bina

Zəlzələ qorxusu, etibarsız tikililər və cavabsız qalan suallar

Baxış sayı: 551

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Bakıda, xüsusilə də çoxmərtəbəli binalarda yaşayan insanlar səksəkə içindədirlər. Kimisi evini satıb həyət evi almaq barədə düşünür, kimisi də binalarının zəlzələyə davamlı olduğuna inanır. Binanın keyfiyyətinə bələd olmayan, ciddi narahat olanlar da az deyil. Artıq sosial şəbəkələrdə çoxmərtəbəli binalarda yaşayan sakinlər bina sahibindən yaşadıqları binanın zəlzələyə davamlı olub-olmaması ilə bağlı hesabat tələb edirlər. Lakin tikintini aparan şirkətlərdən cavab yoxdur ki, yoxdur. Bəs əhali nə etməlidir? Ümumiyyətlə, bina tikən şirkətlər vətəndaşlara cavab verməlidirlərmi?

 

Gözü çıxan qardaşdan dərs götürmək lazımdır

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, bu tələbi əslində, binaya köçən gündən, alqı-satqı zamanından hər kəs etməlidir: “Çoxmərtəbəli binalarda yaşayan vətəndaşların binanın keyfiyyəti ilə bağlı müəyyən sənədlərlə tanış olmaq hüquqları var. Bu, əslində çoxdan tələb olunmalı idi. Belə bir məsəl var ki, gözü çıxan qardaşdan dərs götürmək lazımdır. Türkiyədə baş verən hadisə hamımızı sarsıdıb və düşünməyə vadar edir. Ona görə də insanlar təlaş içindədir”.

Mənzillər təminat aktları alındıqdan sonra satılmalıdır

Hüquqşünas deyir ki, vətəndaşın binanın texniki vəziyyəti ilə bağlı müəyyən arayışlar əldə etmək ixtiyarı var: “Əslində, Mənzil-Tikinti Kooperativləri (MTK) binanı tikərkən zəlzələyə davamlılığı, texniki vəziyyəti, istismara yararlığı ilə bağlı dövlət orqanlarından müəyyən aktlar alırlar. Mənzillər bu aktlar alındıqdan sonra satılmalıdır. Lakin bizdə bəzi binaların bünövrəsi qazılan kimi mənzilləri satışa çıxarılır. Yaxud müəyyən vaxtlarda bəzi dövlət orqanları tərəfindən istismara verilməsi tövsiyə edilmədikdə belə, satıldı. Burada xaos, özbaşınalıq var idi”.

 

Bəs cavab ala bilməyən vətəndaşlar nə etməlidirlər?

Mütəxəssis vurğulayır ki, bir MTK-da cəmləşən 5-10 nəfər kollektiv şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edə, həmin ünvanda tikilən bina ilə bağlı müəyyən sorğu əldə edə bilərlər: “Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib binanın fövqəladə hallarda davamlılığı ilə bağlı sənəd istəyə bilərlər. Tələb olunan sənəd verilmədikdə, vətəndaşlar həmin qurumları məhkəməyə verib, məhkəmə vasitəsilə bu sənədi ala bilərlər. Müəyyən müraciətlərə baxılması ilə bağlı qanunlarımız var. Vətəndaşın sorğularına cavab verməyən qurumlar və vəzifəli şəxslər məsuliyyət daşıyırlar”.

Cavab verilməməsi vətəndaşın istehlak hüququna ziddir

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyir ki, istənilən növ daşınmaz əmlak sahibi istehlakçıdır və onun da hüquqları var: “Nə alırsansa, əmlak, maşın, qələm, fərq etməz, istənilən xidmət haqqında tam məlumatlı olmalısan. Tələb olunan sənədlərin təqdim olunmaması həmin vətəndaşların istehlak hüquqlarına ziddir. Binanı inşa edən tikinti şirkəti bu barədə mütləq məlumat verməlidir. Əgər binanın sahibi hüquqi baxımdan qeydiyyatdan MTK kimi keçibsə, o deməkdir ki, vətəndaşlardan, yəni ora payçı olan şəxslərdən yığılan vəsaitlə əmlakı tikir. Hətta inşaat prosesində hər bir payçının ödədiyi vəsaitin hara və hansı formada xərcləndiyi haqqında da məlumat verilməlidir. MMC olduğu halda belə, məlumat gizlədilməməlidir”.

 

Təhlükəsizlik üçün inşaat planlarına baxmaq lazımdır

Mütəxəssis bildirir ki, çoxmənzilli bina müştərək idarə olunmalıdır: “Məsələn, bina tikinti şirkəti tərəfindən nə vaxtsa tikilib, bitib, istismara qəbul aktı alıb. Bundan sonra tikinti şirkətinin funksiyası bitir. Binanın tikintisini aparan MTK-lar, tikinti başa çatdıqdan bir neçə ay sonra ləğv edilməli, bina sakinləri öz birliklərini qanunverciliklə müəyyən olunmuş qaydada – Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar. Binanın tikinti, icazə, memarlıqla bağlı sənədləri sakinlərə verilməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, hər binada zəlzələ olacağı halda təhlükəsiz nöqtələr var. Vətəndaşlar bununla bağlı məlumatlandırılmalıdırlar: “Təhlükəsizlik nöqtələrini bilmək üçün inşaat planlarına baxmaq lazımdır. Bu planlarda hər mənzildə daşıyıcı divarların haradan keçməsi ilə bağlı məlumatlar var. Vətəndaşlar zəlzələ olduğu halda daşıyıcı divarların yerini bilməli və orada dayanmalıdırlar. Hər binanın konstruksiyasına uyğun bu divarlar fərqli yerlərdə olur. Tikinti şirkətləri bunu mütləq öz sakinlərinə təqdim etməlidirlər”.

 

Əgər çıxarış hələ yoxdursa…

MTK-lardan sənəd tələb edən sakinlər çıxarışları (“kupça”) olmadığı üçün onlara belə məlumatların verilməyəcəyini düşünürlər. Mütəxəssis vurğulayır ki, hər iki halda istehlakçının sənəd tələb etmək hüququ var: “Binada çıxarış varsa, bina istismara qəbuldan keçmiş hesab olunur. Deməli, Fövqəladə Hallar Nazirliyindən müvafiq sənədlər alınıb və dövlət bunun təhlükəsizliyini qəbul edib. Əgər çıxarış hələ verilməyibsə, istismara qəbul prosesi davam edirsə, yaxud bina hələ təzə inşa olunub vətəndaşlar binaya köçməyiblərsə, təbii ki, onlar da o sənədləri tələb edə bilərlər. Onlara da daşıyıcı divarların harada olması haqqında məlumat verməlidirlər”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir