oyuncaqlar

Anti-stress oyuncaqlar faydalı yoxsa zərərlidir? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 1. 424

Son zamanlar uşaqlar arasında yeni, anti-stress oyuncaqlara maraq artıb.  Daha çox internet resurslarında reklam edilən bu spinnerlərin satış qiyməti ölçüsündən, formasından, materialından asılı olaraq dəyişir. Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stressə qarşı müəyyən qədər xeyirli hesab etsə də, mütəxəssislər başqa fikirdədirlər. Bu çarxlarının həqiqətən stressə qarşı bir faydasının və ümumiyyətlə, ziyanın olub-olmadığını öyrənməyə çalışdıq.

 

Bəs növbəti stresslərdə nə edəcəyik?

 

Psixoloq Narınc Rüstəmova deyir ki, hər bir əşyanın istifadə qaydası var. İlk olaraq valideyn bilməlidir ki, hər yaşın öz oyuncağı var: “Uşaq istəyir deyə, onun yaşına aid olmayan oyuncağı almaq düzgün deyil. 5 yaşına qədər olan uşaqları ziyanlı ola biləcək əşyalardan  xüsusilə qorumaq lazımdır. Ümumiyyətlə, bu yaşdakı uşaqlarda qavrama tam formalaşmadığına görə, onlarda əşyaları bölməyə, dadına baxmağa, yandırmağa maraq böyük olur. O, özü nəyisə araşdırmağa, öyrənməyə çalışır. Və bu maraq da uşaqların sağlamlığı üçün müəyyən qədər təhlükə daşıyır. Bunun üçün də valideynlər uşağın əlinə oyuncaq verərkən,  maksimum dərəcədə diqqətli və ehtiyatlı olmalıdırlar.  Uşaqda niyə stress yaranır? Əsas məsələ budur. Tutaq ki, bu gün bu stress çarxını verdik, uşağın stressi çıxdı. Bəs növbəti stresslərdə nə edəcəyik? Davamlı şəkildə uşağı bir stress çarxından asılı etmək olarmı? Bu suallarının cavabını araşdırıb məsələni kökündən həll etmək lazımdır. Bu çarxlar müvəqqəti çıxış yoludur. Uşaqla bağlı ailədə nə isə problem olarsa və ya sosial ünsiyyət zamanı stress yarana bilər. Valideyn bir tərəfdən evdə uşağa qarşı stress yaradır, digər tərəfdən stress çarxını alır. Bu, qətiyyən düzgün deyil.  Məsələni peşəkar psixoloqla məsləhətləşərək həll etmək lazımdır. Çünki uşaq həm məktəb həyatında, həm də yaşıdları ilə ünsiyyətdə olduğu zaman və ya evdə şahidi olduğu hər hansısa bir hadisədən stress yaşaya bilər. Yəni bu prosesin baş verməsi normal haldır. İnsan böyüdükcə, ətrafı və ünsiyyət qurduğu insanlar çoxaldıqca, stress yaşama səbəbləri çoxalır.  Uşağın nə isə bir problemi varsa, bunu ana-ata olaraq araşdırmalı, bu məqamda ona kömək etməlidirlər.  Psixoloqun yardımı ilə bu iş daha asan ərsəyə gələr”.

  1. Rüstəmova qeyd edir ki, ən gözəl vasitə su və qumdur: “Uşağın su və qumla təmas qurması,  onun stress atmasına əhəmiyyətli və faydalı təsir göstərir. Suda və qumda olan ionlar passiv uşağı aktivləşdirir və ya aktiv uşağı passivləşdirir.  Yaxşı olardı ki, valideyn nəzarəti altında elə uşaqlar su və qumla oynayaraq stresslərini atsınlar.  Xüsusilə də yay fəsli gəlir,  dəniz qırağına gedərək, uşaqlarla birlikdə əylənib vaxt keçirmək ən gözəl terapiya üsuludur.  Valideynlər çox zaman uşaqlarının oynamamasından şikayət edirlər. Soruşan zaman aydın olur ki, valideyn sadəcə, oyuncaqları uşağın qarşısına töküb, gedir öz işinin arxasınca. Amma bu, düzgün deyil. Gərək valideyn uşağa vaxt ayırsın, onunla birgə oyunlar oynasın”.

 

Bu, uşağa nə verir?   

 

“Tuva” uşaq və yeniyetmələrin psixologiya mərkəzinin rəhbəri Vəfa  Rəşidova hesab edir ki, valideyn  övladına hər hansısa bir oyuncağı və ya əşyanı alanda, onun məntiqi əsasını düşünməlidir və özünə “mən bunu nə üçün alıram” sualını verməlidir: “Yəni buradakı söhbət həmin oyuncağın ziyanından və ya faydasından getmir. Məsələ budur ki,  bu, uşağa nə verir?  Bu aludəçilik istər kiçik, istərsə də müəyyən qədər yaşı olan bir uşağa nə öyrədir? Əsas olan bu sualların cavabıdır.   Bundan əlavə, valideyn öncə özünə sual verməlidir ki, mənim uşağım niyə stressdədir? Və bir oyuncaq mənim uşağıma nə dərəcədə kömək edə bilər?  Əgər bir oyuncaqla həqiqətən stress atılsaydı, onda böyük-kiçik, hamı əlində o oyuncaqlarla gəzərdi.  Çünki indiki dövrdə elə həyatımızın yarı hissəsini stress təşkil edir.  Valideyn də uşağa nəyisə alarkən onu araşdırmalıdır, öyrənməlidir ki, bunun uşağa nə kimi faydası və ya ziyanı var. Uşağın istiqamətlənməsində valideynin rolu böyükdür”.

Müsahibimizdən uşağın stressini atması üçün başqa hansı vasitələrdən istifadə etmək lazım olduğunu soruşduq.  V. Rəşidova düşünür ki,  ilk olaraq uşağa stress yaşatmamaq lazımdır: “Nəzərə almalıyıq ki, uşaqlar böyüklərə nisbətən stressə davamsız olurlar. Əgər uşaqlar stress yaşayırsa, bunun ilk növbədə səbəbi  ailə daxili münasibətlərdir. Stress çarxlarındansa, valideyn uşağının başqa bir üsulla stressdən azad olmasına kömək etməlidir.  Onu üzgüçülük məktəbinə yazdıra, eyni zamanda  təbiət qoynuna gedə bilərlər.  Ən təsirli vasitə kimi isə qum terapiyasını məsləhət görərdim.  Hətta deyərdim ki, ən effektli və psixoloqlar tərəfindən sınanmış üsuldur.  Bu qum bildiyimiz qumdan deyil.  Bu sırf terapiyada istifadə olunan,  tərkibində heç bir ziyanlı maddə olmayan qumdur. Ona görə də,  rahatlıqla istifadə etmək olar.  Həmçinin qum uşağın beyin yarımkürələrinin də inkişafına böyük təsir göstərir. Uşağı rəsm çəkməyə yönəldə bilərlər. Bu da stress atmağın əhəmiyyətli üsullarından biridir”.

 

Bunun da bir zamanı gələcək və yaddan çıxacaq

 

Məsələ ilə bağlı  valideyn Sərxan Rüstəmovun da münasibətini öyrəndik.  Sərxan Rüstəmov  bildirir ki, bu məqamda valideynlərin üzərinə böyük məsuliyyət düşür: “Öncə valideyn uşağına nəzarət etməli və onun qayğısına qalmalıdır ki, o, stressə düşməsin.  Lap düşübsə belə, bunu həll etmək üçün peşəkar psixoloqdan yardım almaq lazımdır. Çünki uşaq psixologiyasına hər adam bələd ola bilməz. Bunun üçün məsələni dərindən araşdırıb, həlli yolunu tapmaq lazımdır. Uşağa oyuncaq alarkən onun yaş qrupuna, oyuncağın hər bir detalına diqqət etmək vacibdir.  Yəni mən düşünmürəm ki, bu çarxların uşağa nə isə bir faydası olsun.  Deyərdim ki, bu, sadəcə olaraq dəbdir. Yəni dəb düşüb deyə, indiki uşaqlar bir-birinin əlində görür və həmin oyuncağı istəyir. Bir ara yadımdadır ki, “Pokemon go” oyunu vardı, hər kəs onunla maraqlanırdı. Bir müddət dəb oldu, sonra unuduldu. Düşünürəm ki, bu da onun kimi bir şeydir. Bunun da bir zamanı gələcək və yaddan çıxacaq. Mən övladıma şəxsən belə oyuncaqlar almaram. Çalışaram onu başqa bir sahəyə istiqamətləndirim. Onun stressini daha maraqlı və faydalı bir üsulla atmasına kömək edim”. (Kaspi.az)