usaqlar

Yaşları kiçik, xərcləri böyük olanlar

Baxış sayı: 381

Tədris ilinin başa çatmasına sayılı günlər qalır. İndi valideynlərin çoxu övladlarının qarşıdakı üç ayı səmərəli və əyləncəli keçirə bilmələri üçün variantlar axtarırlar. İki övladı olan Hicran Cəbrayılovanı da uşaqlarının yay tətilini necə təşkil edəcəyi düşündürür. Elə bu məqsədlə yay düşərgələri ilə maraqlanıb. Amma düşərgə təşkil edən şirkətlərin qiymətlərini öyrəndikdən sonra belə qənaətə gəlib ki, buna nail olmaq heç də asan məsələ deyil: “İki uşağın bir həftəlik yay düşərgəsində istirahəti üçün 1700 manat ödəniş etməliyik”.

Qeyd edək ki, hazırda Azərbaycanda ödənişsiz yay düşərgələrinin sayı məktəblilərin istirahətini kütləvi şəkildə təmin edə biləcək səviyyədə deyil. Amma ölkədə ödənişli yay düşərgələri təşkil edən şirkətlər mövcuddur. Bəs, görəsən, yay düşərgələrinin şərtləri necədir? Hansı xidmətlər təklif olunur? Qiymətlər göstərilən xidmətə uyğun və qənaətlidirmi?

 

Qiymət məkana və xidmətə görə dəyişir

Şirkətlər məktəblilərə həm ölkə daxilində, həm də ölkə xaricində düşərgələr təklif edirlər. Düşərgələr iyunun 17-dən sentyabrın 1-dək 1-10-cu sinif şagirdləri üçün nəzərdə tutulub. Valideynlər həm yatılı, həm də yatılı olmayan düşərgə formasını seçə bilərlər. Düşərgələrin çoxu Bakıətrafı ərazilərdə – Zağulba, Mərdəkan, Nardaran, Şüvəlan və Bilgəhdə yerləşir. Uşaqlarını bölgələrdə təklif olunan düşərgələrə göndərmək istəyən valideynlər Quba, Qusar, Lənkəran, İsmayıllı, Qəbələ rayonları arasında seçim edə bilərlər.

Düşərgələrin qiyməti yerləşdiyi məkana və göstərilən xidmətə görə dəyişir. Ölkə daxilində təklif olunan düşərgələrin qiyməti demək olar ki, bütün şirkətlərdə təxminən eynidir. Övladını bölgələrdə təklif olunan düşərgələrə göndərmək istəyən valideynlər beş gecə, altı gün üçün 800-850 manat ödəməlidirlər. Bir ailədən iki uşaq qeydiyyatdan keçəcəyi təqdirdə,100 manat endirim nəzərdə tutulub. Xidmətə gündə beş dəfə qidalanma, ingilis dili, şahmat üzrə master-klasslar, piknik, hovuz, film saatı, karaoke, dünya mətbəxi, əyləndirici və öyrədici oyunlar, müxtəlif məkanlara ekskursiyalar, məntiq oyunları, danışıq klubları və sair daxildir.

Nardaran, Zağulba və Bilgəhdə yerləşən düşərgələrdə beş günlük qiymət 400, 10 günlük qiymət isə 700 manatdan başlayır. Bu düşərgələr yatılı deyil, uşaqlar səhər 9:00-da gedib, axşam 18:00-da evə qayıdırlar. Qiymətə müxtəlif metro stansiyalarının yaxınlığından nəqliyyat xidməti, qidalanma, əyləncəli və öyrədici oyunlar, hovuz, robotexnika dərsləri, ingilis dili, ekskursiyalar daxildir.

 

İngiltərə və ABŞ-də yay düşərgələri

Yerli şirkətlər övladlarının yay istirahətini Azərbaycanda deyil, xaricdə planlayan valideynlər üçün də təkliflər hazırlayıblar. Tələbata uyğun olaraq daha çox təklif ABŞ və İngiltərədə yerləşən yay düşərgərləri ilə bağlıdır. Məsələn,14 günlük London yay düşərgəsinə 8-17 yaşlı uşaqlarını göndərmək istəyən valideynlər 5100 manat ödəməlidirlər. Qiymətə bilet daxil deyil. Bu məbləğə viza dəstəyi, sığorta, transfer xidməti, tur rəhbəri, gündə üç dəfə qidalanma, üç dəfə ingilis dili dərsləri, İngiltərənin gəzməli-görməli yerlərinə ekskursiyalar, sertifikat və sair təklif olunur.

ABŞ-də yerləşən yay düşərgələrinin 14 günlük qiyməti 4300 dollardan başlayır. Qiymətə viza dəstəyi və gediş-dönüş bileti daxil deyil. Bu məbləğə sığorta, transfer xidməti, tur rəhbəri, gündə üç dəfə qidalanma, ABŞ-nin gəzməli-görməli yerlərinə ekskursiyalar, aparıcı İT şirkətlərinin ofislərinə turlar və sair təklif olunur.

Qiymətlər çox şişirdilib?

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur: “Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə, uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
Ekspertin sözlərinə görə, düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib: “Hazırda həmkarlar ittifaqlarının nəzdində dörd uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə üç ay ərzində uşaqların ümumi qəbul etmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilərlər. Nabranda, Şüvəlanda “Olimp”, “Şahin”, “Aypara” uşaq düşərgələri ilə yanaşı, Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə işlədikləri müəssisələrin həmkarlar ittifaqına bir faiz pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidirlər. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Məsələn, adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına düşərgə qiyməti 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Bütün bunların hamısı Elm və Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır”.

Düşərgələrin bərpası gündəmdədir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Anar İsgəndərov isə əmindir ki, yaxın gələcəkdə məktəblilərin yay istirahətini kütləvi şəkildə təmin etmək mümkün olacaq: “Sovet dönəmindən fərqli olaraq, bu gün yay düşərgələrinin sayı azdır. Amma aidiyyəti qurumlar bu istiqamətdə iş aparırlar. Bu düşərgələrin sayı kifayət qədər olmasa da, hər il onların sayı artırılır. Məsələn, Lənkəranda, Qubada, Masallıda çox gözəl məkanlar var. Bu məsələdə valideynlər nə qədər narahatdırlarsa, inanın ki, aidiyyəti qurumlar da o qədər narahatdırlar. Yaxın gələcəkdə ayrı-ayrı yerlərdə məktəbli düşərgələrinin yenidən bərpası gündəmdədir”.

 

Sevinc Abbasova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir