abortlar

Həllini tapmayan abort problemi

Baxış sayı: 440

Abortların leqallaşmasının tərəfdarı deyiləm, düşünürəm ki, bu, daha böyük fəsadlara səbəb ola bilər.

Bunu millət vəkili Kamilə Əliyeva abortun qanunla leqallaşdırılması barədə söhbətləri şərh edərkən bildirdi.

Deputat qeyd edir ki, ümumiyyətlə, mentalitetimizi digər Avropa ölkələri ilə müqayisə edib bəzi qanunlarımızı da onlarınkına uyğunlaşdıra bilmərik.

“Azərbaycanda ailə müqəddəsdir, övlada münasibət başqadır. Böyük ailə dəyərlərimiz var. Səbəb olmadan abortların baş verməsi cinayətdir, bu, dölün dünyaya gəlməsi hüququnun pozulmasıdır”, – deputat deyib.

Selektiv abortlardan danışan K.Əliyeva qeyd edib ki, kütləvi hal almasa da, bəzi klinikalar cinsi ayrı-seçkiliyə yol verən valideynin istəyinə görə abortu həyata keçirilər.

“Bu qanun pozuntusu və cinayətdir. Belə hallar baş verirsə, mütləq araşdırılmalı və cəzalar verilməlidir. Nəinki selektiv abortlar, eyni zamanda da cinsiyyətin öncədən açıqlanması da qanun pozuntusudur”, – o, deyib.

Millət vəkilinin fikrincə, belə halların baş verməməsi üçün ictimai qınaq olmalıdır və bu, nəzarətin ən effektiv üsuludur: “Çünki bu gün bir sıra inkişaf etmiş ölkələrdə qanun pozuntularının qarşısı məhz ictimai qınaqla alınır”.

O hesab edir ki, bu istiqamətdə hansısa qanunvericiliyin sərtləşməsinə ehtiyca yoxdur. Sadəcə olaraq, nəzarət mexanizmini gücləndirmək lazımdır: “Elə məsələlər var ki, qanunu sərtləşdirməklə də nəyəsə nail olmaq mümkün deyil”.

abort

 

ÜST nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər 10 arzuolunmaz hamiləlikdən 6-sı abortla nəticələnir. Abortların 45 faizi təhlükəlidir və belə abortların təxminən 97 faizi inkişaf etmiş ölkələrdə qeydə alınır.

ÜST-ün məlumatına görə illik olaraq dünyada təxminən 73 milyon abort qeydə alınır. İl ərzində 4.7–13.2% ana ölümünün səbəbi məhz təhlükəli abortlarla bağlıdır. İnkişaf etmiş ölkələr üçün isə bu o deməkdir ki, hər 100 min təhlükəli abort 30 qadının ölümü ilə nəticələnir. Daha çox inkişaf edən ölkələrdə 100 minə görə bu rəqəmlər 220-yə qalxır.

abort

Dünyadakı mənzərə necədir?

“Zmescience”də dərc olunan elmi və tədqiqat materiallarına görə, bu gün dünyanın bəzi ölkələri abortu leqallaşdırır.

Abortu leqallaşdıran ölkələrdə isə belə hesab edilir ki, abort qadağan olunarsa, cəmiyyət üçün daha böyük təhlükə yarana bilər. Qadağalar insanları daha təhlükəli üsullardan yararlanmağa vadar edəcək.

Bəzi araşdırmalara görə abortla bağlı qadağalar qüvvəyə mindikdən sonra rəqəmlərdə azalma olmayıb. Əksinə, abortun qadağan olunduğu ölkələrdə digərləri ilə müqayisədə rəqəmlər daha yüksəkdir.

Abortun qadağan olunduğu ölkələrdə qadınların səsləndirdiyi şüarlarda da bu nüans xüsusi olaraq qeyd edilir. Qadınlar deyirlər ki, bu addımla əslində dövlətlər abortu deyil, təhlükəsiz həyatı, bu prosesi daha təhlükəsiz icra etməyi qadağan edirlər.

“Zmescience” Ümüdünya Səhiyyə Təşkilatının məlumatına isitnadən qeyd edir ki, il ərzində təxminən 23 min qadın abortun qadağan olunduğu ölkələrdə müxtəlif yollarla döldən xilas olarkən dünyasını dəyişib. On minlərlə qadın isə bu prosesdən sonra müxtəlif tibbi fəsadlarla qarşılaşıb.

Araşdırmalar göstərir ki, qadınlar bir çox hallarda təhsillərini davam etdirmək, uğurlu karyera qurmaq və digər övladlarına daha çox zaman ayırmaq üçün aborta üstünlük verirlər.

Bundan başqa, abortlara icazə verməklə bir çox ölkələr həmçinin erkən yaşda hamiləliklərin, məsuliyyətin yetərincə dərk edilmədiyi bir dövrdə ana olmanın qarşısını alırlar. Bununla da qızlara təhsillərini davam etməyə imkanlar yaradılır. Bu səbəbdən də bəzi ekspertlər düşünür ki, abortla bağlı qadağalar və məhdudiyyətlərin olması özü belə təhlükəlidir.

Bir sıra ölkələrdə abort tamamilə qadağan olunsa da, bəzi ölkələrdə müəyyən istisnalar var. Ana, yaxud da döllə bağlı ciddi narahatlıqlar olarsa, bu zaman hamiləlik tibbi göstərişə əsasən dayandırılır. Bəzi ölkələrdə yalnız 12 həftəyədək abora icazə verilsə də, bəzi ölkələrdə bu müddət 16 həftədir.

Cəzalara gəldikdə, bəzi ölkələrdə aborta görə 50 illik həbs nəzərdə tutulur. Bir çox ölkələr döllə ana hüquqlarının bərabər olduğunu nəzərə alaraq, əsassız, tibbi göstərişi olmayan abortları qadağan edirlər. Belə ölkələrdə, məsələn, İrlandiyada beyin xərçəngindən dünyasını dəyişən qadının ailəsinin istəyinə zidd olaraq, dölü xilas etmək üçün o, 4 həftə aparata qoşulu saxlanılıb ki, körpənin həyatı xilas edilsin. Çünki belə ölkələrdə ana ilə dölün hüquqları bərabər tanınır.

abort

ABŞ-da abort yenidən qadağan edilir

ABŞ-da isə abort yenidən qadağan olunur. Belə ki, ABŞ Ali Məhkəməsi tərəfindən 1973-cü ildə qəbul olunan abortla bağlı “Roe Wade” qərarı ləğv edilib. Bununla da artıq bir sıra şəhərlərdə abort qeyri-leqal hesab edilir.

Bu qərardan sonrakı nəticələrə gəldikdə isə, araşdırmalar göstərir ki, abortun qadağan olunması ilə ana ölümlərinin sayında 21 faiz artım olub: Bunun da səbəbi dünyasını dəyişən qadınlarda hamiləliyin riskli olmasıdır.

Reproduktiv sağlamlıq üzrə 550-yə yaxın mütəxəssisin imzaladığı və Ali Məhkəməyə təqdim etdiyi ərizəyə görə, abortun qadağan edilməsi həm ana, həm də dölün ölüm nisbətlərini daha da artıra bilər.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir