yeni il

“Yeni il”i evdə daha maraqlı keçirməyin yolları

Baxış sayı: 954

2020-ci il artıq son akkordlarını vurur, 2021-ci il isə qapımızın bir addımlığındadır. Bu il həm dünyada, həm də ölkəmizdə baş verən hadisələrlə yadda qaldı. COVİD-19 virusu bütün il boyu bizimlə birlikdə idi. Evlərimizin çağrılmayan, sevilməyən qonağı oldu. Amma ümid edirik ki, 2021-ci ildə pandemiya ilə vidalaşacağıq.

Çox istərdik ki, bu yazıda “Yeni il” hansı ölkədə daha maraqlı olur” başlıqlı bir yazı təqdim edərək bayram səyahətinizi planlamaqda sizə kömək olaq. Lakin məlum məsələdən dolayı çox güman ki, əksəriyyəti 2021-ci ili evdə qarşılayacaq. Ona görə də qərara gəldik ki, sizin üçün  “Yeni il”i evdə daha maraqlı keçirməyin yollarını araşdırıb, faydalı bir yazı hazırlayaq.

yemek

Testinin nəticəsi mənfi, aurası müsbət dostlarla “Yeni il”

Evdə “Yeni il” keçirməkdən danışırıqsa, birinci növbədə evinizin və masanızın görünüşünə rəng qatmalısınız. Evinizi və masanızı həmişəkindən fərqli üslubda, zövqlə bəzəməlisiz

Bayramı evdə daha maraqlı etməyin ikinci yolu isə dostlarla birlikdə vaxt keçirməkdir. Əminik ki, tətbiq edilən qadağalar və mövcud şəraitdən dolayı çoxdandır görmədiyiniz yaxınlarınız, dostlarınız var. Tövsiyə olunur ki, Covid-19 testinin nəticəsi mənfi, amma aurası müsbət dostlarınızı evinizdə qonaq edəsiniz. Beləcə, gününüzü daha maraqlı etməyin ilkin mərhələsini uğurla tamamlamış olarsınız.

Ən maraqlı stolüstü oyunlar

Stolüstü oyunlar

İkinci mərhələ isə gecə saat 12-yə qədər olan zamanı daha əyləncəli etmək üçün müxtəlif ideyaların həyata keçirilməsidir. Məsələn, günü şənləndirməyə stolüstü oyunlarla başlamağınız yaxşı olar. Komandalara bölünüb domino, dama, şahmat, kart, monopoliya, mafia və başqa bu kimi oyunları oynaya bilərsiniz. Amma oyunların ən qədimi və demək olar ki, bayram axşamı hər evdə oynanılanı lotodur. Bu oyun müxtəlif ölkələrdə keçirilən məşhur oyunlardan biridir. Uşaqların sevdiyi bu oyun bütün ailə üzvlərinin iştirakı ilə daha şən keçir. Torbadakı nömrəli daşları seçərək və nömrələnmiş kartlarla oynanılan bu şans oyununda kartda bütün nömrələri çıxan şəxs “Binqo” deyir.

Kiçik-böyük hər kəsin həyəcanla oynadığı digər oyun “PlayStation” günün vazkeçilməzi olur. Kim bilir, bəlkə də həmin gün atacağınız qollar 2021-ci ildə sizə şans gətirər. Bu tip oyunları sevməyən dostlarınızla isə intellektual oyunlar təşkil etməyiniz mümkündür. Təbii ki, sonda qalibi mükafatlandırmağı unutmayın.

