Müasir psixologiyada xüsusi qayğıya ehtiyacı olan uşaqların düzgün diaqnostikası onların inkişafı, təhsilə inteqrasiyası və sosial adaptasiyası üçün həlledici əhəmiyyət daşıyır. Diaqnozun dəqiq qoyulması yalnız tibbi baxımdan deyil, həm də pedaqoji və sosial baxımdan uşağın gələcək həyat keyfiyyətini müəyyənləşdirir. Lakin bu prosesdə bir sıra obyektiv və subyektiv çətinliklər mövcuddur.
Erkən diaqnozun gecikməsi
Uşağın inkişafında müşahidə olunan fərqliliklər çox vaxt valideynlər tərəfindən düzgün qiymətləndirilmir. “Zamanla düzələcək” düşüncəsi və ya sosial damğalanma qorxusu səbəbilə erkən müraciət gecikir. Halbuki, beynəlxalq tədqiqatlar göstərir ki, erkən müdaxilə inkişaf ləngimələrinin azaldılmasında ən təsirli vasitədir.
Mütəxəssis çatışmazlığı və qeyri-bərabər bölgü
Xüsusilə regionlarda uşaq psixoloqu, loqoped, neyropsixoloq və defektoloq kimi ixtisaslı mütəxəssislərin azlığı diaqnoz prosesində boşluqlar yaradır. Bu səbəbdən diaqnoz çox vaxt pediatr və ya ümumi həkim rəyinə əsaslanır ki, bu da obyektivliyi zəiflədir.
Simptomların qarışdırılması
Autizm spektr pozuntuları, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS), nitq ləngiməsi və intellektual inkişaf geriliyi kimi vəziyyətlər oxşar simptomlarla müşayiət oluna bilər. Bu zaman uşaq davranışının yalnız səthi müşahidəsi əsasında nəticə çıxarılması səhv diaqnoza səbəb olur.
Diaqnostik metodların məhdud tətbiqi
Beynəlxalq praktikada istifadə olunan standart testlər (ADOS, WISC, Denver, Stanford-Binet və s.) ölkəmizdə kifayət qədər yayılmayıb. Çox vaxt diaqnoz yalnız mütəxəssis müşahidəsi və fərdi rəyə əsaslanır. Bu isə dəqiqliyi azaldır və uşağın inkişaf potensialının tam qiymətləndirilməsinə mane olur.
Valideyn amili
Diaqnoz prosesində valideynlərin emosional reaksiyası böyük rol oynayır. Bəzən valideynlər diaqnozu qəbul etmək istəmir, inkar və ya qorxu səbəbindən müayinəni yarımçıq saxlayır. Bu isə uşağın erkən reabilitasiya imkanlarını məhdudlaşdırır.
Sistemlərarası əlaqənin zəifliyi
Təhsil, səhiyyə və sosial müdafiə qurumları arasında əlaqələndirilmiş fəaliyyətin olmaması nəticəsində diaqnostika kompleks yanaşma ilə aparılmır. Nəticədə uşağın psixoloji, tibbi və pedaqoji qiymətləndirilməsi bir-birindən ayrı şəkildə həyata keçirilir.
Nəticə və tövsiyələr
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara düzgün diaqnoz qoyulması onların potensialını üzə çıxarmaq, inkişaf proqramını düzgün planlaşdırmaq və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün vacibdir. Bu istiqamətdə:
* Erkən diaqnostika və skrininq proqramları gücləndirilməli,
* İxtisaslı psixoloq, loqoped və defektoloqların hazırlığına önəm verilməli,
* Beynəlxalq standart testlərin tətbiqi genişləndirilməli,
* Valideynlərin maarifləndirilməsi üçün sosial proqramlar artırılmalı,
* Təhsil, səhiyyə və sosial müdafiə orqanları arasında inteqrasiya gücləndirilməlidir.
Psixoloq olaraq qeyd etmək vacibdir ki, düzgün diaqnoz yalnız “problemin adının qoyulması” deyil, uşağın inkişafına yönəlik dəqiq planın hazırlanmasıdır. Hər bir uşaq fərdi potensiala malikdir və bu potensialın üzə çıxarılması, yalnız düzgün diaqnostika və mütəşəkkil dəstək sayəsində mümkündür.
Klinik psixoloq Nahidə Axundova
“AN Psixoloji Dəstək və Reabilitasiya Mərkəzi”nin təsisçisi və rəhbəri
Məncə, uşaqların düzgün diaqnoz alması çox vacibdir, çünki erkən müdaxilə həqiqətən də çox böyük fərq yaradır. Təkcə xəstəlikləri müəyyən etmək deyil, onların gələcəkdəki inkişafını düzgün şəkildə yönləndirmək də vacibdir. Elə uşaqlar var ki, çox sadə bir müdaxilə ilə böyük irəliləyişlər əldə edirlər. Sadəcə, mütəxəssislər hər zaman yerində olmalı və valideynlər də bu prosesi ciddi qəbul etməlidirlər.
Sözsüz ki, erkən diaqnoz çox önəmlidir. Uşağımın kiçik yaşlarında bir neçə inkişaf ləngiməsi oldu və biz erkən müdaxilə etdik. Amma mən çox təəssüflənirəm ki, Azərbaycanda bu işlər çox vaxt həkimlərə və ya ümumi mütəxəssislərə həvalə edilir, amma onlar bu sahədə o qədər də təcrübəli olmurlar. Belə hallar çox vaxt uşağın inkişafına mane ola bilər. Məncə, xüsusilə regionlarda mütəxəssis çatışmazlığı çox böyük problemdir.
Diaqnostikada mütəxəssislərin rolu həqiqətən böyükdür, amma bununla bərabər, bu sahədə elə tədqiqatlar da çox vacibdir ki, onlar konkret mütəxəssis rəyinə əsaslanmır, daha çox statistikaya dayanır. Təəssüf ki, bizdə bu cür metodların tətbiqi çox məhduddur. Bu, diaqnozların dəqiqliyini azaldır və uşaqların inkişafını düzgün qiymətləndirməyə mane olur.
Mənim uşağımın vəziyyətini hələ də tam başa düşmürəm və doğru qərar verməkdən qorxuram. Müəllifdən bir neçə konkret məsləhət istəyirəm. Valideynlər bu prosesi necə daha yaxşı idarə edə bilər?
Bəzən valideynlər diaqnozu qəbul etməkdə çətinlik çəkirlər, amma bu çox təbii bir haldır. Bir çoxları “mənim uşağım niyə belədir?” sualını soruşurlar və çox vaxt bu qorxu onların qərar verməsini çətinləşdirir. Amma məncə, maarifləndirmə çox vacibdir. Valideynlərin düzgün məlumatlandırılması, onların həm təhsil, həm də reabilitasiya prosesində aktiv rol almasına kömək edə bilər.
Beyin testləri və ya beynəlxalq standartlardan danışdınız, amma bizdə bu testlər mövcud deyil. Yəni, mənim uşağım üçün konkret hansı metodlar daha əlverişlidir? Belə bir vəziyyətdə hansı mütəxəssislərə müraciət etməliyik?