Analiz

Yerli həkimlərin analiz “fırıldağı”: “Gələn ildən …” – PROFESSOR DANIŞIR

Baxış sayı: 756

Son vaxtlar klinikalara müraciət edən şəxslərə lazımsız təyin edilən analizlərin çoxluğu ilə bağlı tez-tez yerli mediada məlumatlar yayılır. Bəzən eyni analizlərə müxtəlif klinikalarda fərqli nəticələrin verilməsi də müzakirələrə səbəb olur.

Tibb eksperti, professor Adil Qeybulla bildirir ki, analizlərlə bağlı problemlər qısa müddətdə həllini tapacaq:

”Bildiyiniz kimi, 2020-ci il yanvar ayının 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bununla da sözügedən məsələ ilə yanaşı, bir çox problemlərin həlli də mümkün olacaq. Çünki tibbi sığortadan sonra xəstə həkimin qəbuluna protokolla gələcək və müəyyən analizlər üçün artıq pul köçürmədiyi səbəbindən ona lazım olan analizlərdən keçə biləcək. Eyni zamanda, artıq burada ödənişlə bağlı məsələ olmadığı üçün əlavə analizlərin verilməsi təklif edilməyəcək”.

Ekspert qeyd edir ki, verilən analizlər arasında fərqlər normaya yaxın olmalıdır:

“Bəzi analizlərin nəticələri gün ərzində dəyişə bilər. Məsələn, qanın ümumi analizi, şəkər və s. stabil qalmır. Analizlərin nəticələrində müəyyən fərqlər ola bilər, ancaq nəticə arasında ciddi fərq olmamalıdır.

Analiz nəticələrinin altında laboratoriya müdiri qol çəkir və məsuliyyət daşıyır. Əgər nəticələrlə bağlı narazılıq yaranarsa, bu məsələ mütləq araşdırılmalıdır”.

Adil Qeybulla son olaraq deyir ki, icbari tibbi sığorta paketinə D vitamininin yoxlanılma analizi də əlavə edilməlidir:

“Ümumiyyətlə, hazırda D vitamini azlığı əhalinin çoxunda müşahidə edilir. Bu səbəbdən də sözügedən vitaminin yoxlanılması günümüz üçün zəruridir. Çünki bununla immun sistemindəki problemlərin bir çoxu və bəzi xəstəliklər aşkar edilə bilər.

Bildirim ki, Almaniyada D vitamininin yoxlanılması barədə protokol mövcuddur. Ölkədə bunun yoxlanılması vacibdir və insanlarda D vitamini normaya çatdırılmalıdır. Hazırda sözügedən analizi verən 10 xəstədən 8-də vitamin azlığı müşahidə edilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir