Uşaqlarını məktəbə gətirən valideynlər evdə nələrə diqqət etməlidirlər?

Baxış sayı: 1. 282

Orta məktəblərin aşağı siniflərində dərs deyən müəllimlər bəzi valideynlərdən narazıdırlar. Səbəb xanım valideynlərin bir çoxunun övladlarının təmizliyinə diqqət etməməsi və sairədir.

Yeni dərs ilinin başlanması bir çoxlarının həyatına yenilik gətirdi. Övladı ilk dəfə dərsə gedənlər də sevindilər, uşağı bir sinif “böyüyən” valideynlər də. Valideynlərlə yanaşı, müəllimlər də ruhlandılar, tətil sonrası yeni həvəslə, yeni şövqlə işə başladılar. Yəqin razılaşarsınız ki, məktəblərdəki təhsillə bağlı biz jurnalistlər əsasən valideyn narazılığı və iradları mövzusunda yazılar yazırıq. Daha çox onların mövqeyini nəzərə almaqla məqalələr hazırlayırıq. Amma bu dəfə bir qədər fərqli mövzuya yer ayıracağıq. Söhbət aşağı siniflərdə dərs deyən müəllimlərin bəzi valideynlərə tövsiyələrindən, öz övladlarına qarşı diqqətsizlik göstərən ata-analara iradlarından gedir. Söhbət konkret olaraq nədən gedir?

Bu mövzuda yazını Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərin birində dərs deyən qohum müəllimənin iradlarından sonra hazırlamaq qərarına gəldim. Uzun illər orta məktəbdə dərs deyən Mehriban Xəlilova bu il növbəti birinci sinifləri qəbul edib. Onun sözlərinə görə, tədrislə bağlı hər şey normaldır, amma bəzi məsələlər var ki, qabartmağa dəyər. Onun dediyinə görə, direktorun da icazəsi və istəyi ilə bu günlərdə valideyn iclası keçirməli olub.

Məktəbin qarşısına ev geyimində gəlməyin

Belə məlum oldu ki, bir çox müəllimləri narahat edən ilk məqam övladını dərs bitəndən sonra məktəbdən götürməyə gələn valideynlərin geyimləridir: “Valideyn iclasında da vurğuladıq ki, xanımlar məktəbdən övladlarını evə aparmağa gələrkən geyimlərinə diqqət etsinlər. Bu isə səbəbsiz deyil. Söhbət ondan gedir ki, bəzi valideynlər məktəbin qarşısına, üzr istəyirəm bu ifadəyə görə, ev geyimlərində gəlirlər. Məktəb təlim-tərbiyə verən bir ocaqdır. Burada aşağı siniflərlə yanaşı, yuxarı siniflərin şagirdləri də təhsil alırlar. Bu cür geyimli xanımlar həmin yeniyetmələr üçün xoş nümunə deyil. Dəfələrlə tək-tək bəzi valideynlərə iradımızı bildirmişik. Nəzərə alan da olub, almayan da. Odur ki, iclas keçirmək qərarına gəldik. Xahiş etdik ki, xanımlar məktəbin qarşısına səliqəli geyimlərdə – məsələn, uzun yubkada, mədəni geyimlərdə gəlsinlər. Sağ olsunlar, bu xahiş və tövsiyəmizə etiraz edən olmadı”.

Uşağınızın çantasına qoxulu yeməklər qoymayın

Müsahibimiz bu yazımızı oxuyan valideynlərin də nəticə çıxarmasını istədiyini söylədi. Müəllimənin sözlərinə görə, başqa bir problem valideynlərin uşaqlarının çantasına qoyduqları yeməklərlə bağlıdır: “İnanın, o gün sinifdə çox çətinlik çəkdik. Ağır qoxu gəlirdi. Araşdırdım və məlum oldu ki, valideynlərdən biri uşağının çantasına soyutma yumurta qoyub. Uşaq da həmin yumurtanı yemədiyi üçün isti otaq şəraitində qoxusu yayılıb. Zənnimcə, məktəbli uşağın çantasına bu cür qidaların qoyulması doğru deyil. Bəlkə də biz müəllimlər üçün problem deyil, amma şagirdlər narahat olurlar”.

Uşağınızı məktəbə gətirməzdən əvvəl soruşun ki, tualetə getmək istəyirmi?

Müəllimləri narahat edən digər məqam şagirdlərin çantasına sarımsaqlı sosiska, kolbasa qoyulub məktəbə yola salınmasıdır: “İlk ağla gələn odur ki, bəzi valideynlərin başı sosial şəbəkələrə, seriallara qarışdığından gecələr gec yatırlar və səhər uşağı vaxtında oyadıb, doyunca yedizdirə bilmirlər. Əziz valideynlər, səhərlər uşağınızı vaxtında oyadıb, doyunca yedizdirin ki, sonra problem yaşanmasın”. Müəllimənin sözlərinə görə, səhər “qaçaqaç”la övladını məktəbə gətirən həmin valideynlər onları tualetə də aparmırlar: “İnanın, bəzən dərs vaxtımızın 20-30 dəqiqəsi uşaqları tualetə aparıb-gətirməyə gedir. Hər bir valideyn uşağını məktəbə gətirmək üçün evdən çıxarmazdan əvvəl tualetə getmək istəyib-istəməməsi ilə maraqlanmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir