Qumru E

Vətəndaşlıq mənsubiyyəti nə deməkdir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 359

Vətəndaşlıq hüququ insanın əsas hüquqlarından biridir. Bu, hər bir insanın vətəndaşlıq əldə etmək, dəyişmək və saxlamaq hüququnu nəzərdə tutur. Beynəlxalq Hüquq insan hüquqları baxımından müəyyən edir ki, dövlətlərin öz vətəndaşlarının kim olduğuna qərar vermək hüququ mütləq deyil və xüsusilə dövlətlər vətəndaşlığın verilməsi və ya itirilməsi ilə bağlı öhdəliklərinə əməl etməlidirlər.

Hətta əgər şəxsin vətəndaşlığı yoxdursa, onun məktəbə getməsinə, həkimə müraciət etməsinə, işə düzəlməsinə, bank hesabı açmasına, hətta ailə qurmasına bu hal mane olmamalıdır. Lakin dünyada milyonlarla insan bu mövqedə deyillər.

Son zamanlar xarici ölkələrdə yaşayan və yaşadığı ölkənin vətəndaşlığını qəbul etmiş milliyətcə azərbaycalı olan şəxslərin ölkəyə axını nəticəsində ortaya çıxan suallardan biri o olur ki, şəxs Azərbaycan vətəndaşlığına alına bilərmi? Təbii ki, yaşadığı ölkədə bəzi vəziyyətin, həmçinin Azərbaycanda ona daha əlverişli mühitin və biznesin yaranması səbəbini nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edikdə, şəxs üçün ölkədə daha rahat yaşanması ehtimalı daha realdır. O səbəbdəndir ki, həmin şəxslər vətəndaşlığın olmasına niyyətli olurlar. Lakin burada da bəzi baryerlər ortaya çıxır.

Şəxs (Məsələn, Rusiya vətəndaşı olan azərbaycanlı) vətəndaşlıq mənsubiyyəti barədə sorğunu hansı orqana göndərməlidir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarıilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, şəxs Dövlət Miqrasiya Xidmətinə sorğu ilə müracət edir və Miqrasiya Xidməti bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

 

Qanunla bu məsələ necə tənzimlənir?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır.

Bir məqamı vurğulamaq yerinə düşər ki, əgər şəxs qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamışdırsa, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Lakin o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1 -ci yarım bəndində nəzərdə tutulan (-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının – və ya Azərbaycan SSR-in – vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən).“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;

2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;

3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;

4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən 1 il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarıilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərəalınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir.

 

Məhkəməyə müraciət edilmənin perspektivi varmı?

Şəxs, Dövlət Miqrasiya Xidmətinin imtina məktubu əsasında inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnu əldə edir. Lakin həmin iddianın hansı dərəcədə perspektiv olmasını məhkəmə müəyyən edir.

Belə ki, məhkəmə müəyyən etsə ki, şəxs Azərbaycan Respublikasının deyil, başqa ölkənin vətəndaşlığını qəbul edib və hal-hazırda da həmin ölkənin vətəndaşı olmaqda davam edir, o zaman bu hallar onun iddiasının təmin edilməməsinə gətirib çıxaracaq. Əgər şəxs Azərbaycan SSR-in ərazisində doğulmuş və hazırda Rusiya Federasiyasının vətəndaşıdırsa və 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olduğu müəyyən edilməmişdirsə, o zaman iddia təmin edilməyəcəkdir.

Həmçinin, şəxs“ius sanguinis” (qan hüququ) və “ius soli” (torpaq hüququ) əsasında vətəndaşlıq əldə etmədiyindən (Azərbaycan SSR-in vaxtında doğulduğu üçün) vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cümaddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir. Yəni, şəxsin, müvafiq prosedurları keçməklə, yenidən müraciət edərək adi qaydada vətəndaşlıq almaq imkanı vardır.

İstənilən halda, şəxsin vəziyyət və ailə durumu müxtəlif olduğundan, bu mövzuda da yanaşma müxtəlif ola bilər. Yəni, hər bir işə fərqli şəkildə yanaşmaq lazımdır.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir