“Valideynlərimizdən xəbərsiz 20 yaşımda rəsmi nikah kəsdirdik” – MÜSAHİBƏ

Baxış sayı: 1. 752

Gəncliyində çox cəsarətli olub. O qədər cəsarətli ki, 20 yaşında evdəkilərin xəbəri olmadan gələcək həyat yoldaşı Rafiq Seyidzadə ilə ZAQS-a (VVADQ – Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı) gedib, rəsmi nikah kəsdirib. Bundan sonra həyat yoldaşı ilə birgə valideynlərinin qarşısına çıxıb. Rəsmi nikahdan sonra qarşı tərəfin adamları xonça ilə nişan gətirib, toy ediblər.

Müsahibimiz məlahətli səsi ilə ürəklərə yol tapan xalq artisti Natavan Şeyxovadır. Onun uşaqlıq, məktəb, tələbəlik illərinə birlikdə nəzər salaq…

“Həyətdə uşaqlar üçün tamaşa qurardıq”

Natəvan Şeyxova 1945-ci ildə Bakıda dünyaya göz açıb. Ailədə 4 uşağın üçüncüsü olub: “Bizim ailədə demək olar, hamı incəsənətlə məşğul idi. Atam Şüa Şeyxov Moskvada məşhur rejissor Meyer Holdun tələbəsi olub. Moskvada Kinematoqrafiya İnstitutunda təhsil alan böyük qardaşım kino-operator, Leninqradda təhsil alan kiçik qardaşım kino mühəndisi, Bakıda təhsil alan bacım isə filoloq idi. Anamın gözəl səsi var idi. Həmişə evdə zümzümə edərdi. Ancaq evdar qadın idi, uşaqlarına baxırdı. Hətta SSRİ xalq artisti, opera müğənnisi Şövkət Məmmədova bir neçə dəfə atama təklif etmişdi ki, anamı onun yanına aparsın, ona oxumağı öyrətsin. Amma anam utancaq olduğuna görə getmədi”.

Uşaqlığı indiki Səməd Vurğun bağının yerində olan 4 mərtəbəli binada keçib. Evdə onu Tata deyə çağırarmışlar: “Həyətdə uşaqlarla tamaşa qurardıq. Mən artist idim, yaxşı oxuyub-oynayardım. Oynayıb-oxuduğuma görə bir dəfə atam məni Xoreoqrafiya Məktəbinin direktoru Qəmər Almaszadənin yanına apardı. O, bədən quruluşuma baxıb məni məktəbə qəbul etdi. Üç il orta məktəbdə oxumaqla yanaşı, Xoreoqrafiya Məktəbinə də getdim. Oxuduğum müddətdə səhnəyə çıxır, müxtəlif teatrların tamaşalarında uşaqlar lazım olanda, çıxış edirdik. Üç ildən sonra Qəmər xanım atama məndən prima-balerina çıxmayacağını, yalnız kardabaletdə oynaya biləcəyimi dedi. Atam razı olmadı. Düşünürdü ki, olduğum sahədə seçilməliyəm”.

“Ailə qurandan sonra da yuxuda riyaziyyat müəllimimizi görürdüm”

Orta məktəbdə humanitar fənlərə marağı olub: “Amma riyaziyyatdan “3” alırdım. Orta məktəbi bitirdim, institutda oxudum, ana oldum, yenə yuxuda riyaziyyat dərsini, müəllimini görürdüm. Riyaziyyat müəllimimiz İqor Dmitriyeviç məni lövhəyə çağırırdı, mən də yaza bilməyəcəyimi düşünür, həyəcan keçirirdim”.

Orta məktəb illərində yaradıcılığa çox meyl etdiyini deyən müsahibimiz Pioner Evində dramdan özfəaliyyət dərnəyinə də gedib. Səsi olduğuna görə məktəbdəki bütün tədbirlərdə oxusa da, kinoaktyor olmaq arzusu ilə yaşayıb: “Atam məni balaca vaxtı həmişə kinostudiyaya aparırdı. Aktyorlar, rejissorlar məni tanıyırdılar. 13 yaşımda rejissor Əjdər İbrahimov məni “Onun böyük ürəyi” filmində Lalə roluna çəkdi. Leyla Bədirbəyli, Gündüz Abbasov, Salman Dadaşov, Nodar Şaşıqoğlu, Münəvvər Kələntərli də sözügedən filmdə oynayırdılar. Bu filmdən sonra kinoaktyor olmağı qarşıma məqsəd qoydum. Özü də Moskvada təhsil almaq istəyirdim. Çünki qardaşım Moskvada Kinematoqrafiya İnstitutunda oxuyurdu. Atam Moskvada təhsil almaq istədiyimi bilirdi, amma qız uşağını təkcə Moskvaya buraxmaq istəmirdi. Buna görə məni Konservatoriyaya apardı ki, Rauf Atakişiyev səsimə qulaq assın. Yayda imtahan vaxtı idi. Rauf Atakişiyev səsimi yoxladı və bizi imtahan zalına göndərdi ki, komissiya bir daha səsimi yoxlasın. Səsimi yoxladılar və iki il Konservatoriyada hazırlıq kursuna götürdülər, çünki notları bilmirdim. Hazırlıq kursundan sonra birbaşa birinci kursa qəbul oldum. O vaxt oxumağa maraq böyük idi. Bir dənə dərsi belə buraxmırdıq. Amma indiki gənclər belə deyil, bəzən oturub uşaqları gözləyirik, dərsə gəlmirlər, yaxud gecikirlər. Bizim vaxtımızda müəllimə hörmət var idi. Ağlımıza gəlməzdi ki, müəllim oturub dərsdə bizi gözləsin, biz də getməyək”.

Boş vaxtlarında indiki gənclər kimi kafeyə, restorana getməyə gəlincə, N.Şeyxova deyir ki, belə bir şey mümkün deyildi: “Yalnız “Torqovıy”dakı Fantanlar bağında “Nərgiz” kafesinə getməyə icazə verərdilər. Bu kafedə südlü kokteyl, cürbəcür siroplar olurdu. Amma valideynləri olmadan qızlar başqa hansısa restorana, kafeyə gedə bilməzdi”.

“Rafiq deyir ki, sən onun həyat yoldaşı olacaqsan”

N.Şeyxova evlilik tarixçəsini də bizimlə bölüşdü: “Üçüncü kursda oxuyurdum. Görkəmli bəstəkar, Azərbaycan Dövlət Estrada Orkestrinin bədii rəhbəri Rauf Hacıyevlə eyni həyətdə yaşayırdıq. Atamla yaxın dost idi. Oqtay Ağayev, “Qaya” ansamblı, Elmira Rəhimova, Mirzə Babayev bu orkestrdə oxuyurdu. Rauf Hacıyev atama demişdi ki, “Natəvan gəlsin, ona qulaq asım””.

Beləliklə, səsi bəyənilən N.Şeyxova Azərbaycan Dövlət Estrada Orkestrində işə başlayır: “Məndən iki kurs yuxarıda oxuyan Zaur Nurullayev də sözügedən orkestrdə işləyirdi. Orkestrdə ifa edənlərin əksəriyyəti cavan oğlanlar idi. Direktor məni orkestrə təqdim etdi və bundan sonra onlarla işləyəcəyimi bildirdi. Bir az keçmişdi, Zaur mənə yaxınlaşdı və əli ilə birinci sırada oturan saksafonçulardan birini göstərib bildirdi ki, “Rafiq deyir ki, sən onun həyat yoldaşı olacaqsan”. Deməyə söz tapmadım, mat-məəttəl baxdım”.

Yayda Baltikyanı ölkələrə qastrol səfərləri olur. Valideynləri Zaurun kafedra müdiri olan atasını tanıdığından qızlarını Zaura tapşırırlar: “Valideynlərim məni Zaura bərk-bərk tapşırdılar ki, gözü üstümdə olsun. Gələcək həyat yoldaşım Rafiq Zaurla yaxın olduğuna görə biz qastrol səfərində bir yerdə gəzirdik. Rafiq tez-tez mənə gül hədiyyə edir, xüsusi diqqət göstərirdi. Bundan xoşum gəlməyə bilməzdi. Hətta orada Rafiqə Bakıya qayıdanda onunla ailə quracağıma söz verdim. O vaxt 20 yaşım var idi. Bakıya gəldik. Kimsə qardaşıma və anama Rafiqin məni istədiyi xəbərini çatdırdı. Artıq məni növbəti qastrol səfərinə buraxmadılar. Rafiq bildi ki, məni 5-10 gündən sonra baş tutacaq qastrol səfərinə qoymayacaqlar. O, qorxurdu ki, qastrol səfərinə gedəndə ya mən başqası ilə ailə quraram, ya da artıq onu istəmərəm. Yay idi, evimizə zəng gəldi ki, orkestrin direktoru məni çağırır. Gedəndə gördüm ki, Rafiqlə Zaur Filarmoniyanın qarşısında dayanıblar. Rafiq səfərdən qayıdandan sonra onunla rəsmi nikah kəsdirəcəyimə söz verdiyimi xatırlatdı. Mən də dedim ki, söz vermişəmsə, gedək. Demə, Zaurla Rafiq hər şeyi hazır etmişdilər, mənə yalnız qol çəkmək qalırdı. Hətta soyadımı da dəyişməyə razı oldum. İndi şəxsiyyət vəsiqəsində mənim soyadım Seyidzadədir. ZAQS-dan çıxanda nə etdiyimi başa düşdüm. Ağlamağa başladım və evə getməyə qorxduğumu dedim. Zaurgilə getdik. Zaurun anası da etdiyimiz hərəkətə məəttəl qalmışdı. Sonradan Opera və Balet Teatrının baş rejissoru olan Əli Yusifov tələbə vaxtı Zaurgildə qalırdı. O, bizim evimizə zəng etdi. Dəstəyi anam götürdü. Əli bildirdi ki, Rafiqlə Natəvan ailə həyatı qurublar. Anam şok keçirib dəstəyi yerinə asdı. Əli yenidən yığanda dəstəyi qardaşım götürdü. O, hər şeyi qardaşıma danışdı və evə gəlməyə qorxduğumu bildirdi. Qardaşım dedi ki, “nədən qorxurlar, gəlsinlər, artıq olan olub”. Bütün orkestr yığışıb axşam bizə getdik. Atam da heç nə bilmir, Rafiqi tanımırdı. Rafiq bizə gedəndə əsirdi. Atam Rafiqdən valideynlərinin olub-olmadığını soruşdu. O, ZAQS kağızını atamın qarşısına qoydu. Atam bildirdi ki, “kağız-mağız mənim üçün önəmli deyil, valideynlərin gəlsinlər, danışaq”. Rafiq bizdən çıxanda qorxa-qorxa atama tapşırdı ki, məni döyməsin. Atam sonralar bunu danışıb gülürdü. Onun da valideynləri heç nə bilmirdi. Sabahı gün xonça ilə bizə gəldilər. Valideynlər gələndən sonra qərara aldılar ki, biz qastrol səfərinə gedək, qastroldan qayıdandan sonra toy etsinlər. Elə də oldu. 2016-cı ilin yanvarın 28-də toyumuzun 50 illiyi olacaq”.

“Heç bir kişi kobud, evdə qışqıra-qışqıra danışan qadını sevmir”

Qeyd edək ki, N.Şeyxova hələ də gənclik təravətini, gözəlliyini saxlayıb. Bunun da sirrini bizimlə bölüşdü, xanımlarımıza məsləhətlərini verdi: “Kosmetoloqa getmirəm. Üzümə özüm qulluq edirəm. Hər səhər duranda işə getsəm də, getməsəm də, saçlarımı səliqəyə salıram, bir az makiyaj edirəm. Heç vaxt evdə xalatla gəzmirəm. Anam da belə idi. Mənimlə bacıma da məsləhət görürdü ki, heç vaxt evdə xalatla gəzməyək. Həyat yoldaşımızın bundan xoşu gəlməyəcəyini bildirirdi. Deyirdi ki, özümüzü xanım kimi aparaq, uşaqların üstünə qışqırmayaq, ağır söz deməyək, evin hüzurunu qoruyaq. Yoldaşım da məni seçəndə bu xüsusiyyətlərimi nəzərə alıb. Ümumiyyətlə, heç bir kişi kobud, evdə qışqıra-qışqıra danışan, uşaqlarını acılayan qadını sevmir. Qızlarımız bunu nəzərə almalıdırlar”.

“Kaspi.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir