QUMRU EYVAZOVA

Valideynlik hüquqlarından valideyn nə zaman məhrum edilir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 349

Çox vaxtlar, xüsusən də valideynlər boşandıqdan sonra, ata öz uşaqlarına alimenti ödəmədiyinı görə, ana məhkəməyə müraciət edərək atanın valideynlik hüquqularından məhrum edilməsi barədə iddia qaldırır. Təbiidir ki, bu cür hallar cəmiyyətdə xoşagələn hallar deyil, lakin son zamanlar tez-tez rast gələ biləcəyimiz bir adətə çevrilib.

Ancaq valideynlər qanunvericiliyin tələblərini bilmədikləri üçün hər bir xırda səbəbə görə məhkəməyə müraciət edib, iddiaların təmin edilməsinə ümid edirlər.

 

Bəs qanun bu barədə nə deyir?

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Belə ki, həmin maddəyə əsasən, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

 

Şəxs valideynlik hüquqlarından hansı hallarda məhrum edilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsində göstərilən əsaslar mövcud olarsa, şəxs valideynlik hüquqlarından məhrum edilir. Bu əsaslar aşağıdakılardır:

  • öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • alimenti qəsdən ödəmədikdə;
  • heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
  • xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

 

Əgər şəxs valideynlik hüququndan məhrum edilibsə, o, öz övladlarına yenidən baxmağa borcludurmu?

Çox vaxt o halın şahidi oluruq ki, boşanmış şəxslər, özləri öz aralarında razılığa gəlirlər ki, ər keçmiş arvadını vəarvadın qəyyumluğunda qalan uşaqları narahat etməyəcək, bunun müqabilində isə arvad ərdən aliment tələb etməyəcək və atanın valideynlik hüquqlarından məhrum edilməsi barədə məhkəmədə iddia qaldıracaqdır.

Lakin təbiidir ki, hakim məhkəmə prosesi zamanı bu sövdələşmənin əsas səbəblərini araşdırır və ondan sonra iddianı təmin etmir və onun rədd edilməsi barədə qətnamə qəbul edir. Lakin qeyd etmək yerinə düşər ki, hətta qətnamə iddianın təmin edilməsi barədə çıxsa belə, bu hal atanın alimentin ödənilməsindən azad etmir. Yəni, bu halda ata alimenti ödəməkdə davam etmək öhdəliyi daşıyır və aliment övladları yetkinlik yaşına çatanadək onun tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 66.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumedilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Həmçinin Məcəlləsinin 66.4-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktın aəsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Yəni, vaideynin uşağa nisbətdə valideynlik hüququndan məhrum edilməsi, uşağın valideynin əmlakına dair vərəsəlik hüququnun olmasından azad etmir.

 

Bəs məhkəmələr bu cür faktlara hansı qaydada yanaşır?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Bu barədə müddəalar nəinki yerli qanunverilikdə, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3 və 12-ci maddələrində təsbit edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən, ilk növbədə uşaqların mənafeyi nəzərə alır, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırır, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, uşaqların rəsmi olaraq bir valideynin yanında qalması digər valideynə münasibətdə hüquq və vəzifələrin məhdudlaşdırılması kimi qiymətləndirlməməli, valideynlər uşaqların yaşam, tərbiyə və təhsillərinin həyata keçirilməsinə layiqli şərait yaratmalı və bunun üçün birgə hərəkət etməli, müvafiq icra orqanları uşaq hüquqlarının müdafiəsi üçün nəzarət səylərin əsirgəməməlidirlər. İddiaçı tərəfindən cavabdehin valideynlik hüquqlarından məhrum edilməsi hissəsində tələbin müdafiə edilməsini nəzərə alaraq qeyd edilməlidir ki, valideynlik hüquqlarından məhrum edilmə valideyinin təkcə bu və ya digər vəzifələrinin yerinə yetirilməməsindən, və ya iddianın qəbul edilməsindən irəli gəlməli deyil. Burada bütün amillər, o cümlədən, ilk növbədə uşağın mənafeyləri nəzərə alınmaqla onun gələcəyi nəzərə alınmalıdır.

 

Əgər uşağın valideynləri valideynlik hüququndan məhrum edilirlərsə, həmin uşağın aqibəti necə olur?

Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər. Əgər valideynlərdən biri valideynlik hüququndan məhrum edilibsə, o zaman anada qalan uşağı, məsələn, ana ikinci dəfə ərə getdikdə, onun ikinci əri övladlığa götürə bilər. Digər bir misal, əgər hər iki valideyn valideynlik hüququndan məhrum edilirsə, uşağın yaxın qohumları onu övladlığa götürmədiyi halda, o zaman uşaq dövlət tərəfindən uşaq evlərinə təhvil verilir.

Təbiidir ki, valideynlik hüququndan məhrumetmə nəinki xoşagəlməz haldır, hətta demək olar ki uşağın cəmiyyətdə formalaşmasına təsir göstərə biləcək bir amillərdən biridir. Ona görə də, valideynlər bu addımı atmazdan öncə özlərini və öz hisslərini deyil, məhz ilk növbədə uşağın gələcəyini düşünməlidirlər.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir