tik-tok

Vitrindəki həyat…

Baxış sayı: 462

Tik-Tokun varsa, bunu bilməlisən ki, sən gündən-günə özündən gedəcəksən. Özündən getməyi xəstələnmək, huşunu itmək mənasında demirəm, xeyr. O mənada deyirəm ki, yəni sən artıq sən olmayacaqsan, özündən uzaqlaşacaq, başqalarına oxşamağa çalışacaqsan. Bu, xüsusilə bəzi gənclərə aiddir. Çünki onlar təcrübəsizliyi, həyatın neçə sifətdən ibarət olduğunu bilmədikləri üçün tez aldana bilirlər. Gördüklərindən istəyir, “mənim də olsun”,- deyir, beləliklə də həyatın keşməkeşli yollarında büdrəyib qalır, nə qədər çabalayırlarsa, qurtula bilmirlər.

Hazırda həyatın hər üzünü deyil, yalnız bir üzünü göstərən sosial şəbəkə kimi Tik-Tok minlərlə gənci öz qurbanına çevirir. Necə çevirir? Mən deyim, siz də dinləyin. Onu da deyim ki, danışacağım faktları elə gənclərimizin dilindən almışam.

Deməli, Tik-Tok gənclərə real həyatda minlərlə insanda olmayanı təqdim edir. Burada hansısa bir qız sevgilisindən aldığı özü boyda gül buketini reklam edir. Sevgilisinin ona bağışladığı maşını nümayiş etdirir və eləcə də bahalı zinət əşyalarını, müxtəlif markalardan aldığı geyimləri. Buna baxan gənc qızlar isə onların da olmasını arzulayırlar. Nəticədə isə özlərinə qapılır, bu həyata necə sahib olmaq üçün düşüncələrə dalırlar. Lakin düşünə bilmirlər ki, Tik-Tok insanlara yalnız vitrindəki həyatı təqdim edir.

Adının çəkilməsini istəməyən “N” adlı qız danışır ki, Tik-Toku izləyəndən xəstə kimi olmuşdum. “Mənim sevgilim niyə yoxdur, mənə nə üçün belə hədiyyələr alan yoxdur?” deyə özümü məzəmmət edirdim. Sanki özümdə o qızlarda olmayan cəhətləri axtarır və qınayırdım ki, yəqin xoşagələn görünüşüm yoxdur ki, sevilmirəm, mənə belə hədiyyələr alınmır.

“ A” adlı gənc isə buna bənzər başqa bir faktı deyir: Tik-Tokda bəzi qızların markalardan aldığı paltarları nümayiş etməsini izlədikcə mənə elə gəlirdi ki, hamı həmin markalardan geyinir, tək mən kənarda qalmışam. Bu hiss məni gündən-günə məhv edirdi.

Qeyd edim ki, qızların hər ikisi böyüklərin tövsiyəsi ilə Tik-Tok sosial şəbəkəsindən artıq istifadə etmir və buna çox sevinirlər.

Əziz gənclər, qızlar, bizim iki həyatımız var. Biri vitrində, yəni gündəlik göründüyümüz həyat, digəri isə əsl həyatımızdır. Həmin böyük gül buketləri əsl həyat deyil. Kiməsə alınan maşın da əsl həyat deyil. Kiminsə markalardan alıb reklam etdiyi geyimlər də əsl həyat deyil. Bütün bunlar vitrindəki həyatdır ki, onu video şəklində Tik-Tokdan izləyirik.

Gördüyünüz hər bir vitrin həyatının əsl olan tərəfi də var. Bu, real həyatdır. Real həyatda bəlkə də bir saat, iki saat sonra nə o böyük buketlərdən, nə maşınlardan, nə də markalardan alınan geyimlərdən əsər-əlamət qalmır. Hər kəs öz real həyatının ardınca gedir. Bilirsiniz nə üçün? Çünki vitrindəki həyat heç vaxt real həyatdan üstün ola bilməz. Bu, təsadüfü bir tanışlığın “bəhrəsi”, hansısa bir əməlin “töhfəsi”, anormallıqdır. Bunlara aldanmaq əsla lazım deyil.

Əslində bilmək istəyirsinizsə, normal şəraitdə sevgilisinə o böyüklükdə gül buketi alan nə oğlan, nə də buket sahibi onunla bağlı video çəkib paylaşmaz. Sevgilisinə maşın hədiyyə edən oğlan və ya onu qəbul edən qız onu reklam etməz. Markalardan mütəmadi geyinən insanlar bunu adi hal hesab edir və əsla paylaşmır.

Bütün bunlar bəzi görməmiş gənc qız və oğlanın özlərinə məkan seçdiyi vitrin həyatıdır. Əslində isə onların da bir real həyatı var. Həmin videoların arxasında nə dayanır, iki-üç gün sonra o gənclər bir-birilərini tanıyırmı? Bax, bu, məlum deyil.

Odur ki, əziz gənclərə, həmin videolara baxmamağı, ümumiyyətlə, Tik-Toku bağlayıb, özlərinə qayıtmağı tövsiyə edirəm. Həqiqətən də Tik-Tok kimi aldadıcı vasitələr onların həyatını alt-üst edə bilər. Ona görə də üzümü gənclərə tutub Tik-Toku silməyə çağırıram. Qoy onları özlərindən almaq, başqa istiqamətə yönəltmək istəyən belə vasitələri həyatlarından çıxarsınlar.

Bizim əsl həyatımız real həyatımızdır. O real həyat ki, nə qədər vitrin həyatında qalmalı olsaq da, real həyat qaçılmazdır. Ora dönəcəyik. Səadət, təmiz, ülvi hisslər, həqiqət, yaxşı nə varsa, bizi real həyatımızda gözləyir.

Vitrindəki həyat… Kimə lazımdır bu həyat ki, yalnız görüntülərdən, videolardan ibarətdir. Həqiqətdə isə bəlkə də göz yaşı, xəyanət, əxlaqsızlıq və sairdir…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir