“Gencaile.az” saytı “Həkim”im rubrikasında plastik və estetik cərrahiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayevin müsahibəsini təqdim edir.
– Mirsaleh həkim, Azərbaycan Tibb Universitetinin Tədris-Cərahiyyə Klinikasında yeni plastik-estetik cərrahiyyə şöbəsi açmısınız. Bu, hansı zərurətdən doğdu, müraciət edənlər çox idi, yoxsa…?
– Bilirsiniz, Azərbaycanda hələ plastik estetik cərrahiyyənin tam ixtisaslaşmadığına görə, ümumi cərrahlar ixtisasartırma kursları keçib, burada əməliyyat edirdilər. Və yaxud da burada universiteti bitirib, xarici ölkələrdə uzmanlıq, ya da ixtisasa yiyələnib gəlirdilər. Bizdə universitet xəstəxanası olduğuna görə, cərrahiyyə şöbələrimiz kafedralar üzrə bölünüb. Bu şöbələrdə də əməliyyatı öyrənib gələn cərrahlarımız müxtəlif estetik, plastik cərrahiyyə əməliyyatları həyata keçirirdilər. Amma bizim tam ixtisaslaşmış bir şöbəmiz yox idi. Son zamanlar baxdıq ki, məsələn, ümumi cərrahi xəstələrlə estetik əməliyyata gələn xəstələrin bir yerdə olması uyğun gəlmir. Həm psixoloji baxımdan, həm infeksiya, sarğı və sair səbəblərdən. Rəhbərliyin qərarı ilə, bizim də istəyimiz nəzərə alınaraq, belə bir şöbə formalaşdırdıq. Artıq şöbəmizdə tam ixtisaslaşmış plastik, estetik, rekonstruktiv cərrahiyyə əməliyyatları həyata keçirilir. Burada tibb bacıları, köməkçilər, otaqlar, şöbələrin dizaynı sırf plastik-estetik cərrahiyyəyə uyğundur. Hazırda üç dənə ikili, üç dənə təkli, bir dənə VİP palatamız fəaliyyət göstərir. Pasientlər müraciət edir, əməliyyatlarımız çox sıxdır.
– Əsasən hansı növ plastik-estetik cərrahiyyə üçün daha çox müraciət edirlər?
– Müraciətlər yaşa, cinsə görə dəyişir. Məsələn, kişi pasientlərimiz ginekomastiya – döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir. Bu xəstəlik kişilərdə hormonal pozuqluq nəticəsində süd vəzilərinin böyük olmasıdır. Yeniyetməlikdən sonra sinə böyük qalır və biz bunu ləğv edirik. İdmanla məşğul olsa da, yağlarını əridə bilməyən kişilər liposaksiya üçün müraciət edirlər. Əsasən də qarın bölgəsindəki piylərin əridilməsi üçün daha çox müraciət olunur. Son zamanlar bir neçə kişi pasientimizə üst-alt göz qapağı əməliyyatı da keçirmişik. Bir də kişilərdə şəlpəqulaq əməliyyatını həyata keçirmişik. O cümlədən gənc xanımlarımız burun əməliyyatı üçün daha çox müraciət edirlər. Ana olan qadınlarda aqumentasyon mamoplastika – sallaq süd vəzilərinin dikləşdirilməsi əməliyyatını icra edirik. Bir az orta yaş və üstü xanımlarda 3-cü, 4-cü dərəcəli mastopitozlar olur, yəni süd vəzilərinin həddindən artıq böyük və sallanmış olması. Bunun kiçildilməsini həyata keçiririk, buna reduksiyon mamoplastika deyirik. Orta yaşdan yuxarı, bir az yaşlı qadınlarda üz gərmə əməliyyatı, göz qapaqlarının bleforaplastikasını həyata keçiririk. Bununla yanaşı, gənc xanımlarımızda süd vəzilərinin kiçik olması ilə bağlı kompleks yaranır. Biz onlara implant vasitəsilə sinələrin böyüdülməsi əməliyyatı edirik. Qadınlarda bir neçə doğuşdan sonra qarın düz əzələ yatağının diastazı olur, eyni zamanda “fartuk” əmələ gəlir. Onu da abdominoplastika əməliyyatı, yaxud da liposaksiya ilə ləğv edirik. Klinikada balefrik cərrahiyyə icra olunur, yəni arıqlatma cərrahiyyəsi. Kök adamlar mədə kiçiltmə əməliyyatı etdirir, ondan sonra həmin pasientlər kəskin arıqlayır. Bu zaman bədənin müxtəlif yerlərində dəri sallanmaları olur. Qol altında, qarın nahiyəsində və sair bunları gərməklə artıq dəri hissələrinin götürülməsini həyata keçiririk.
Bizimlə bərabər şöbədə İtaliyadan gəlmiş əcnəbi mütəxəssis də çalışır. O, burun və üz çənə nahiyəsində olan əməliyyatları həyata keçirir. Çənələrin irəli, geri olması, dovşandodaqlıq, qurdağızlıq, burun deformasiyaları, çəpər əyriliyi və sair.
– Deyirsiniz ki, xaricdən həkim dəvət etmisiniz. Bu, klinikanın prestiji üçündür yoxsa, yerli mütəxəssislər yetərincə peşəkar deyil?
– Xeyr, bu, prestij üçün deyil. Əcnəbi həkim gəlib Azərbaycanda işləmək istəyib və iş yeri üçün bizə müraciət edib. Bizim bacarıqlı həkimlərimiz olduğu üçün başqa ölkələrdən həkim dəvət etməyə o qədər də lüzum görmürük. Qonaq kimi dəvət edirik, Türkiyədən, İtaliyadan, Rusiyadan gəlirlər, onların təcrübəsindən faydalanırıq, konfranslar, seminarlar olur. Onlar da bizim təcrübəmizlə tanış olur. Hazırda bizim səhiyyəmiz demək olar ki, dünya səhiyyəsindən heç də geri qalmır. Artıq pasientlərimizin də xarici ölkələrə getməsi bir az dayanıb. Üstəlik, xaricdən bizə müraciət edən pasientlərin sayı da artır.
– Maraqlıdır, hansı ölkələrdən müraciət ediblər?
– Məsələn, ərəb ölkələrindən müraciətlər var. Bu yaxınlarda Norveçdən bir pasientimiz gəldi, onun göz qapaqlarında əməliyyat etdik, getdi. Ərəblərdən isə ən çox kişiləri piylənmə, qarın sallanması, qol sallanması, abdominoplastika və liposaksiya üçün müraciət edirlər.
– Bir müddət əvvəl qadınlar arasında kütləvi şəkildə dodaqlara gel vurdurma dəb halını almışdı. Hətta geli vurduran bütün qadınların dodağı bir-birinə bənzəyirdi. Amma indi elə bil ki, tərsinə olub və hər kəs dodaqlara vurulan gelləri çıxartdırmaq istəyir…
– Demək olar ki, indi də bunu edirlər, amma geli vurdurandan sonra peşman olub qayıdıb çıxartdırırlar. Həmin gelləri dodağa vurandan bir müddət sonra o gellərin lokal toplanması olur, yumru vəz şəklində. Buna görə də çıxartdırırlar.
– Dediyiniz, göz qapaqları əməliyyatları icra edirsiniz. Ola bilərmi əməliyyatdan sonra gözün yumulmasında, yaxud görmədə hansısa problem olsun?
– Əlbəttə ki, hər bir əməliyyatın fəsadı və ağırlaşmaları olur. Sizin dediyiniz kimi, göz qırpılmasında çətinliyin olması da bu fəsadlardan biridir. Artıq dəri korreksiyası götürülərsə, yanlış əməliyyat icra olunarsa, bəli, göz yummada problem əmələ gələ bilər. Amma burada bəlli bir ölçülər var və icra olunan standartlara uyğun olaraq bunu həyata keçiririk. Blefaroplastika əməliyyatları zamanı xəstələri oftalmoloq konsultasiyasına göndəririk. Tutaq ki, gözdə zəiflik var. Oftalmoloq əks göstəriş verirsə, biz əməliyyat etmirik. Amma praktik olaraq əməliyyat zamanı xəstələrin görməsinə problem yaradacaq bir şey etmirik.
Əməliyyatdan sonra bir həftə ərzində göz qapaqlarında göyərmə, şişkinlik ola bilər. Buna baxmayaraq, əməliyyatın tam nəticəsini dəyərləndirmək 4-6 həftə ərzində mümkündür. Çünki yumşaq toxumalardır və yumşaq toxumalarda ödəmin çəkilməsi, tam sorulması 4-6 həftəyə qədər çəkir. Amma pasientlər 1 həftədən sonra tam ictimai həyatlarına qayıda, makiyajdan istifadə edə bilirlər.
– Erkən dəri qırışması, xüsusilə də göz altı dərinin qırışması problemi olanlar çoxdur. Sadalanan problemlərlə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?
– Bunun üçün ən əsas günəş şüasından qorunmaq lazımdır. Bildirim ki, göz ətrafı sallanmalar genetik mənşəli olur, ya da ağır stressli işdən, yorğunluqdan, bir də daha çox əsəb, stress keçirən insanlarda rast gəlinir. Ona görə çalışmalıdırlar ki, əsəblərini qorusunlar, ağır fiziki işlərə meyl etməsinlər. Çox yüklənməsinlər, istirahətə də zaman ayırsınlar. Məsələn, saatlarla kompüter qarşısında oturmaq, başıaşağı iş görmək göz ətrafında şişkinliklərə, torbalanmalara səbəb ola bilir. Genetik olduqda isə əməliyyat qaçınılmazdır…
– Hazırda dünyada xərçəng bir bəlaya çevrilib. Qadınlar arasında isə döş xərçəngi həddindən çox yayılıb. Bəs qadınlarda süd vəzilərində aparılan bu əməliyyatlar hansısa fəsadlara, ya elə xərçəngin yaranmasına təkan verə bilərmi?
– İmplant süd vəzisinin və böyük döş əzələsinin altına qoyulur. Adətən biz bunu böyük döş əzələsinin altına qoyduğumuz üçün süd vəzisinə bir zərər toxunmur. Bu, süd vəzisinə nə kanserogen təsir göstərmir, nə də gələcəkdə süd vermə ilə bağlı problem yaradır. Sadəcə laktasiya dövründə analarda bir az süd vəzisinin həcmi artır, sonra yenə də yığışır. Bununla yanaşı bu cür əməliyyata gələn bütün pasientlərimizi onkoloq-mamoloqun konsultasiyasına göndəririk. Orada ultrasəs müayinəsindən keçir. Lazım olarsa, mamoqrafiya olunur. Hər hansı fibralgioma, böyük ölçülü kista, yaxud xoşxassəli, bədxassəli şişə rast gəlinərsə, əməliyyatı icra etmirik.
– Pasientləriniz arasında tanınmış şəxslər var?
– Hazırda məşhur, vəzifədə olan pasientlərimiz var. Amma biz onları tam anonim formada elə əməliyyat edib yola salırıq ki, heç kimin xəbəri olmur, məxfilik tam qorunur. Onu da deyim ki, artıq plastik-estetik əməliyyat bir dəb halını aldığına görə, bunu heç kim gizlətmir. İnsanlar açıq-aşkar gəlir, problemi, kompleksi varsa, aradan qaldırırıq, gedir.
– Bəs cinsi azlıq nümayəndələri necə?
– Bəli, cinsi azlıq nümayəndələri də müraciət edir. Onlar adətən süd vəzisinə implant qoyulması, yaxud süd vəzilərinin kiçildilməsi, həmçinin liposaksiya, popo düzəltmək üçün üçün müraciət edirlər.