Bakının restoran və əyləncə mərkəzlərində - Yeni ili neçəyə qeyd etmək olar? | Eurasia Diary

Musiqili bayram axşamı

Əgər oyun oynamaqdan sıxılıb, daha dinamik bir gün keçirmək istəsəniz, bu zaman musiqinin səsini verib, karaoke ilə əyləncənizi rəngləndirməyiniz mümkündür. Müxtəlif mahnıları qoyub gecə boyu oxuya bilərsiniz. Yaxud da hansısa musiqi alətində ifa etməyi bacaran bir dostunuzdan həmin gün bayram ab-havalı mahnılar səsləndirməsini xahiş edin. Amma təbii ki, bunu qonşularınıza narahatlıq yaratmadan edin.

film

“Yeni il” motivli filmlər

Başqa bir ideya birlikdə film izləməkdir.  “Yeni il” motivli filmlərdən seçim etsəniz, əminik ki, peşman olmazsınız. Misal üçün hər kəsin uşaqlıqdan bəri sevərək izlədiyi “Evdə Tək başına” kinoları bayram günlərinin ən dəyişməz əyləncəsidir. Amma təbii ki, “Yeni il” kinoları bununla bitmir. Çox fərqli janrlarda müxtəlif zövqlərə uyğun filmlər var.

Məsələn, romantik komediya janrında olan “Tətil” (The Holiday) filmində “Yeni il” tətilində evlərini dəyişən biri amerikan, digəri ingilis olan qəlbi qırıq xanımların tətil boyunca yaşadıqları yeni eşq macərasından danışılır.

“34-cü küçədə möcüzə” (Miracle on 34-th street) fantastik komediya filmində Şaxta baba paltarı geyinən Krisin bir müddət sonra həqiqətən Şaxta baba olduğuna inanması ilə başına gələn gülməli hadisələr sizi çox əyləndirəcək.

Zövq alaraq izləyəcəyiniz “Qütb ekspresi”( The Polar Express) filmi Şaxta babaya inanmayanların bu mövzudakı fikrini dəyişmək üçün çəkilib desək, yanılmarıq.

Əgər desəniz ki, divanda əyləşib film izləmək passiv bir ideyadır, o zaman sizə səssiz film oynamağı tövsiyə edə bilərik. Məşhur kinolarımızdan səhnələr canlandıraraq nostalji dolu gün keçirə bilərsiniz.

Bakupost.az - Yolka quraşdırarkən diqqətli olun!

 Şam ağacı ilə edilən “selfi”lər

Şam yeməyindən sonra televizor qarşısında əyləşib “Yeni il” proqramlarını izləyə bilərsiniz.Yaxud da yedikləriniz mədənizə ağırlıq etməsin deyə rəqs yarışması təşkil etməyiniz daha məqsədə uyğun olar. Dəqiqəsi çox olan musiqini sona qədər dayanmadan rəqs edən dostunuzu kiçik hədiyyə ilə mükafatlandırın. Bayram gününün olmazsa, olmazı “Yeni il” süfrəsi ətrafındakı dostlarla çəkilən şəkillərdir. Xüsusilə də Şam ağacı ilə edilən “selfi”lər sosial media hesabından bölüşülməsə, bayram əhval ruhiyyəsi qəti hiss edilməz.

En iyi grup video sohbet uygulamaları - MediaTrend

Dostlarla görüntülü söhbət

Bütün bunları edib yorulduqdan sonra bayram şirniyyatları ilə dolu çay süfrəsi ətrafında oturub müxtəlif mövzularda həmsöhbət ola bilərsiniz. Eyni zamanda mövcud vəziyyət üzündən sizinlə birlikdə ola bilməyən dostları unutmadığınızı göstərmək üçün onlarla görüntülü əlaqə qurub danışmağınız bayramın daha maraqlı keçməsini təmin edər. Ən sonda isə gecəni hədiyyələrin açılması bölümü ilə bitirməyiniz həmin günü yaddaqalan edəcək.

Burada qeyd edilənlər sadəcə tövsiyədir. Fərqli ideyalarla “Yeni il”i daha maraqlı qarşılamağınız öz əlinizdədir. Unutmayın növbəti ili hansı əhval-ruhiyyə ilə qarşılasanız, il boyu həmin əhvalda olarsınız. Hər birinizə xoş istirahətlər arzulayırıq!

“Yeni il”iniz mübarək!

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir