı haldırmı?

Fikrimcə bu müzakirələrin mənfi və müsbət tərəfləri mövcuddur.

1. Mənfi tərəfi odur ki, məsələni gündəmdə saxlayan əksər insanları dilimizin inkişafı düşündürmür. Onlar sadəcə bu məsələyə kortəbii reaksiyalar verərək, konformist düşüncə sərgiləyirlər. Onları dildən çox, dil barədə öz düşüncələrinin müdafiəsi maraqlandırır. Sanki bir növü, əgər belə adlandırmaq düzgün olarsa, “haqlı olmağa ehtiyac” sindromu yaşayırlar. Bu məsələ də onların haqlılığı üçün münbit şərait yaradır.

Gəlin açıq danışaq, dilimizin inkişafını dəstəkləyən auditoriya bu gün Azərbaycan dilində mütaliə edirmi? Onların kitab rəfində (təbii əgər belə bir rəfləri varsa) Azərbaycan dilində kitabların sayı nə qədərdir?

tv

Yox hirslənmə, əziz oxucu… Nə çoxdur kitab rəfindəki kitabları oboy rənginə uyğun içi ilə maraqlanmadan alanlar… Dilin inkişafı, bu dili düzgün öyrənməkdən, bu dildə danışmaqdan, yazmaqdan, mütaliədən keçir. Dünya dillərinə nəzər salsaq hər bir dildə alınmalar mövcuddur. Dilçilər daha çox bu tipli sözləri ya özünküləşdirməyə, ya da söz yaradıcılığına müraciət edərək, yeni sözlərlə əvəzləməyə (gülməli görünmədən, dilin etnik-tarixi kökünə sadiq qalaraq) çalışırlar.

Dil öyrənmək, onun təbliği məsələsi çox vacibdir. Ancaq o vaxt bu vacib məqam öz məramını qoruya bilər ki, sənin öz dilinə zərbə vurmasın. Bu gün gündəmdə olmalı əsas problemlərdən biri, düşünürəm ki, dilimizin alınma sözlər hesabına “modernləşdirilmə” məsələsidir. Bu modernləşmədə diqqətli olmaq vacibdir, fikrimcə bu da, modern Şeyx Nəsrullah sindromudur.

Dilin ən gözəl müdafiəsi, qorunması, inkişafı bu dildə danışmaqla həyata keçir.

“İngilis dilini istifadə etməsək unuduruq”, “rus dilində danışmasan öyrənə bilməzsən” məntiqi ilə daim çıxış edən və öz dilində pəltək ədası ilə danışanlara (öz dilini hardasa unudanlara) nəzər salaq. Onlar bu gün, Bakıda hər yerdədirlər.

Keçən dəfə bir hadisənin şahidi oldum, kitab mağazasında bir uşağı salamlamaq üçün “salam, balaca” dedim, reaksiya vermədi.

“Bəlkə də, uşaq lal-kardır” düşüncəsi külək kimi beynimdən keçmişdi ki, uşağın atasının səsi beynimin divarlarını lərzəyə saldı. “Hello” deyin, cavab verəcək. O doğulandan evdəki bütün Azərbaycan dilli kanalları bağlamışam. Ancaq ingilis dilindəki verilişləri, cizgi filmləri izləyir.

Bunun adı inkişafdırmı, yoxsa fəlakət? İngilis bunu öz övladına edərdimi? Yaxud Nigeryalı? Uşaqlar üçün körpəlikdən beyinlərinə həkk olunan mənzərələr, yaddaşlarında qalan sözlər çoх önəmlidir. Uşağa nələri təbliğ etsən, o da əvəzində bunu qaytaracaq. Necə deyiblər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Və nəhayət əsas məsələ mütaliəyə gəldikdə isə görürük ki, kitab mağazalarının satış qrafikləri daha çox xarici dildə olan kitabların, yaxud tərcümə ədəbiyyatının satışını

göstərir. Məsələ belədirsə, onda biz son vaxtlar nəyi müdafiə edirdik?

Ancaq təəssüf ki, zaman dəyişilib. Xüsusilə gənclər dünya ədəbiyyatına bələd olmağa daha çox üstünlük verməyə başlayıblar. Kafkadan, Markezdən, Coysdan danışmaqdan yorulmayan mühitimiz öz doğma ədəbiyyatına ögey münasibət bəsləyir. Tənqidçilərimiz, yazarlarımız tənqid edəndə də, tərif deyəndə də xarici müəlliflərdən sitat gətirirlər. Borxes deyib ki…

Əvvəlcə, evin içi, sonra çölü fikrinə sadiq qalaraq demək istəyirəm ki, öz dilini, öz ədəbiyyatını bilməyən bir gənclik ölkəmizin gələcəyi üçün hansı xidmətləri göstərə bilər? Axı biz vətənimiz üçün övlad yetişdiririk. Azərbaycan oxucusu da Azərbaycan yazarına, doğma ədəbiyyatına şans verməlidir… Əlbəttə ki, xarici dildə mütaliə etmək, oxumaq, yazmaq dünyaya inteqrasiya baxımından çox vacibdir. Ancaq dediyimiz kimi… bu “öncə evin içi, sonra çölü”.

Yazını müsbət cümlələrlə bitirmək arzusunda olduğum (2. Məsələnin müsbət tərəfi) üçün son zamanlar yaranan bu birliyin düşünürəm ki, yeni bir dalğası olacaq. Bizlər də buna dilimizi qoruyaq şüarı ilə dəstək verəcəyik. Dilimiz heç bir dillə müqayisə etmədən, komplekslərdən, sindromlardan azad olaraq, onun sırf Azərbaycan xalqının varlığını simvolizə etdiyi, qoruduğu üçün daha yüksək səslə sevəcəyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir