hostel

Bakı hostellərində insan alveri gedir?

Baxış sayı: 367

Turizm fəaliyyəti üçün lisenziya tələb olunmur və xüsusi dövlət nəzarəti yoxdur. Bunu hostellərə nəzarətlə bağlı sorğumuza cavabda Dövlət Turizm Agentliyindən bildiriblər.

Qeyd edək ki, bu günlərdə deputat Tahir Kərimli Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında hostellərin sayının artmasından narahatlığını ifadə edib. Millət vəkili deyib ki, ölkədə hostellərin sayının artması ilə bu sahədə nəzarətsiz hallar müşahidə edilir. Onun sözlərinə görə, Azərbaycanda hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur.

“Hesab edirəm ki, bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nəzarət tədbirləri daha da gücləndirilməlidir” – Tahir Kərimli bildirib.

Qeyd edək ki, hostellər mehmanxana və mehmanxana tipli obyekt hesab olunduğundan, onların ayrıca statistikası aparılmır.

Ceyhun Asurov

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirir ki, hostellər təsnifləşdirmədən keçmədiklərindən sahibkarlıq subyekti kimi vergi qeydiyyatından keçərək VÖEN əsasında qalma yeri kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycana gələn turistlər arasında hostellərdə qalanlar azdır. Hostellər əsasən tələbələr və paytaxta birgecəlik gələnlər üçün sərfəlidir:

“Hostellər daha çox saathesabı və gecələmə yerləri sayıldığından, bu tip yerlərə turistlər çox az maraq göstərir”.

“Turistlər hotelə gələrkən öz şəxsiyyət vəsiqələrini, pasportlarını təqdim edərək qeydiyyatdan keçirlər. Hostellərdə isə qeydiyyat tələb olunmur” – Ceyhun Aşurov bildirib.

C.Aşurov onu da bildirir ki, hostellər qeydiyyata alınsa da, onların ulduz təsnifatlaşdırılmasına keçməsinə ehtiyac duyulmur.

C.Aşurov Bakıda mərkəzdə yerləşən hostellərə təlabatın çox olduğunu söyləyir: “Hostellər ucuz olduğundan, paytaxta birgünlük gələn qonaqlar daha çox hostellərə üstünlük verirlər”.

Qeyd edək ki, Bakıda hostellərin qiyməti 14 manatdan başlayır.

“SAHIL Hostel & Hotel”-dən bildiriblər ki, günlük qalma qiyməti 14 manatdır. Hosteldən gələn qonaqlardan yalnız şəxsiyyət vəsiqəsi tələb olunur:

“Hostelimizdə iki nəfərin qalması üçün otaqlar mövcuddur. Belə otaqlarda ayrıca hamam da var. Hotel tipli otaqlarda qadın və kişi qala bilər. Onlardan bunun üçün nikah şəhadətnaməsi tələb olunmur”.

Əlaqə saxladığımız digər hostellərdən də bildirdilər ki, orada gecələyənlərin ər-arvad olub-olmadığını sübut etməsinə ehtiyac yoxdur. Gələn qonaqlardan belə bir sənəd tələb olunmur.

DİN-dən isə bildirdilər ki, hostellərdə insan alveri ilə bağlı müraciətlər qeydə alınmayıb. Hostellərdə hər hansı cinayət hadisəsi baş verərsə, polis ora baxış keçirə bilər. Əks halda hostellərə daxil olub orada qalanların kimliyini yoxlamaq doğru deyil.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir