stop

Bu məkanlara giriş qadağandır

Baxış sayı: 566

Planetimizdə  elə yerlər var ki, müxtəlif səbəblərdən ziyarətçilər üçün  əlçatmazdır. Bu yazıda məhz belə məkanlardan  bəhs edilir.

 

Kofun kurqanı – Yaponiya

Bu süni adalarda imperator ailəsinin qədim məzarları yerləşir.  Dünyanın ən böyük kurqanı sayılan Kofun  400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli  və ya üfiqi vəziyyətdə yerləşirlər. Bəzi kurqanların ətrafında xəndəklər qazılmışdır. Bu yer  nadir hallarda arxeoloqlar tərəfindən ziyarət edilə bilər, o da  imperator məhkəməsinin icazəsi ilə.

 

Şimali Sentinel adası- Hindistan

Hindistanda yerləşən Şimali Sentinel adası əsrlər boyu sivilizasiyadan təcrid edilib. İnkişafdan qalmış bu adada 400-ə yaxın sakin yaşayır.  Bu insanlar bu günə qədər  dünyada baş verən hadisələrdən xəbərsizdirlər. Onlar kənar şəxslərlə bütün əlaqələri kəsirlər və adaya gələnləri gördükcə qorxurlar . Hətta bir neçə dəfə adanı müşahidə etmək üçün gələn elmi qruplara hücum da etmişdilər. Qəbilənin sakinlərinin  bu hərəkətlərinə görə Sentinel adası tamamilə kəşf olunmayıb.  Hindistan hökuməti  adanın təbii gözəlliyi pozulmasın deyə, bura gələn müşahidəçilərin adaya ayaq basmasına  qadağa qoyub.

 

Ərazi 51- ABŞ

Rəsmi olaraq bütün dünyaya bu məxfi zonanın mövcudluğu yalnız 2013-cü ildə məlum olub. 51-ci zona Nevada ştatında, səhrada yerləşir. Filmlərdə belə adı çəkilən  bu məkan  ABŞ- məxfilik simvoludur. Orada baş verənlər haqqında heç vaxt heç kim heç nə öyrənə bilməyib.  Deyilənlərə görə, bu məkan  ABŞ Hərbi Hava Qüvvələrinin bazasıdır və burada ən qabaqcıl təyyarələr hazırlanır.  Bu əraziyə giriş qadağandır. Hətta ərazini qoruyan əsgərlərə kimliyindən asılı olmayaraq buraya icazəsiz girmək istəyəni vurmaq səlahiyyəti verilib.

 

Sion Müqəddəs Məryəm kilsəsi- Efiopiya

Bu  ibadətgahda məbədin əsas hissəsi  sayılan  Əhd sandığı yerləşir. Yalnız xüsusi tutulan  relikt qoruyucusu olan insan bu əraziyə daxil ola bilər. Həmin insana  məbədi tərk etmək və ya  insanlarla ünsiyyət qurmaq  qadağandır.

 

BT Tower televiziya və radio stansiyası ( BT qülləsi) – Böyük Britaniya

1971-ci ildə qüllədəki partlayışdan sonra fırlanan restoran və müşahidə göyərtəsi ictimaiyyət üçün bağlandı. Vaxtaşırı burada  xeyriyyə tədbirləri keçirilir.  Burada  ehtiyacı olan insanlara bir çox maliyyə yardımları edilir.

 

Xəyallar  şəhəri Varoşa – Kipr

Bu ərazi Kiprin ən məşhur turizm məkanı olmuşdu. Lakin 1974-cü ilin iyulunda hər şey dəyişir.  Şəhər türk qoşunları tərəfindən işğal olunduqdan sonra  sakinlər təxliyə edilir. O vaxtdan bəri şəhər hasarla əhatə olunur və türk ordusu tərəfindən qorunur.

 

Pionen Məlumat Mərkəzi- İsveç

İsveçin tanınmış “Bahnhof” internet provayderinin məlumat mərkəzlərindən biri olan “Pionen” İsveçin paytaxtı Stokholmda yerləşən nüvə qərargahıdır. “Albert France-Lanord Architects” adlı memarlıq şirkəti tərəfindən ofis şəklində dizayn edilən “Soyuq Müharibə” dövründən  qalma bu nüvə qərargahı yerin 30 metr dərinliyində yerləşir. “Pionen” məlumat mərkəzinin girişi isə 40 sm qalınlığındakı polad qapı vasitəsilə qorunur.

 

Lasko mağarası- Fransa

Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri olan  mağaranı “ibtidai icma quruluşunun Sikstin kapellası” da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur və onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən, Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir. Bu məkana qiriş qadağandır.

 

 Sable adası – Kanada

Sable Atlantik okeanında yerləşən  qumlu adadır.  Burada  cəmi on nəfərə yaxın adam yaşayır. Onlarda əsasən meteoroloji stansiyanın əməkdaşlarıdır. Ada batmış gəmilərin məzarlığıdır.  1800-ci ildən başlayaraq  adanın  yaxınlığında 350-yə yaxın gəmi qəzası qeydə alınıb. Sable unikal təbiətinə görə qoruq elan edilmişdir. Onu ziyarət etmək üçün Kanada hökumətinə ərizə yazmaq və belə bir səfərin zəruriliyini sübut etmək lazımdır.

 

İse məbədi- Yaponiya

Eramızdan əvvəl 4-cü əsrdən bəri mövcud olan Yaponiyanın ən müqəddəs ziyarətgahı Günəş ilahəsi Amaterasuya həsr olunub.  Buraya giriş ciddi şəkildə məhdudlaşdırılıb. Məbədin ərazisinə yalnız kahinlər və imperator ailəsinin üzvləri daxil ola bilər.  Qalan insanlar  isə onu 4 metr uzunluğunda olan  taxta hasarların arasından görə bilərlər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir