bina

Yeni binalarda yaşayan sakinlər təhlükədə: Su anbarları 10 illərlə yuyulmur

Baxış sayı: 302

Mənzilimizə gələn suyun çirkli olduğunu görəndə dərhal “Azərsu” ASC-ni günahkar bilsək də, sən demə suyun keyfiyyətli verilməsi həm də MTK-lardan asılı imiş. Bu günlərdə mətbuata açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbər Anar Cəbrayıllı MTK-ların anbarlarının illərdir yuyulmadığını, bunun suyun keyfiyyətinə ciddi təsir etdiyini bildirir.

Qurum səlahiyyətlisi qeyd edib ki, MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır. Onun sözlərinə görə, əks halda yeni tikili binaların anbarında suyun keyfiyyətinin pisləşmə halları müşahidə oluna bilir.

 

MTK-ların anbarları illərdir yuyulmur!

Cəbrayıllı son vaxtlar suyun keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə bəzi həqiqətə uyğun olmayan məlumatların yayıldığına diqqət çəkib:

“Azərsu”nun əhaliyə verdiyi su standartlara tam uyğundur. Sosial şəbəkədə bir neçə paylaşımları sona qədər araşdırmışıq və məlum olub ki, suyun keyfiyyətinin aşağı olması halı yeni tikilən binalarda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bu MTK-ların anbarları illərdir yuyulmur”.

A.Cəbrayıllının sözlərinə görə, ümumiyyətlə bu gün Bakıda suyun keyfiyyətinə mənfi təsir göstərən iki amil var:

“Bunlardan biri MTK-ların yuyulmayan anbarı, digəri isə vətəndaşların, xüsusilə ətraf ərazilərdə primitiv qaydada, kustar üsulla çəkdiyi su xətləridir. Çünki bu su xətləri yerin üstü ilə çəkilir və onların çəkilməsində müxtəlif təyinatlı plastik, metal borulardan istifadə olunur. Hətta Sulutəpə ərazisində neft sənayesində işlənmiş borularla da su xəttinin çəkilməsi halına rast gəlinib. Bunlar suyun keyfiyyəti ilə bağlı müəyyən risklər yaradır”.

“Azərsu” rəsmisi MTK rəhbərlərini, binaların komendantlarını su anbarlarını ən azı ildə bir dəfə yumağa səsləyib. O, bildirib ki, MTK-ların anbarları onların özlərinə aiddir. Onlar bu anbarları özləri idarə edirlər. “Azərsu”nun öhdəliyi anbara qədər suyun gətirilməsidir. Nasosxananın, anbarın və binadaxili su təchizatı və kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına isə cavabdehliyi MTK özü daşıyır.

Bəs görəsən, yaşayış binalarının su anbarları yuyulmazsa sakinləri hansı təhlükə gözləyir? Eləcə də illərdir su anbarlarını yumayan MTK rəhbərlərini hansı cəza gözləyir?

 

Su anbarları ildə azı bir dəfə yuyulmalıdır

“Azərsu” ASC-nin baş texnoloqu, texnoloji proseslərə nəzarət və su təhlükəsizliyi şöbəsinin müdiri Cəmil Babayev bildirir ki, təmsil etdiyi qurumun balansında Bakı-Abşeron yarımadasında 23-ü mərkəzi anbar olmaq şərtilə ümumilikdə 175 ədəd su anbarı var. Regionlarda isə su anbarlarının sayı 827-dir. Bölgələrdə 59 mərkəzi su anbarı mövcuddur. O, qeyd edib ki, bu su anbarları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılaraq ildə bir dəfə yuyulur. Amma su anbarları ildə iki-üç dəfə də yuyula bilər.

C.Babayev deyir ki, su anbarlarının ildə ən azı bir dəfə yuyulması bu ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qəbul edilmiş AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartında öz əksini tapıb. Hansı ərazidə ki, su anbarı “Azərsu” ASC-nin yox, MTK-ların balansındadır, o anbarların ildə bir dəfə yuyulmasını da məhz MTK-lar həyata keçirməlidir. Bunun üçün MTK-lar Respublika GEM-inə və “Azərsu”ya müraciət edərək nümayəndə istəməli, həmçinin özəl, lisenziya əldə etmiş su anbarlarını mexaniki çöküntülərdən təmizləyən, dezinfeksiya edən şirkətlərilə müqavilə bağlamalıdırlar.

 

Anbarları yumayan MTK-ları hansı cəza gözləyir?

C.Babayev deyir ki, “Azərsu” ASC hüquqi müstəvidə su anbarlarını yumayan MTK-lara hər hansı təsir göstərə bilmir. Amma “Azərsu” ASC abonentlərə xidmət göstərdiyi üçün suyun keyfiyyəti ilə bağlı məsuliyyət daşıyır. Şöbə müdiri deyir ki, bu paradoksu aradan qaldırmaq üçün AZS 929:2023 standartı qəbul edilib. MTK-lardan bundan sonra AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartına əməl etmək tələb olunacaq. Bununla belə C. Babayev bildirir ki, MTK-lara hüquqi baxımdan təsir mexanizmini GEM-lər həyata keçirə bilər.

“Əgər Respublika GEM-nin anbarın çıxışınan götürdüyü su nümunəsində fiziki-kimyəvi göstəricilərdə kənara çıxma, mikrobioloji çirklənmə aşkarlanarsa, cərimə tətbiq edilə bilər. Bizə abonentdən suyun çirkli olduğu barədə şikayət daxil olduqda anbara suyun girişindən nümunə götürərək analiz olunur. Məlum olur ki, anbara suyun girişində suyun keyfiyyəti standartlara uyğundur. Amma suyun anbardan çıxışında mikrobiloji çirklənmə var. Bu anbarın düzgün istismar olunmamasından və çirkli olması səbəbindən baş verə bilər. Bu zaman biz MTK rəhbərinə müraciət edirik ki, anbarı yusun”.

C.Babayev bildirir ki, anbar yuyulduqdan sonra GEM nümayəndəsi anbardakı sudan nümunə götürür, əgər normaya uyğundursa, istifadəsinə icazə verir. “Azərsu” ASC kənar təşkilatlara anbaryuma xidməti göstərmir. Bunun üçün MTK-lar özəl şirkətlərə müraciət etməlidir.

 

Bir anbarın yuyulması neçəyə başa gəlir?

Su anbarlarını yuma xidməti göstərən “Mühəndislər Şirkəti” MMC-nin direktoru Sabir Abdurəhmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su anbarlarlarının yuyulması anbarın çirklilik səviyyəsinə və su tutma həcminə görə dəyişir.

“Su anbarlarının yuyulması qiymətləri 500 manatdan başlayır. Amma anbar çox çirklidirsə, illərdir yuyulmursa məbləğ bir qədər artıq da ola bilər. Su anbarının ortalama tutumu adətən 300-500 kub arasında olur. Bu həcmdə anbarların yuyulması isə 700-800 manat arasında dəyişir”.

S.Abdurəhmanov bildirir ki, MTK-ların nəzdində olan anbarlar çox çirkli olur. Hətta su anbarlarını 10 ildə bir dəfə yudurtmayan MTK-lar var:

“Biz təcrübəmizdə görmüşük ki, elə anbarlar var, 10 il müddətində bir dəfə yuyulmayıb. Təəssüf ki, MTK-lar anbarların yuyulması üçün pul xərcləmək istəmirlər”.

 

MTK-ları cərimə gözləyir

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinə rəhbərlik edən Eldar Abdullayev isə deyir ki, MTK- lar sahibkarlıq subyektidir. Ona görə Respublika GEM-inin həmin MTK-ların nəzdindəki anbarları yoxlaması mümkün deyil. Bunun üçün müvafiq icazə verilməliddir. Ancaq abonent şikayət etdiyi halda İqtisadiyyat Nazirliyinə yoxlama aparılması üçün müraciət edilə bilər.

E.Abdullayev onu da bildirir ki, yeni standartın tələbinə görə MTK-lar ildə bir dəfə su anbarını yudurtmalıdır. Əgər bunu etməyibsə, laborator müayinələr zamanı çirklənmə aşkarlanıbsa, İnzibati Xətalar Məcəlləsinin 265-ci maddəsinin 265.2 bəndinə əsasən “İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə” üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

GEM nümayəndəsinini sözlərinə görə, su anbarı yuyulmazsa, bu mikrobioloji çirklənməyə səbəb ola, nəticədə sudan istifadə edən abonentdə mədə-bağırsaq xəstəlikləri yarana bilər.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir